Azərbaycana 192 milyon dollarlıq sərmayə

“İndiyədək 350 min kənd əhalisi İFAD tərəfindən maliyyələşdirilmiş layihələrdən faydalanıb”…

“İndiyədək 350 min kənd əhalisi İFAD tərəfindən maliyyələşdirilmiş layihələrdən faydalanıb”.

Azərbaycanda kənd təsərrüfatı sektorunun gələcək inkişafını layihələndirmək məqsədi ilə bu gün Bakıda “Strategiyanın təhlili” adlı ikigünlük seminar başlayıb.

Oxu.Az xəbər verir ki, BMT-nin Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu (İFAD) tərəfindən təşkil olunan tədbirdə donorlar, inkişaf sahəsi üzrə mütəxəssislər, vətəndaş cəmiyyəti üzvləri və dövlət rəsmiləri qatılıblar.

Məqsəd kənd təsərrüfatı sektorunun daha da gücləndirilməsi, kənd yerlərinin inkişafı üzrə aparılan tədbirlərin dəstəklənməsi vasitəsilə kəndlərin inkişafı, iş yerlərinin və güclü kənd icmalarının yaradılmasını stimullaşdıran istiqamətlərin və alətlərin müəyyən edilməsi barədə fikir mübadiləsi aparmaqdır.

Kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib ki, Azərbaycana son 15 ildə İFAD tərəfindən 192,4 milyon dollar sərmayə qoyulub. Bu, minlərlə insanın işlə təmin olunmasına, regional inkişafa xidmət edib. İFAD Azərbaycanda kənd təsərrüfatının yeni inkişaf strategiyasının müəyyənləşməsində mühüm rol oynayır.

İFAD-ın Yaxın Şərq, Şimali Afrika, Mərkəzi Asiya və Avropa Bölməsinin direktoru xanım Xalidə Bouzar deyib ki, indiyədək 350 min kənd əhalisi İFAD tərəfindən maliyyələşdirilmiş proqramlardan və layihələrdən faydalanıb. İFAD-ın 67,4 milyon ABŞ dolları məbləğində qoyduğu ümumi sərmayəyə əlavə 125 milyon dollar da əlavə olunub. İFAD-ın tərəfindən maliyyələşdirilən növbəti proqramlar və layihələr heyvandarlıq sektorun inkişafına yönəldiləcək. Əminik ki, bu, keyfiyyət və gigiyena standartlarına diqqət yetirməklə ənənəvi təsərrüfatçılıq təcrübələrinin yaxşılaşdırılması ilə nəticələnəcək.

Xatırladaq ki, İFAD-ın Azərbaycanla tərəfdaşlığı 1997-ci ildən başlayıb (ANS PRESS).

www.oxu.az