“Vətən müqəddəsdir”.
Stalik Xankişiyevin Facebook-da “Ermənistan itlər yurdudur” adlı Azərbaycan xalqına açıq məktubuna reaksiya verməyə bilmərəm. Əksər insanlarda “reaksiya vermək” kəlməsi neqativliklə assosiasiya edilir, ona görə də öncədən bildirirəm ki, məktubda hər şeyi bəyəndim. Ümumiyyətlə, hər şeyi. Bu, Azərbaycanı həddən artıq çox sevən, ona sadiq olan və UNESCO-nun lavaşı erməni xalqının qeyri-maddi irsi kimi qəbul etməsinə ağrılı reaksiya verən bir şəxsin bəyanatı idi. Həqiqətən də xoş təsir bağışlamır. Azərbaycan vətəndaşlarının bir çoxları kimi məndə də bu informasiya ikrah və qəzəb doğurdu. Amma, mənim şəxsən Stalik Xankişiyevin açıq məktubda bizə ünvanladığı suallar çox xoşuma gəldi.
Məktubdan çıxarış: “Əgər kimsə bilmirsə, dolmanı, xaşı və lavaşı qitənin yarısında hazırlayırlar, bu yeməklərsiz dil və dini eyni olan qardaş xalqların kulinariyasını düşünmək mümkün deyil? Niyə susurduz, niyə var səsinizlə irsimiz haqqında danışmırdız? Nədir, Azərbaycanda tarixçi, alim, kulinar, sənətçi yoxdurmu? Nəyə görə onların lavaşa olan haqlarını bəyan etmək üçün UNESCO-ya müraciət edib, lazımi zamandan sonra lazımi sənədi almalarına qədər gözləyirdik? Cavab nə olacaq?”.
Bu isə digər maraqlı məqam: “Dünyada neçə Azərbaycan restoranı açılıb? Siz hardasa görmüsüz ki, menyuda “Azərbaycan dolması”, “Azərbaycan bozbaşı, xaşlaması” və s. yazılsın? Amma onlar uzun illərdir ki, bağlamada “erməni lavaşı” yazırlar. Bu da nəticə! Deyim sonra nə olacaq?…”.
Və nəhayət, sonda müəllif öz bəyanatında bildirir ki, “bizdə istedadlar var, amma milli qürur yoxdur”. Bu məsələ üzərində daha çox düşünmək lazımdır, nəinki, “itirilmiş” lavaş haqqında.
Bilirsiz niyə informasiya müharibəsində ermənilərə məğlub oluruq? Çünki biz çoxdan (Böyük İpək yolu dövründən) mədəni qapalılığımızdan yaxa qurtarmışıq, biz digər xalqların mədəniyyətinə neqativ reaksiya vermirik. Biz mədəniyyətlərarası fərq kimi anlayışlara çox hörmətlə yanaşırıq. Xaricə təhsil almağa gedən gənclərimiz, yad mədəniyyətə çox asanlıqla uyğunlaşır, bu uyğunlaşma əsasən xarici dilin, adətlərin, normaların və qaydaları bilməyə deyil, daha çox yad dəyərləri və qaydaları anlamaq marağına əsaslanır.
Biz mədəniyyətlərarası fərqin mövcudluğunu qəbul edirik və buna xoşməramlı yanaşırıq. Ona görə də qərb mədəniyyətinə çox həvəslə uyğunlaşırıq. Və … biz zəifik. Biz rahatıq, hər şeyi boş buraxmışıq. Biz hər kəsi sevirik və olduğu kimi qəbul edirik. Ermənilər isə hər zaman müdafiə mövqeyində olublar. Onlar çox fəal şəkildə bütün dünyaya öz üstünlüklərini, həqiqətən üstünlük qazandıqları üçün bəyan etmirlər, sadəcə onlar bu üsulla müdafiə olunurlar. Onlar tarix boyu, Azərbaycan və digər xalqlardan mənimsədiklərini itirməkdən qorxurlar.
İndi isə onlar oğurladıqlarına sahib çıxmaq uğrunda mübarizə apararaq onları müxtəlif beynəlxalq təşkilatlarda özlərinə məxsus qeyri-maddi irs kimi qeydiyyatdan keçirirlər. Onlar qorxudan hücum edir və müdafiə olunurlar. Bütün cəbhələrdə və hər zaman hücum edirlər. Biz isə rahat oturmuşuq. Sadəcə bizi bu istixana effekti və qeyri-sabit hava şəraiti yorur və biz bir qədər yatmağı qərara almışıq. Yatan aslan… axı biz həmişə güclü olmuşuq, zəngin torpağa və mədəniyyətə malik olmuşuq. Bizi mədəniyyətimizdən kiminsə bir parça qoparmaq istəməsi narahat etmir. Tütək, lavaş – bunlara görə narahat olmağa dəyərmi? Bizim hələ o qədər qeyri-maddi və maddi-mədəni dəyərlərimiz var.
Bəsdir ermənilərdən danışdıq. Onsuz da çöldə hava ürəkaçan deyil. Gəlin, özümüzdən danışaq…
Bizim problemimiz ondadır ki, biz hələ də Azərbaycan-Dövlət və Azərbaycan-Vətən anlayışlarını qarışdırırıq. Bunlar tamamən fərqli anlayışlardır. Dövlət bizim vətəndaş haqlarımızı qorumağı öz üzərinə götürür. Onunla mübahisə etmək, öz haqlarını qorumaq üçün məhkəməyə də müraciət etmək olar. Dövlətdən incimək, mühacir olmaq mümkündür. Vətən üçün isə hamı və hər zaman qan töküb və həyatlarını qurban veriblər. Vətən ilə özünü qurban vermə, qəhrəmanlıq və insan ruhunun digər yüksək amalları bağlıdır. Vətən müqəddəsdir.
Siz indi əksəriyyətimizdə Vətən və dövlət haqqında dəqiq anlayışın olmadığı barədə mübahisəyə başlayacaqsınız? Bax, əgər siz Facebook-da hansısa bir tanışın “məhkəmələrin borcudur”, “dövlət etməlidir”, “MKİ-nin ixtiyarı yoxdur” və s. kimi yazıları görəndə bilin ki, söhbət məhz dövlətdən gedir. Amma “Müharibə olsa getməyəcəm, qoy ora varlıların balası getsin”, “Mənə belə Azərbaycan lazım deyil, o mənə nə verib ki?” yazan insan isə artıq dövlətini yox, Vətənini satır. O, damarlarında axan əcdadlarının qanına xəyanət edir. Bəlkə də o əcdadların arasında bu vətən üçün canını verən heç də az deyil. Bu vətən nə vaxt isə başqa və daha geniş olub… Amma bu elə həmin Azərbaycandır və biz elə həmin əcdadların genlərini daşıyırıq.
Siz mənimlə mübahisə edəcəksiz? Fikirlərim bəzilərinizin xoşuna gəlmədi? Mən tolerantam. İstənilən oxucunu qəbul edirəm. Emosionalını da, qəzəblini də, səbirsizi də. Mən sizlərdən biriyəm, biz isə hamımızıq… Yeri gəlmişkən, biz kimik – etnos, millət ya xalq? Aydınlaşdırıram. Etnos dedikdə şəxsi ibtidai mədəniyyətə malik, o cümlədən dilə mənsub olan müəyyən ərazidə yaşayan insan toplusu nəzərdə tutulur. Bizim etnosun adı azərbaycanlılardır, amma özünüdərk ilə problem var. Bəzilərimiz, bəlkə də əksəriyyətimiz özümüzü bəzən azərbaycanlı deyil, azəri adlandırırıq. Bununla da etnik özünüdərkin üstündən xətt çəkirik.
Bəlkə biz heç etnos deyilik, xalqıq? Yeri gəlmişkən, xalq tayfa quruluşundan daha iqtisadi inkişafın yüksək səviyyəsi, müəyyən iqtisadi quruluşun formalaşması, folklorun mövcudluğu, yəni əsatirlər şəklində xalq yaradıcılığının olması ilə fərqlənir. Hər bir formalaşmış xalq kimi bizim də öz dilimiz (Azərbaycan dili), xüsusi həyat tərzimiz, dini təfəkkürümüz, hakimiyyət institutlarımız və s. var. Mənimlə mübahisə edirsiniz? Bizim əsatirləri digər türk xalqları müzakirə edir, əhalinin müxtəlif təbəqələri arasında yaşayış tərzi köklü şəkildə fərqlənir, dini təfəkkürümüz ilə isə baş verənləri anlamaq çətindir? Onda biz millətik! Bu, etnosun daha inkişaf etmiş formasıdır. Bəli, bizdə həqiqətən dövlətçilik inkişaf edib, həm ölkə daxilində, həm də xaric ilə iqtisadi əlaqələr yardılıb, öz mədəniyyətimiz, dilimiz və əlifbamız var.
Bax, əgər biz millətiksə gəlin, özümüzə hörmət edək və bu yatmış aslanı oyadaq.
Sonda isə plagiat da olsa Stalik Xankişiyevin məktubunun sonluğundan istifadə etmək istəyirəm.
Amma mən istəyirəm ki, mənim uşaqlarım, nəvələrim və bütün gələcək nəslimdə bir qram da olsa Azərbaycan qanı qalsın, qürurla “Mən azərbaycanlıyam!” desinlər.