Ekspert Mərkəzi Bankın valyuta ehtiyatlarının azalmasından danışdı

“Noyabr ayı Qazaxıstan üçün uğurlu olub”…

“Noyabr ayı Qazaxıstan üçün uğurlu olub”.

Gözlənildiyi kimi, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatının azalması noyabrda da davam edib. Noyabr ayında ehtiyatların həcmi 14 milyard 996.3 milyon dollar olub ki, bu da oktyabr ayı ilə müqayisədə 37,3 milyon dollar azdır. Oktyabrda ehtiyatın həcmi 15 milyard 033,6 milyon dollar olub. Ötən ay azalma 0,25% təşkil edib. 

Artıq azalma 4-cü aydır ki, davam edir. İyul ayından başlayaraq ehtiyatların həcmi 1,3% və ya 197,1 milyon dollar azalıb.

Oxu.Az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Samir Əliyev deyib.

Ekspertin sözlərinə görə, digər neft ölkəsi olan Qazaxıstan üçün noyabr uğurlu olub. 

“Qazaxıstanın beynəlxalq ehtiyatları noyabr ayında 0,3% artaraq 105,4 milyarda çatıb. İlin əvvəlindən artım 10,3% və ya 9,9 milyard olub.

Qazaxıstan Milli Bankının qızıl-valyuta ehtiyatı noyabrda 1.2% artaraq 28,6 milyard dollara çatıb. İlin əvvəlində isə artım 15,8% və ya 3,9 milyard dollar təşkil edib”.

Samir Əliyev düşünür ki, neftin ucuzlaşmasından ən çox zərər çəkən Rusiya olub:

“Təbii ki, səbəb həm də bu ölkəyə tətbiq edilən sanksiyalardır. Rusiya valyuta ehtiyatının uğursuzluq zolağı noyabr ayında da davam edib. Noyabrın 21-i tarixinə beynəlxalq ehtiyatın həcmi 1 həftə ərzində 200 milyon dollar azalmadan sonra 420,4 milyard dollara düşüb. Bu, son 5 ildə – 9 oktyabr 2009-cu ildən bəri ən aşağı həddir. 2014-cü ildə Rusiyanın beynəlxalq valyuta ehtiyatları 17,5% və ya 89,2 milyard dollar azalıb. Xatırladaq ki, ölkənin ehtiyatı yanvar ayının 1-i tarixinə 515 milyard 590 milyon dollar təşkil edib”.

Ekspert qeyd edir ki, dünya bazarlarında neftin ucuzlaşması iqtisadiyyatları yaxın olan 3 neft ölkəsinin valyuta ehtiyatına fərqli təsir göstərib.

“Azərbaycanda son aylar müşahidə edilən azalmanı nəzərə almasaq 11 aylıq nəticə pis görünmür. Ancaq son tendensiya narahatedicidir. Qazaxıstan isə ehtiyatlarının tərkibini düzgün diversifikasiya etdiyindən neftin ucuzlaşması onun ehtiyatına mənfi təsir göstərə bilməyib”, – deyə, o bildirib.

www.oxu.az