AFR-nin cavabları çətin ki, İrəvanın ürəyincə olsun…
AFR-nin cavabları çətin ki, İrəvanın ürəyincə olsun.
Qarabağda müntəzəm erməni ordusu dayanıb, Ermənistanın işğal edilmiş Azərbaycan torpaqlarını qaytarmağa hazırlığı isə danışıqlarda əsas irəliləyiş zəmanətidir, – rəsmi Berlin hesab edir.
Oxu.Az xəbər verir ki, bu barədə məqalə “Vestnik Kavkaza” dərgisində yer alıb.
“Məqalədə qeyd olunur ki, Almaniya Federativ Respublikası (AFR) hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsi üzrə cavabları çətin ki, İrəvanın ürəyincə olsun.
AFR XİN rəhbəri Frank-Valter Ştaynmayerin əsas mövzulardan birinin Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi olacaq İrəvan və Bakı səfərindən öncə Almaniya hökuməti Die Link fraksiyasının erməni-Azərbaycan münaqişəsinə dair suallarını cavablandırıb və dərc edib.
Parlamentarilərin rəsmi Berlinin kimi Dağlıq Qarabağ münaqişəsi tərəfləri hesab etməsi barədə suala cavab belə olub:
“Federal hakimiyyət Dağlıq Qarabağ münaqişəsini Ermənistan və Azərbaycan Respublikaları arasında dövlətlərarası münaqişə kimi nəzərdən keçirir”. Bununla da Almaniya açıqca bildirib ki, erməni diplomatiyasının uzun illər boyu Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın “Qarabağ xalqına” qarşı müharibəsi kimi qələmə verməyə çalışmasının avropalılara heç bir təsiri olmayıb.
Bundan başqa, növbəti suala AFR hökuməti yazır: “Qondarma “Dağlıq Qarabağ Respublikasının” “özünümüdafiə qüvvələri”nin 23 min əsgəri var. Onların 8 mini müntəzəm Ermənistan ordusunun hərbçiləridir. “Özünümüdafiə qüvvələrinin” əsas hissəsi Ermənistandan gələnlərin hesabına yığılır. Beləliklə, Berlin açıq mətnlə bəyan edib ki, Qarabağın “özünümüdafiə ordusu” – Ermənistanın müntəzəm ordusunun gizləndiyi pərdədən başqa bir şey deyil.
AFR hakimiyyəti həmçinin, Azərbaycan və Ermənistanın hərbi xərclərinə dair konkret statistik göstəricilər təqdim edir. Bu göstəricilərdən isə aydın görünür ki, İrəvanın hərbi xərcləri büdcə ilə müqayisədə Bakının büdcəyə uyğun olaraq hərbi xərclərindən artıqdır.
2009-cu ildə Azərbaycanın hərbi xərcləri büdcənin 9,7%-ni, 2010-cu ildə – 8,7%-ni, 2011-ci ildə – 13,5%-ni, 2012-ci ildə – 12,7%-ni, 2013-cü ildə 11,04%-ni təşkil edib. Ermənistanda isə hərbi xərclər 2009-cu ildə ölkə büdcəsinin 12%-ni, 2010-cu ildə 17,2%-ni, 2011-ci ildə 16%-ni, 2013-cü ildə – 15,5%-ni və 2014-cü ildə – 15,6%-ni təşkil edib.
Qeyd etmək lazımdır ki, erməni tərəfi müntəzəm olaraq beynəlxalq meydanlarda “Azərbaycanın kütləvi hərbi hazırlığı” barədə mövzu qaldırır, amma almanların apardığı tədqiqat göstərir ki, ermənilər öz hərbi qüvvələrinin möhkəmləndirilməsinə daha çox vəsait sərf edirlər.
Die Linke partiyası həmçinin 2010-cu ildə Ermənistan və Rusiya arasında hərbi müqavilənin uzadılmasının, Dağlıq Qarabağda təhlükəsizliyə zəmanət verəcəyi barədə sual ünvanlayıb. Cavabda alman hökuməti bildirib ki, bu müqavilənin şərtlərinə görə o yalnız Ermənistan ərazisində qüvvədədir.
Rəsmi Berlin həmçinin “Madrid prinsipləri” əsasında aparılan danışıqlarda aktual və faktiki olaraq çıxılmaz vəziyyətə də toxunub. “Əgər erməni tərəfi Dağlıq Qarabağ ətrafında işğal olunan ərazilərin heç olmasa bir hissəsini azad etmək üçün real hazırlığı nümayiş etdirsə, bu, Almaniya Federal Hakimiyyətinin dəyərləndirmələrinə görə Azərbaycanın qalan Madrid prinsipləri ilə razılaşmasına zəmanət yaradacaq”, – Berlində hesab edirlər.
Qarabağ hakimiyyəti tərəfindən Xocalı aeroportunun açılması ehtimalı ilə bağlı suala gəldikdə AFR hakimiyyəti faktiki olaraq ATƏT-in Minsk qrupunun həmsədrlərinin mövqeyini təsdiqləyib, hesab edirlər ki, Ermənistan və Azərbaycan regionda vəziyyəti kəskinləşdirəcək bütün fəaliyyət növlərindən imtina etməlidirlər.
Federal hökumət həmçinin Dağlıq Qarabağda insanların həyat tərzinin çox aşağı səviyyədə olmasını qeyd edir.
“Orada yaşayanlar ağır vəziyyətdədirlər, onlar yalnız elementar ictimai xidmətlərdən belə istifadədə məhduddurlar”, – sənəddə deyilir.
Alman hökuməti həmçinin qeyd edib ki, Dağlıq Qarabağda və ətraf rayonlarda yerləşən Azərbaycan qəbirləri lazımi vəziyyətdə qorunmurlar, xatirə və identivliyin formalaşması yeri kimi silinmək riski altındadırlar”.