Fransızlar “Azersky” peykini Azərbaycana təhvil verdilər

1 günə 6 milyon kvadrat kilometr ərazini kosmosdan çəkmək imkanı…

1 günə 6 milyon kvadrat kilometr ərazini kosmosdan çəkmək imkanı.

Azərbaycan və Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində bu ilin iyun ayında orbitə çıxarılmış və yeni adı “Azersky” olacaq “Spot 7” yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki bu gün Azərbaycanın milli peyk operatoru “Azərkosmos” ASC və Fransanın “Airbus Defence and Space” şirkəti arasında imzalanmış müqaviləyə əsasən “Azərkosmos” ASC-yə təhvil verilib.

Bu barədə Oxu.Az-a Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildiriblər.

Məlumata görə, iki tərəf arasında imzalanmış müqaviləyə əsasən “Azərkosmos”a məxsus “Azersky” və “Airbus Defence and Space” şirkətinə məxsus “SPOT 6” yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki hər iki şirkətin daha yüksək xidmət göstərməsi üçün peyk toplusu formasında birgə istifadə olunacaq. Həmçinin, Azərbaycanda quraşdırılacaq yerüstü stansiya “Azərkosmos” ASC-yə kommersiya hüquqları “Airbus Defence” and “Space” şirkətinə məxsus çox yüksək ayırdetməli Pléiades 1A və 1B (0.5 m ayırdetmə) peyklərindən istifadə imkanı yaradacaq.

Bu peyk toplusu Yer səthinin məsafədən müşahidəsi üçün istifadə olunan tətbiqlərə geniş imkanlar yaradır və ən yeni peyk görüntülərini indiyə qədər mümkün olmayan cəldliklə əldə etmək imkanı verir. “Azersky” və “SPOT 6” peyk toplusu bir gün ərzində 6 milyon km2 ərazinin şəklini çəkə bilir ki, bu da Fransanın ərazisindən 10 dəfə böyükdür. Bu o deməkdir ki, Yer kürəsinin hər bir nöqtəsi hər gün “Azersky” və “SPOT 6” peykləri tərəfindən yüksək ayırdetmədə müşahidə oluna bilər.

www.oxu.az