Dağlıq Qarabağ üçün yeni təklif: “Madrid prinsipləri” natamamdır”

Ermənistanın Azərbaycana qarşı fitnəkar hərəkətləri davam edir. Son günlər erməni tərəfi mütəmadi olaraq atəşkəsi pozmaqla Bakını növbəti təxribata çəkməyə cəhd edir…

Ermənistanın Azərbaycana qarşı fitnəkar hərəkətləri davam edir. Son günlər erməni tərəfi mütəmadi olaraq atəşkəsi pozmaqla Bakını növbəti təxribata çəkməyə cəhd edir. Son genişmiqyaslı təxribat Ermənistan helikopterlərinin Azərbaycan hava məkanını pozması ilə yadda qaldı.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın “Vestik Kafkaza” saytı yazıb. Sayt Dağlıq Qarabağ ətrafında son vəziyyətlə bağlı rusiyalı siyasi ekspert Sergey Markedonovun fikirlərini təqdim edib.

Siyasi ekspert Dağlıq Qarabağ münaqişəsinin həllinə tərəflərin yanaşmasını xatırladıb: “Hər iki tərəf öz yanaşması ilə fərqlənir. Ermənistan “böyük Ermənistan”  xülyaları ilə Qarabağın özünə birləşdirilməsini düşünür. Bunun üçün ilk növbədə öz müqəddəratını təyin etmə prinsipini əsas götürərək bu ərazidə separatçı qondarma rejim yaradıb. Azərbaycan isə haqlı olaraq ərazi bütövlüyünün bərpasını tələb edir. Rəsmi Bakı hətta Xankəndidə, Şuşada bayrağını qaldıracağını tez-tez dilə gətirir. Münaqişənin həlli istiqamətində perspektivlər müxtəlifdir. Münaqişənin həllində “Madrid prinsipləri” əsas götürülür. Halbuki burda bir çox məsələlər sual altındadır. Misal üçün, Dağlıq Qarabağın statusu haqda “Madrid prinsiplərinin” son bəndində referendum keçirilməsi nəzərdə tutulur. Lakin bu referendum yalnız Dağlıq Qarabağ ərazisində keçiriləcək, yoxsa işğal edilmiş ətraf rayonlar da bura daxildir? Hansı qaçqınlar bu referendumda iştirak edəcək? Yəni, ətraf rayonlardan olan qaçqınlar referendumda iştirak edəcəkmi? Bu prinsiplərdə bir tərəfdən Azərbaycanın ərazi bütövlüyündən bəhs edilir, digər tərəfdən Dağlıq Qarabağı Ermənistana birləşdirəcək Laçın dəhlizindən danışılır. Natamam yanaşmalar çoxdur. Bu da Bakı və İrəvandan müxtəlif yanaşmalara gətirib çıxarır”.

Onun sözlərinə görə, Qarabağın hazırkı statusu fonunda referendumun nəticələri İrəvanın maraqlarına xidmət edir: “Bu isə heç də obyektiv deyil”.

“Vesti Kavkaza” qeyd edir ki, erməni tərəfinin təkliflərindən biri Qarabağda yaşayan erməni icmasının danışıqlarda iştirakı olub. Təklifdə Qarabağdan zorla çıxarılmış Azərbaycan qaçqınlarının nümayəndələrinin iştirakı nəzərdə tutulmadığından, sənəd rədd edilib: “Ermənistanın qondarma “DQR” danışıqlarda tərəf kimi iştirak istəyi təkcə qəbuledilməz yox, həm də qəribədir. Çünki bu qondarma rejimi dünyanın heç bir ölkəsi tanımır”.

S. Markedonov bu məsələyə diqqət çəkərək İrəvanın yanaşmalarının hər kəsin gözü önündə qərəz nümayiş etdirmək kimi qiymətləndirib: “Bakı haqlı olaraq bunu qəbul etmir. Lakin burda bir məqam da var. Dağlıq Qarabağın hər iki icması proseslərdə iştirak etməlidir. Çünki bu bölgənin gələcəyi onlardan asılıdır. Bakı da bunu dəstəkləyir. Çünki erməni icması faktiki olaraq onun vətəndaşlarıdır. Lakin İrəvan daim özünəməxsus manevrlərlə məsələdən qaçır”.

Lakin ekspert münaqişənin həllini yalnız Bakı və İrəvanın özünün bacaracağını düşünür.

“Vaşinqton və Moskva bu məsələni Bakı və İrəvanın istədiyi vaxt və arzusuna uyğun həll edə bilməyəcək. Həll variantının praqmatik düsturunu tapmaq lazımdır. Vaxtilə Misirlə İsrail də müharibə etdi, qaçqınlar, itkilərlə qarşılaşdı. Lakin sonda praqmatik həll variantı tapıldı. Məncə, bu, prioritet olmalıdır”, – deyə ekspert vurğulayıb.

 

/Publika/