Sensasiyalı açıqlama: Amerikalılar İŞİD-i necə yaratdılar

Və beləcə, İŞİD-in doğuluşu başlandı…

Və beləcə, İŞİD-in doğuluşu başlandı.

İraqın cənubu, Bukka şəhəri. Şəhər kənarındakı böyük “Camp Bucca” həbsxanası. Dünyanın indi “İraq və Şam İslam Dövləti” (“Əd Dövlə əl İslamiya fil İraq və əş Şam”, İŞİD) kimi tanıdığı terror hərəkatı burada doğuldu, “İslam Xilafəti” qurduqlarını deyən təkfirçilərin “ideya ataları” məhz burada ilk planlarını hazırladılar. 

İŞİD-in lideri Əbubəkr əl Bağdadi “Camp Bucca”da 5 il həbsdə olub.
 
Suriya və İraqın xeyli ərazisini ələ keçirmiş terror hərəkatının liderinin əlaltıları Əbu Müslüm əl Türkməni, Əbu Luey, Əbu Qasem, Əbu Curnas, Əbü Şəma və Əbu Sücə də məhz bu həbsxanada cəza çəkiblər, “Camp Bucca”a sözləşərək birləşiblər.

Və ən paradoksalı da odur ki, İŞİD-in yaranmasında ABŞ-ın müstəsna rolu olub.

Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, 8 il ABŞ-ın xüsusi təyinatlı hərbi birləşmələrində xidmət edən, indisə nüfuzlu hərbi ekspert olan Endryu Tompsonla Ostindəki Texas Universitetinin professoru, çox məşhur “Liberty’s Surest Guardian: American Nation-Building from the Founders to Obama ” kitabının müəllifi Ceremi Surinin The New York Times-da dərc olunmuş “How America Helped ISIS” (“ABŞ İŞİD-ə necə yardım etdi”) adlı yazısında İŞİD-in təşəkkül tapmasından və bu bəlalı prosesdə Birləşmiş Ştatların rolundan bəhs olunur.

Müəlliflər yazırlar: “İraqda prezident Səddam Hüseyn devriləndən və iqtidardakı BƏƏS partiyasının hakimiyyəti darmadağın ediləndən sonra on minlərlə hərbçi, məmur, habelə Səddamı dəstəkləyən insanlar amerikalıların iqtidara gətirdikləri yeni fiqurların kölgəsində qaldılar. Onlar işsiz, ümidsiz, perspektivsiz insanlardılar və illər keçdikcə qəzəbli kütləyə çevrildilər. İraqdakı sünnilərin “işğalçılar” adlandırdıqları amerikalılara və “kuklalar” dedikləri Bağdad hakimiyyətinə nifrəti belə yarandı. Kiçik qruplar formalaşdı, müqavimətə start verildi. Və onda biz amerikalılar çox kobud, ciddi səhvə yol verdik. Prosesləri araşdırmaq, baş verənlərin mahiyyətini anlamaq əvəzinə savaş yolunu seçdik. İraqda əlavə həbsxanalar yaradıldı, sünni tayfa liderləri, sabiq BƏƏS-çilər, hərbçilər, din xadimləri və s. tutuldular. “Camp Bucca” da belə həbsxanalardan biri idi.

Lakin o məkan İraqın mövcud hakimiyyətindən narazıların təmərküzləşdiyi siyasi mərkəzə döndü və İŞİD də beləcə yarandı. Göründüyü kimi, İŞİD-in formalaşmasında ABŞ-ın müstəsna əməyi olub.

Ən kobud səhv terrorçular və radikal islamçıların adi məişət cinayətləri işləmiş adamlarla bir saxlanması oldu. Təbii ki, təcrübəli, təbliğatı əla bilən adamlar sıravi məhbusları qısa müddətdə öz tərəflərinə çəkdilər. İŞİD-in ilk qrupları, “bel sütunu” belə yaranırdı.
 
2003-cü ildə İraqda həbs olunan sünni terrorçuları necə gəldi, ağzına-bozuna baxmadan həbsxanalara atan amerikalılar tələsirdilər. Hərbçilər iraqlılar və İraqda amerikalılarla döyüşməyə gəlmiş xarici ölkə vətəndaşlarının həbslərini sənədləşdirməyə, onların hər birini dindirməyə çalışsalar da, proses xaotik forma alırdı. Döyüşlərin intensivləşməsi, ərəb dilini bilənlərin azlığı və savaş gedişata ciddi təsir edirdi.

O vaxtlar İraqda sadəcə, şübhəli baxış yetərdi ki, amerikalı hərbçilər küçədə adamı tutub dəmir barmaqlıq arasına atsınlar. Ölkədə 26 min adam həbs olundu. 100 mindən artıq iraqlı “Camp Bucca”, “Camp Cropper” və “Camp Taji” həbsxana-düşərgələrdən keçirildilər.

Vaxt azlığından, tələskənlikdən adi cinayətkarlar, qəddar terrorçular və şübhəli şəxslər yalnız təriqət mənsubluğuna görə bölünmüşdülər. Bu isə ekstremistlərə çox rahat təbliğat imkanları yaratdı.

İŞİD-in ilk “Şəriət məhkəmələri” də Bukkada oldu.

Həbsxanalardakı məhbusların radikallaşmalarını amerikalı generallar görürdülər, amma bu bəlanın qarşısını almaq üçün heç nə etmədilər.

“Camp Bucca” həbsxanasında məhbuslar artıq “kafirlərə qarşı cihad”ı təbliğ edən radikalları dinləməyə məcbur olunurdular. Məhbusların əksəriyyəti savadsız, yaxud da İslamı yaxşı bilməyən adamlar olduqlarından eşitdiklərinə asanlıqla inanır, təsir altına düşür, təhlükəli təbliğata uyurdular. Bir qədər də keçdi, gələcək İŞİD-in ideoloqları və onların əlaltılarının qəzəbinə gəlməkdən qorxan yüzlərlə məhbus həbsxanada tibbi yardımdan və peşə kurslarından imtina etməyə başladı. Onlar “Şəriət məhkəmələri”ndən qorxurdular.

Amerikalıların İraqda yaratdıqları həbsxanalar artıq virtual terror universitetlərinə çevrilirdilər.

Bu “universitet”lərdə ekstremistlər və radikal islamçılar “professor”lar, məhbusların əksəriyyəti “tələbələr”, amerikalı hərbçilər isə müşahidəçilərdi.

Durum 2007-ci ildə, İraqdakı amerikalı hərbçilərin həbsxanalardakı situasiyaya daha çox diqqət ayırmağa və yayılan bəlanın qarşısını almağa çağırmağa başlamaları ilə dəyişməyə başladı. Həbsxanalarda radikalları adi məhbuslardan ayırırdılar. Məhbuslara dərslər keçilir, mülayim İslam öyrədilirdi.

Amma artıq gec idi.

Həbsxanalar özlərini “əmir” adlandıranların faktiki nəzarətində idi. Məhbuslar onlara tabe idilər. İş o yerə çatmışdı ki, məhbuslar “Şəriət məhkəmələri”nin qəzəbinə gəlməmək üçün televizora baxmaqdan, hətta stolüstü tennis oynamaqdan imtina edirdilər. Radikallar “yolunu azan” məhbusları vəhşicəsinə döyürdülər. Döyülən məhbus müqavimət göstərəndə isə “dava saldığı üçün” amerikalı nəzarətçilər onu cəzalandırırdılar.

Bu azmış kimi, İraqdakı məhkəmə sisteminin yarıtmazlığı və ABŞ-ın da məxfi məlumatları bölüşmək istəməməsi ucbatından çox təhlükəli radikalların çoxu həbsxanalardan azad olundular.

Məsələn, İŞİD-in indiki lideri Əbubəkir əl Bağdadi 5 il həbsdə olandan sonra buraxılmışdı.

ABŞ radikalların bəzilərini edam etmişdi. Amma çox radikal İraq ədliyyə sisteminə təhvil verilmişdi. Birləşmiş Ştatlar İraqdan qoşunlarını çıxarandan sonra radikallar İraq məhkəmələrinin ümidinə qaldılar.

Və beləcə, İŞİD-in doğuluşu başlandı.

ABŞ baş verənlərdən nəticə çıxarmalı, İraq və Suriyadakı antiterror kampaniyalarında ciddi isdahatlar aparmalıdır. Vaşinqton anlamalıdır ki, böyük həbsxanalar yalnız kütlənin radikallaşmasına, zorakılığın artmasına səbəb olur. İraq və Suriyadakı həbsxanalar indi faktiki olaraq vəhhabi terrorçuların “hazırlıq kursları”, “universitet”ləridir.

Birləşmiş Ştatlar regiondakı tərəfdaşları ilə danışıqlar apararaq radikallarla mötədil müsəlmanların bundan sonra da bir tutulmasının qarşısını almalı, kiçik cinayətlər törətmiş insanların dərhal həbsxanalara atılması praktikasına son qoyulmasına nail olmalıdır.
 
Yaxın Şərqdə insanların kütləvi həbsləri davam edərsə, terrorçuların sayı daha da artacaq.

 

/Oxu.az/