Britaniyalılar Azərbaycanda metro tikmək istəyirlər

İlham Əliyev görüş keçirib…

İlham Əliyev görüş keçirib.

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 2-də Böyük Britaniya Baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə ticarət elçisi, parlamentin üzvü Çarlz Hendrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu və dinamik inkişaf etdirildiyini vurğuladı.

Prezident İlham Əliyev Böyük Britaniya şirkətlərinin ölkəmizdə qeyri-enerji sektorunun inkişafında fəal iştirak etməsindən məmnunluğunu bildirdi və bunu tərəfdaşlığımızın yaxşı əlaməti kimi dəyərləndirdi.

İlham Əliyev Çarlz Hendrinin Bakıda keçirilən “BakuTel 2014” telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirakının önəmini vurğuladı. Azərbaycan Prezidenti ölkələrimiz arasında neft-qaz, sənaye, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq üçün böyük potensialın olduğunu dedi.

Bakıda keçirilən “BakuTel 2014” telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirakından məmnunluğunu bildirən Çarlz Hendri bu sahədə əməkdaşlığın gələcək illərdə də davam etdiriləcəyinə ümidvar olduğunu vurğuladı. Çarlz Hendri Böyük Britaniya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən metro tikintisi sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildirdi.

Daha sonra İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının yeni seçilmiş baş katibi Haulin Zaonu qəbul edib.

Görüşdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində böyük uğurların əldə edildiyi vurğulandı, “BakuTel 2014” telekommunikasiya və informasiya texnologiyaları sərgisinin ənənəvi olaraq hər il Bakıda keçirilməsinin və tədbirə olan marağın ildən-ilə artmasının önəmi qeyd edildi, sərginin bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olundu.

Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

www.oxu.az