Demokratiyanın yayılması ABŞ-ın milli mənafeləri kontekstində…
Demokratiyanın yayılması ABŞ-ın milli mənafeləri kontekstində.
Dekabrın 3-də AzərTAc Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin məqaləsini yayıb.
Biz hamımız son 25 ildə dünyanın geosiyasi xəritəsinin necə dəyişməsinin şahidiyik. Şərqi Avropa ölkələrində “məxməri inqilablar” “sosializm düşərgəsi”nin dağılmasının və dünya arenasında qüvvələrin yenidən yerləşməsinin başlanğıc nöqtəsi oldu. Dünyanın yalnız bir mərkəzdən idarə edilməsinin təməli qoyuldu. SSRİ dağılandan sonra ikiqütblü dünya faktiki olaraq bir qütblü dünya ilə əvəz edildi və belə dünyada mövcud olmağın bütün xüsusiyyətlərini biz artıq öz gündəlik həyatımızda hiss etməyə başlayırıq. İstər-istəməz bir faktı xatırlayıram. XX əsrin 80-ci illərinin axırlarında Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasında müxtəlif, o cümlədən xarici ölkələrdən olan politoloqlarla söhbətlərdə dəfələrlə eşitmişdim ki, SSRİ-nin dağılması praktiki olaraq həll edilib və bunun ardınca Yaxın Şərqin “yenidən formatlanması” dövrü başlanacaq. İllər keçdi. “Ərəb baharı” hadisələrini müşahidə edərkən bu qənaətə gəldim ki, kütlələrin şüuruna “üsyan etmək hüququ vətəndaşların hakimiyyətin qəsb edilməsinə müqavimət göstərməsi kimi təbii hüququdur” tezisinin yeridilməsi ilə yanaşı, burada, əlbəttə, mükəmməl hazırlanmış texnologiyalar işləyir. Həmin texnologiyaların müəllifləri və bu cür aksiyaların hazırlanma mexanizmləri yaxşı məlumdur. Bu halda, nə qədər qəribə də olsa, demokratik səsvermə və seçki prosedurları nəticəsində hakimiyyətə gəlmiş hökumətlərə qarşı müqavimət göstərilir.
Hələ SSRİ-nin mövcud olduğu dövrdə Baltikyanı ölkələrə gələn məşhur Cin Şarp vaxtilə Cənub-Şərqi Asiya materialı üzərində işlənib hazırlanan metodların müəllifi və onların sınaqdan çıxarılmasının təşəbbüsçüsüdür. Bu gün onu Vladimir Leninin və Mahatma Qandinin bir növ simbiozu adlandırır və faktiki olaraq “ərəb baharı”nın ideya atası hesab edirlər. Doğrudan da, “müsəlman qardaşlar” və onlara yaxın təşkilatlar Şarpın “Diktaturadan demokratiyaya doğru” və “Qeyri-zorakı hərəkətlərin 198 metodu” kimi əsərlərini ərəb dilinə tərcümə edib kütləvi tirajla nəşr etməkdən əlavə onları öz saytlarında da yerləşdiriblər. Lakin Lenini ruhlandıran ayrıca götürülmüş bir ölkədə kommunizm qurmaq ideyası idisə, Qandi isə passiv müqavimət yolu ilə öz vətəninin müstəqilliyinə nail olmaq istəyirdisə, Şarp ilə bağlı halda biz yüksək ideyalar və ideologiyalar görmürük. Əsas məqsəd dağıtmaqdır. Məhz dövlət maşınının sındırılması xarici qüvvələrin “idarə edilən xaos” deyilən vəziyyət yaratmasına imkan verir. Siyasi ekspertlər hesab edirlər ki, Şarp Qərbin müxtəlif ölkələrinin, xüsusi xidmətlərinin, o cümlədən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin göstərişlərini yerinə yetirir. Aşkar görünür ki, onlar həqiqətdən çox uzaqlaşmayıblar. Bununla belə etiraf etmək lazımdır ki, o, həqiqətən dövlət hakimiyyəti ilə mübarizə arsenalına yeni metodlar və yanaşmalar daxil edib. Nümunə kimi məsələn, bunu xatırlatmaq kifayətdir ki, Qahirədəki Beynəlxalq Qeyri-Zorakılıq Münaqişələr Mərkəzi müxtəlif ölkələrdən olan müxalifətçiləri onun ideyaları ilə tanış etmək üçün onları müvafiq treninqlərə cəlb edirdi. Bu gün politoloqların çoxu qeyd edir ki, “rəngli inqilablar” istənilən regionda təhlükəsizlik üçün təhdid mənbəyinə çevrilir və müstəsna olaraq ABŞ-ı qane etməyən hökumətləri onun nəzarəti altında olan rejimlərlə əvəz etmək məqsədi güdür. Bütün bunlar müxtəlif ölkələrdə, o cümlədən keçmiş SSRİ məkanındakı respublikalarda demokratikləşmə və üzdəniraq “demokratiya proqramları” həyata keçirmək arzusu adı altında baş verir. ABŞ-ın Rusiyadakı sabiq səfiri Maykl Makfl riyakarlıqla deyir ki, bu gün ABŞ Prezidenti Barak Obamanın nümayəndələri “rəngli inqilablar”a sponsorluq etmirlər. Bununla belə, o da etiraf edir ki, ABŞ əvvəllər bu işlə məşğul olurdu. O, Yuqoslaviyadakı “buldozer inqilabı” və sonradan Serbiyada baş verən hadisələrdən bəhs edərək açıq etiraf edir ki, “vəziyyətin sabitliyini pozmaq üçün müxalifətə birbaşa pul verilirdi və bu, öz işini gördü”. Lakin Şarpın texnologiyaları hakimiyyətin iflic olmasını təmin etmək lazım gələndə işə düşürsə, guya Amerikanın siyasi mədəniyyət modelini populyarlaşdıran ictimai təsisatlar şəbəkəsi yaratmaq praktikası bir qədər fərqlidir. Aparılan təhlil göstərir ki, əslində xaricdəki müvafiq strukturlar “Amerika demokratiyası”nın irəlilədilməsi üzrə potensial baxımdan fəal agentə çevrilə biləcək hər kəsin qeyri-hökumət təşkilatları çərçivəsində dəstəklənməsi, öyrədilməsi və təşkil edilməsi ilə məşğul olurlar. Onlar yaxşı bilirlər ki, yalnız müvafiq sayda QHT-lər olduqda, onlar müntəzəm maliyyələşdirildikdə və təlimatlandırıldıqda bu QHT-lərə kafi sayda şəxs cəlb etmək olar. Yalnız bundan sonra müvafiq instansiyalara raport vermək mümkün olacaq ki, bu və ya digər ölkədə “rəngli inqilab” üçün artıq baza yaradılıb. Bundan sonra artıq sınaqdan çıxarılmış sxemlər işə düşəcək. Bu halda ədalət uğrunda mübarizənin qeyri-zorakı metodlarının nə vaxt öz yerini zorakılığa güzəşt edəcəyi və qarşısıalınmaz faciəli nəticələrə gətirib çıxaracağı həddi müəyyən etmək çətindir.
Kütlələrin şüuruna əvvəlcədən “xalqın üsyan etmək hüququ” kimi müəyyən fikirlər yeridilir. Belə bir tezis də yayılır ki, inqilab guya rasional və kortəbii şəkildə baş verən hadisədir, yaranmış ziddiyyətlər düyünündən çıxış yoludur. Lakin “rəngli inqilablar” dövrünü yaşamış ölkələrin təcrübəsi göstərir ki, bu inqilablar həyata keçiriləndən sonra problemlərin və ziddiyyətlərin həcmi qat-qat artır. Biz xalqın hüququ barədə danışanda bu problemin hüquqi aspektlərini təfsilatı ilə öyrənmiş mütəfəkkirlərə müraciət etmək yerinə düşərdi. Bu aspektlər hüquq məsələlərində şəksiz nüfuz sahibi olan İmmanuil Kantın əsərlərində yetərincə aydın şərh edilib.
Hüquq prinsipləri və qiyam
İ.Kant 1793-cü ildə yazılmış “Zərb-məsəl haqqında” əsərində üsyanı “cəmiyyət çərçivəsində ən mənfur və ən ciddi cəzalandırılan cinayət” hesab edir, çünki o, cəmiyyətin əsaslarını dağıdır. O, öz fikrini davam etdirərək yazır: “Xalq öz hüququna bu yolla nail olmaqla ən böyük ədalətsizlik edir, çünki hüquq ən azı təsir göstərmir”1. Bu halda filosof belə hesab edir ki, qiyamların ədalətli olması barədə bütün mülahizələr ona əsaslanır ki, bu halda təsəvvürəgəlməz nemətlər haqqında bütün vədlərə baxmayaraq, “hüquq prinsipi” özü nəzərə alınmır. Məhz bu hüququn pozulması ona gətirib çıxarır ki, hər bir qiyam anarxiya vəziyyəti ilə başa çatır. Beləliklə, yüksək ideallar naminə edilən hərəkətlər xalqın bir hissəsi tərəfindən onun digər hissəsinə münasibətdə törədilən ən böyük ədalətsizliyə gətirib çıxarır. Mütəfəkkirin mülahizələrində iki prinsip qarşı-qarşıya qoyulur: hüquq prinsipi və xoşbəxtlik prinsipi. Paradoks ondan ibarədir ki, məhz bu prinsiplərin saxtalaşdırılması xalqın dövlət hakimiyyətini devirmək hüququ barədə məsələlərdə çaşqınlığa gətirib çıxarır, bu da öz növbəsində xalqın hüququnu kobud şəkildə pozur.
Xalqın istənilən hakimiyyətə, o cümlədən istibdadçı hakimiyyətə müqavimət göstərmək hüququ prinsipini Kantın nəyə görə inkar etməsini təhlil etməyə çalışaq. Kantın arqumentlərini nəzərdən keçirək:
– təbəələr xoşbəxtliyə təbii can atmaq naminə hökmdarı devirmək istəyirlər, lakin “müqavimət hüququnun əsaslandırılması zamanı xoşbəxtliyə istinad etmək prinsipcə yararsızdır, çünki o, təqdim edilən və tələb olunan maddi məqsədlərə aiddir”, onlar isə subyektivdir və deməli, ümumilik çatışmır. Təbəənin vəzifəsi istənilən hakimiyyətə qanuni hakimiyyət kimi tabe olmaqdır;
– dövlət qanunvericiliyində müqavimət göstərmək hüququnun nəzərdə tutulması “dövlətin nüfuzunun ikiləşməsinə” və dövlət hakimiyyətinin vəhdətinin pozulmasına gətirib çıxarardı, çünki o, narazı təbəələrin hakimlərə çevrilməsinə imkan verərdi;
– müqavimət hüququ konstitusiyada ziddiyyət yaradır, çünki müqavimət hüququ mövcud olduqda “qanunverici hakimiyyət başqa bir hakimiyyətə onun qanunvericiliyini, eləcə də onun özünü dağıtmaq hüququ verir. Bu dağıtma dağıdıcı normanın özünün əsasında baş verir, bu isə ziddiyyətlidir”;
– qarşıdurmada istər-istəməz belə bir sual yaranır: hökmdar ilə xalqın mübahisəsində hakim kim olacaq? Hər bir ali hakimə qarşı yeni müqavimət hüququ irəli sürülə bilər, buna görə də biz sonsuzluğa gedib çıxa bilərik;
– xalqın dövlət haqqında mühakimə yürütmək səlahiyyəti yoxdur, çünki o, şəxsi fikirlərlə məhduddur, dövlət təsis edildikdə isə “xalq özünün məcburedici mühakimə səlahiyyətini ona verir”;
– xalqın dövlətə münasibətdə məcburi hakimiyyət hüququ yoxdur, çünki xalq dövlət deyil, amma dövlətin tabeliyindədir;
– müqavimət hüququ yalnız məcburi hakimiyyətə məxsus olmalıdır, o, bütün məcburiyyət hüquqlarını həyata keçirməyə borcludur.
Kanta görə müqavimət yalnız qanuni konstitusiyanı məhv edən müqavimət kimi, bütün mülki-hüquqi münasibətlərin və deməli, istənilən hüququn çevrilişi kimi başa düşülür.Beləliklə, müqavimət hüququ, ilk növbədə, dövlətin konstitusiyası ilə uzlaşmır. Dövlət hakimiyyətinin mümkün qeyri-mükəmməlliklərinə baxmayaraq, onun dəyişdirilməsi üçün müəyyən mexanizmlər mövcuddur. Bu mexanizmlərin hər hansı şəkildə pozulması, ilk növbədə, hüquqi kollapsa gətirib çıxarır. Kanta bu qədər müfəssəl müraciətdən aydın olur ki, hakimiyyətin dəyişdirilməsinin yeni mexanizmləri əhalinin bir hissəsinin hüquqi savadsızlığından istifadə edərək, onun şüuruna hüquq ideyasına tamamilə yabançı fikirlər yeridir. Kantın irsinə müraciətdən aydın olur ki, “xalqın üsyan etmək hüququ” söz birləşməsinin özü yüksək dərəcədə absurddur.
İkili standartlar siyasəti və “beşinci kolon”
Bu il sentyabrın axırlarından başlayaraq, artıq iki aydır ki, dünya bu dəfə Honkonqda növbəti “rəngli inqilab” cəhdinin şahididir. Bu hadisələr bizə bir daha göstərdi ki, dünyada müəyyən qüvvələr onları qane etməyən hakimiyyətin dəyişdirilməsi üçün “rəngli inqilablar”dan istifadə etmək praktikasından hələ imtina etməyiblər. Hərçənd, bu inqilabların bütün mənfi nəticələri və onların doğurduğu hərc-mərclik göz qabağındadır. Belə kəskin etirazların təşkil olunmasında əsas rol oynayan üzdəniraq “beşinci kolon”dur. Bəs “beşinci kolon” nədir və onun ilhamvericisi kimlərdir? Müxtəlif ölkələrdə “beşinci kolon” fərqli ola bilər. Təcrübə göstərir ki, müvafiq ekspertlər konkret ölkədəki vəziyyəti hərtərəfli öyrənir və çoxsaylı amillərdən asılı olaraq əhalinin bu və ya digər qruplarından “beşinci kolon” formalaşdırmaq üçün həmin qrupları seçirlər. Məlumdur ki, bu anlayış ilk dəfə keçən əsrin 30-cu illərinin ortalarında Madridə hücum edən frankistlər tərəfindən işlədilib. Həmin dövrdə general Frankonun ordusu Madrid üzərinə dörd kolonla hücum edirdi, beşinci kolon dedikdə isə, onun arxa cəbhədə işləyən agentlərinin və təxribatçılarının pozucu fəaliyyəti başa düşülürdü. Sonrakı illərdə bu terminin mənası xeyli dəyişib.
Bu gün “beşinci kolon” anlayışının interpretasiyaları çoxdur – ölkə daxilində agentura şəbəkəsindən başlamış, digər dövlətlərin mənafelərini təmin edən, yığcam şəkildə yaşayan etnik və dini qruplara qədər. Tarixçilər bu söz birləşməsindən düşmən ölkələrin pozucu agenturasını göstərmək üçün istifadə edirlər. Çox vaxt bu termin kollaborasionizmə, yəni, düşmənin mənafeyi üçün, öz dövlətinin ziyanına düşmənlə şüurlu, könüllü və bilərəkdən əməkdaşlığa bərabər tutulur. Beləliklə, “beşinci kolon” birbaşa və ya dolayısı ilə xarici hökumətlər üçün işləyən və fəaliyyəti öz ölkəsinin milli maraqlarına müxtəlif üsullar və metodlarla ziyan vurmaq məqsədi güdən ayrı-ayrı insanlar, yaxud insan qrupları, təşkilatlar və hərəkatlardır. Ən təəccüblüsü budur ki, bəzən hər hansı mühüm proseslərdə özünün iştirak etməsi faktına aludə olan “sütül” gənclər onlardan öz məqsədlərinə nail olmaq üçün alət kimi istifadə edilməsini yaxşı təsəvvür etmirlər.
Bu sahədə spesifik meyil ondan ibarətdir ki, beynəlxalq münasibətlərdə qarşılıqlı asılılığın qloballaşması və güclənməsi, ayrı-ayrı qeyri-hökumət təşkilatlarının (QHT) beynəlxalq arenaya çıxması və insan hüquqları kateqoriyasının transmilliləşməsi nəticəsində “beşinci kolon” müasir şəraitə uyğunlaşaraq yeni forma kəsb edib. Bu gün müxtəlif beynəlxalq hüquq-müdafiə təşkilatları, ABŞ-ın, onun Avropadakı müttəfiqlərinin beyin mərkəzləri və adi QHT-lər öz həqiqi məqsədlərini maskalayaraq guya insan hüquqlarının müdafiəsi, demokratik dəyərlərin və bazar iqtisadiyyatının təşkilati əsaslarının yayılması üçün bütün dünyada öz filiallarının nəhəng şəbəkəsini yaradıblar. Yeni tipli “beşinci kolon” rolunda çıxış edənlər də məhz onlardır. İnkişaf etməkdə olan ölkələrdə, xüsusən postsovet məkanındakı ölkələrdə göstərilən strukturlar həmin dövlətlərin qanunvericiliyi ilə hesablaşmadan işləyirlər. Bu təşkilatların əksəriyyəti Qərb dövlətlərinin hökumətlərindən birbaşa və ya xüsusi xidmətlərin formalaşdırdığı müxtəlif fondlar vasitəsilə çox böyük məbləğdə maliyyə dəstəyi alır.
XXI əsrdə Qərbin başqa regionlardakı dövlətlərə münasibəti yalnız forma etibarilə dəyişib. İnkişaf etmiş Qərb dövlətləri, o cümlədən ABŞ bu gün də əvvəlki kimi açıq-aydın ikili standartlar siyasəti yürüdür, insan hüquqlarından hökumətlərə təzyiq aləti kimi istifadə etməklə dünyanın əksər ölkələrinin daxili işlərinə qarışır. Onlar məhz bu məqsədlə həmin ölkələrdə yeni tipli “beşinci kolon”lar formalaşdırır və onların köməyi ilə həmin dövlətlərin daxili və xarici siyasətini müəyyən etməyə çalışırlar. Bu praktikanın məqsədi insan azadlıqlarının və hüquqlarının müdafiəsi deyil, konkret siyasi və iqtisadi səmərə əldə etmək üçün bu və ya digər dövləti arzu olunan güzəştlərə məcbur etməkdir. XXI əsrdə beynəlxalq münasibətlərdə güc siyasətinin yeni formasının reallaşması məhz bundan ibarətdir.
Demokratiyanın yayılması ABŞ-ın milli mənafeləri kontekstində
Tədqiqatçıların çoxu bu fikirlə razıdır ki, beynəlxalq münasibətlər sistemi üçün ən təhlükəli amil demokratiya ideyası pərdəsi altında siyasi xarakterli müxtəlif ideyaların təbliğ edilməsidir. Faktiki olaraq birqütblü dünyaya transformasiya etmiş müasir postbipolyar dünyada ABŞ-ın siyasətini məhz bu sözlərlə təsvir etmək olar. Bu, o cümlədən Barak Obamanın baxışlarında aydın təzahür edir. O, “sülh” şüarları altında ABŞ-ın milli maraqlarını fəal təbliğ edir. Obama, məsələn, “Klintonun qlobal təşəbbüsü” adlı illik forumdakı çıxışında bildirib ki, xarici ölkələrdə vətəndaş cəmiyyətinin dəstəklənməsi milli təhlükəsizlik məsələsidir və Vaşinqton həmişə, bütün dünyada müxtəlif QHT-ləri dəstəkləyəcək.
İlk baxışda demokratiyanın yayılması kimi humanist niyyətlərin arxasında ABŞ-ın tamamilə real siyasi məqsədləri dayanır. Barak Obamanın bu bəyanatı əyani şəkildə göstərir ki, ABŞ-ın QHT-lərə, vətəndaş cəmiyyəti təşkilatlarına, insan hüquq və azadlıqlarına diqqəti yalnız və yalnız Amerikanın geosiyasi maraqlarından irəli gəlir. Onların arasında sözəbaxan və ABŞ-ın göstərişlərini yerinə yetirən qrupların hakimiyyətə gəlməsinin dəstəklənməsini, Amerika kapitalının yeni bazarlara nüfuz etməsini və başqa ölkələrin təbii sərvətlərinin istismarının yeni formalarının tətbiq olunmasını, onları özündən daha çox asılı etmək məqsədilə müxtəlif millətlərin milli və mədəni xüsusiyyətlərinin nivelirlənməsini, “istehlakçı demokratiya və mədəniyyət” formalaşmasını və s. qeyd etmək olar. Bəziləri bunu müstəmləkəçiliyin müasir forması adlandırır, bəziləri dünya iqtisadiyyatının yeni bazarlar axtarmağa məhkum olması barədə danışır və s. Lakin məsələnin mahiyyəti bununla dəyişmir. Digər tərəfdən, Barak Obama bəyan edir ki, demokratiyaya doğru irəliləyən və insan hüquqlarının müdafiəsi təsisatlarını inkişaf etdirən hər bir ölkə bizim dostumuzdur və biz onları həmişə dəstəkləyirik. Bu bəyanatlar da həqiqətdən son dərəcə uzaqdır və yuxarıda göstərilən siyasətin davamıdır. Məsələn, Vaşinqton demokratiyanın yayılması inamını deyil, özünün geosiyasi maraqlarını əsas götürərək İran-İraq müharibəsi dövründə Səddam Hüseynin qeyri-demokratik rejimini silahla təchiz etməklə onu dəstəkləyirdi. Əlbəttə, “düşmənimin düşməni mənim dostumdur” prinsipinə istinad etmək olar, lakin indiki halda bu tezis regionda sülh yaradılmasına kömək etmək istəyindən daha çox, ABŞ-ın siyasi və iqtisadi maraqlarını əks etdirir.
Amerika Administrasiyası onilliklər boyu siyasi realizmin, hələ bu məktəbin banisi Hans Morgentau tərəfindən ifadə edilmiş başlıca prinsiplərini pozur. Biz bütün bu prinsipləri hərtərəfli müzakirə etmək fikrində deyilik. Onlardan yalnız birini göstərək: “Universal mənəvi dəyərlər bu və ya digər dövlətlərin siyasətini qiymətləndirmə vasitəsi ola bilməz. Dövlətlər salamat qalma prinsipini mənəvi dəyərlərdən üstün tutmalıdırlar… Müxtəlif dövlətlərdə mənəvi normalar müxtəlifdir”. Morgentaunun bu tezislərindən çıxan nəticə belədir: dövlətlərin siyasəti barədə xeyir və şər baxımından mühakimə yürütmək olmaz. Başqa sözlə desək, ABŞ üçün şər hesab edilə biləcək məsələ başqa dövlətlər üçün heç də belə deyildir. Siyasətdə mənəvi normalar ilə manipulyasiya etməkdən çəkindirən “milli maraq” kateqoriyası bu problemi çox səmərəli şəkildə həll edir. Beynəlxalq arenada dövlətlərin milli mənafeləri qarşısında hətta hüquqi öhdəliklər də geri çəkilməlidir və bu, Morgentauya görə “beynəlxalq siyasətin dəmir qanunu”dur. Digər tərəfdən, Morgentaunun mənəvi normaların heç də universal olmaması barədə fikri onu göstərir ki, beynəlxalq münasibətlər sistemi milli maraqlardan və siyasi məqsədəuyğunluqdan çıxış edərək interpretasiya olunmalıdır. Əks halda, mənəvi normalar dövlətlərin dünya arenasında davranışını qiymətləndirmək üçün sadəcə səmərəsiz olacaq. Buna baxmayaraq, bugünkü Obama Administrasiyası bu və ya digər dövlətlərin fəaliyyətinə yalnız öz siyasi istəkləri baxımından çıxış edərək qiymət verməyə çalışır. Ağ Ev hətta bununla da hesablaşmaq istəmir ki, dünyada hər bir ölkənin öz maraqları, inkişaf məqsədləri və siyasi mədəniyyət xüsusiyyətləri vardır. Dünyada bütün ölkələrin ABŞ tərəfindən göstərilən qaydalar üzrə yaşayacağını gözləmək olmaz. Bu, apriori qeyri-mümkündür, çünki dünya özü eyni deyil, müxtəlifdir. Hətta eyni ailədə doğulmuş və eyni tərbiyə almış uşaqlar da müxtəlifdir, nəinki Yer kürəsinin müxtəlif nöqtələrində yerləşən, tarixən formalaşmış sosial, iqtisadi, mənəvi və siyasi struktura, özlərinin milli mənafelərinə malik olan ölkələr. Müxtəlif dövlətlər arasında siyasi münasibətlərin məzmunu müxtəlif olduğu kimi, dünya da rəngarəngdir. Ağ Evin xarici siyasət strateqlərinin bunu başa düşməsinin vaxtıdır. Hərçənd, onların bunu dərk etmədiklərini güman etmək çətindir. Lakin iş burasındadır ki, müxtəlif, o cümlədən ABŞ-ın “milli maraqları” haqqında şüarlarla pərdələnən siyasi məqsədləri bütün gerçəklikləri üstələyir. Beynəlxalq münasibətlərin regionallaşması ideyasını Kopenhagen Beynəlxalq Təhlükəsizlik Məktəbi də təsdiq edir. Bu məktəbin nümayəndəsi, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin professoru Barri Buzan yazır ki, bipolyar (ikiqütblü) beynəlxalq münasibətlər sisteminin dağılması və Qərb ilə Şərqin ideoloji qarşıdurmasının başa çatması şəraitində müxtəlif regionlarda müstəqil beynəlxalq siyasi prosesin həcmi artır.
Ona görə də bu müəllifin fikrincə, postbipolyar dünyada beynəlxalq münasibətlərin qlobal səviyyəsi prinsiplərinin regiona proyeksiyası imkanları azalır. Regional dövlətlər öz xarici siyasətinin manevr dərəcəsini daha çox gücləndirmək imkanı qazanırlar. Bütün bunlara əsasən güman etmək olardı ki, qlobal qüvvələr müxtəlif regionlarda inkişafın dəyişən məntiqinə uyğunlaşmalıdırlar. Lakin reallıqda belə deyil. ABŞ-ın və onun Qərbdəki müttəfiqlərinin xarici siyasət strategiyası öz hegemonluğunu nümayiş etdirərək hələ də bu və ya digər regional şəraitə uyğunlaşmaq istəmir. Belə hərəkətlər reallığa uyğun gəlmir, dünyanın müxtəlifliyi ilə ziddiyyət təşkil edir. Məsələn, ABŞ-ın yürütdüyü xarici siyasətin effektivliyinin məhdudlaşdırıcısı məhz budur.
Lakin Qərbin ən səmimi politoloqlarından biri olan Zbiqnev Bjezinski bu fikirlə razılaşmır. O, hesab edir ki, lider mövqeyi tutan ABŞ dünyada qaydanı bərpa edən “böyük qardaş” rolunda çıxış edir. Onun fikrincə, “ABŞ əsas sülhməramlı rolunda çıxış edib və bundan sonra da çıxış edəcəkdir”. Lakin təəssüf ki, faktlar hələlik tamam başqa mətləbdən xəbər verir. ABŞ-ın xarici siyasətində ədalətsizlik və subyektivizm üstünlük təşkil edir. Müasir dünyanın inkişaf təcrübəsi göstərir ki, birqütblülük, bir güc mərkəzinin üstünlüyünün artması xalqlar və dövlətlər arasında etimadın azalmasına gətirib çıxarır. Bu qeyri-sabit konstruksiya beynəlxalq münasibətlərin harmonikləşməsinə təsir göstərməyə, dünyada nizam yaradılması, regional və qlobal təhlükəsizliyin təmin edilməsi üçün əsas kimi xidmət etməyə qabil olmamasını sübut edib. Dünyanı öz maraqlarına uyğun olaraq yenidən qurmaq əsla ağlabatan deyildir. Axı, asanlıqla görmək olar ki, demokratik dəyərlər pərdəsi altında gizlədilmiş mənafelərin aqressiv şəkildə irəlilədilməsi Barak Obamanın hesab etdiyi kimi, liberal Amerika ideyalarının lokomotivi deyil, əksinə, bu ideyaların yayılması yolunda əngəl olur. Bunu hətta beynəlxalq münasibətlər sahəsində görkəmli Amerika alimləri, məsələn, Stiven Uolt da vurğulayır.
O yazır: “Liberalizmin əsas xüsusiyyətləri olduqca cəlbedicidir və mən taleyimdən çox razıyam ki, demək olar, bütün həyatımı (əsasən) liberal Amerikada yaşamışam. Lakin bu cür baza əhəmiyyətli liberal prinsiplərin mənəvi cəhətdən cəlbediciliyi heç də o demək deyildir ki, bu, xarici siyasətin həyata keçirilməsi üzrə sağlam və məntiqli rəhbər vasitədir. Əslində, son iki onilliyin tarixi onu göstərir ki, əgər böyük dövlət öz xarici siyasətini əsas etibarilə liberal ideallara uyğun olaraq həyata keçirsə, bu, labüd surətdə həmin siyasəti baha başa gələn uğursuzluqlara gətirib çıxaracaqdır. Təəssüf ki, son 20 ilin təcrübəsi liberalizmin xarici siyasətin həyata keçirilməsində pis məsləhətçi olduğunu göstərir …”
Onun fikrincə, liberalizm xarici siyasət məsələlərində dəqiq strategiya verə bilməz. Əgər bu və ya digər dövlət beynəlxalq arenada beynəlxalq siyasətin həyata keçirilməsinin Qərb anlayışlarını və dəyərlərini rəhbər tutmursa, Vaşinqton buna ciddi qəzəb və nifrət bildirməklə reaksiya verir. Bu isə reallıqda yaranmış mürəkkəb vəziyyəti daha da gərginləşdirir.Belə stereotip onunla şərtlənir ki, liberalizm konsepsiyası amerikalı siyasətçilərin əksəriyyətinə liberal Qərb dəyərlərinin alternativsizliyi ideyasını aşılayır. Buna görə də amerikalı siyasətçilər hətta təsəvvür edə bilmirlər ki, onların dünyasından fərqli, öz dəyərləri və əxlaqı olan dünya da var. Bu cür davranış ABŞ-ın xarici siyasətinin manevr imkanlarını xeyli məhdudlaşdırır və çox güman ki, bu siyasətin həyata keçirilməsinə kömək etməkdən daha çox münaqişələrdə “özününkülər və yadlar” qütbləşməsini gücləndirir. ABŞ-ın xarici siyasətinin patriarxlarından biri olan professor Henri Kissincer də “Dünya nizamı: millətlərin xarakteri və tarixin gedişi barədə düşüncələr” adlı yeni kitabında bugünkü dünya nizamının böhranından bəhs edərək yazır: “Birqütblü zaman kəsiyi bu gün özünün şərəfsiz sonluğuna yaxınlaşır. Kiçik Corc Buş dövründə 11 sentyabr (2001-ci il) terror aktlarından sonra Amerika öz üzərinə gücü çatmayan bir vəzifə götürüb, onun birinci prezidentlik müddətində isə xarici siyasətin militaristləşdirilməsi baş verib, bunun nəticəsində ən yaxşı halda Əfqanıstanda işlər düyünə düşüb, İraqda mürəkkəb vəziyyət yaranıb. Nəticə budur: Qərb alyansında parçalanma, Amerika cəmiyyətində məyusluq və teokratik İranın güclənməsi. Barak Obama dövründə Birləşmiş Ştatlar öz fəaliyyət xəttinin təshihində ola bilsin ki, çox uzağa gedib. Əvvəlcə İraqdakı, sonra isə Əfqanıstandakı Amerika əsgərlərinin evə qaytarılması vurğulanır. Lakin indiki dövrdə Birləşmiş Ştatlar Yaxın Şərqdə yenidən hərbi əməliyyatlara başlamağa hazırdır, habelə Putini dayandırmaq üçün səy göstərir. Ərəblərin oyanmasından sonra yürüdülən siyasəti də ardıcıl siyasət adlandırmaq çətindir…”. Henri Kissincerin gəldiyi qənaət qlobal geosiyasətin əsas prinsiplərini yeniləşdirməyin zəruri olmasından ibarətdir. Onun “beynəlxalq münasibətlərin mövcud sistemi böhran keçirir” tezisi müasir reallığı əks etdirir. H.Kissincerin fikrincə, bu gün hətta sərt güc tətbiq edilməsi bahasına da olsa, Amerika dəyərlərinin bütün dünyada yayılmasının tərəfdarları ABŞ-ın xarici siyasətində möhkəm mövqe tutur.
Dünya nizamının təmin edilməsi mexanizmlərinin əksəriyyəti yetərincə çoxdan formalaşıb. Beynəlxalq münasibətlərdə müasir böhranın səbəbi onunla bağlıdır ki, bu münasibətləri ağlabatan şəkildə yenidən qurmaq, müasir reallıqlara uyğunlaşdırmaq əvəzinə onları sındırırlar. Heç də təsadüfi deyil ki, “Müasir dünyanın əsasını təşkil edən qayda konsepsiyasının böhran vəziyyətində olmasını” vurğulayan Henri Kissincer bunu iri dövlətlərin qüvvələr tarazlığı yaratmağa deyil, özlərinin maraqlarını maksimum təmin etməyə çalışmaları ilə izah edir. Yeri gəlmişkən, o, dünya nizamının böhranının başqa bir səbəbi barədə də yazır: bütün bunların arxasında Amerika Birləşmiş Ştatlarının dünyada liderliyi təmin etmək üçün yeni üsullar axtarması dayanır.
Lap yaxın vaxtlarda – noyabr ayının ortalarında Avstraliyanın Brisben şəhərində “böyük iyirmiliyin” (G20) sammitində Barak Obama Henri Kissincerin gəldiyi bu nəticələri bir növ təsdiq edərək, ABŞ-ı hər hansı təhdidə davam gətirməyə qabil olan “yeganə dünya dövləti” adlandırıb. Bu, dünya birliyinə yeni xəbərdarlıq siqnalı idi ki, o, “çoxqütblü dünya arzusunda olmasın”. Həqiqətən də, Ağ Evin “regionda sülhü və həmrəyliyi təmin edirik”, “demokratiyanı yayırıq”, “regiona sabitlik gətirmək istəyirik” kimi bəyanatlarının arxasında bu gün tamam başqa məqsədlər dayanır. Bunu yəqin etmək üçün müasir dünyada dövlətlərarası münaqişələrin və müharibələrin yaranması səbəblərinə obyektiv nəzər salmaq kifayətdir. Amma hər halda, hətta Henri Kissincer kimi görkəmli alim, beynəlxalq münasibətlər üzrə mütəxəssis və ABŞ-ın xarici siyasətində böyük iş təcrübəsi olan bir adam sistemin böhranından danışırsa, Barak Obama Administrasiyası ABŞ-ın bu cür xarici siyasətinin qüsurlu olması barədə düşünməlidir. Şübhə yoxdur ki, beynəlxalq münasibətlərdəki müasir böhran ABŞ-ın siyasəti ilə bağlıdır. Bu böhranın kökü amerikalı alim C.Nay tərəfindən neoliberalizm baxımından işlənib hazırlanmış “yumşaq güc” (soft power) nəzəriyyəsinin düzgün implementasiya edilməməsi ilə bağlıdır. “Yumşaq güc” dedikdə, ilk növbədə, qeyri-hərbi vasitələr, iqtisadi, informasiya, mədəni və digər təsir tədbirləri nəzərdə tutulur. Bu nəzəriyyənin inkişafında əsas oyunçular qeyri-dövlət subyektləridir. C.Naya görə, “yumşaq güc” “sənin ölkənin istədiyini başqa ölkələrin istəməsinə nail olmaq, çəkindirmək və məcbur etmək əvəzinə onları cəlb etmək və onlarla əməkdaşlıq etmək bacarığıdır”.
Bəli, dünya birliyi qlobal səviyyədə Amerikanın siyasətinə alternativ təqdim edə bilməyib. Sonuncu alternativ kommunizm idi, lakin bu eksperiment özünü doğrultmadı. Sosialist düşərgəsi parçalanandan sonra ABŞ bütün dünyada vesternləşmə siyasətində nəzərəçarpacaq uğurlar qazandı. Lakin çox vaxt Amerikanın dünyaya gətirdiyi “aydınlıq və demokratiya” ideyaları heç də humanist üsullarla inkişaf etdirilmir. Nümunələr istənilən qədərdir. Amerika demokratik tranzit nəzəriyyəsində bu postulata hətta “gücə əsaslanan demokratik tranzit nəzəriyyəsi” deyilən ayrıca bir istiqamət də həsr edilib. Lakin təcrübə göstərir ki, Yaxın Şərqdə bu cür eksperimentlər tərəqqiyə, sülhə və demokratiyaya deyil, daha çox terrorizmin, ümumi hərc-mərcliyin və gərginliyin görünməmiş dərəcədə artmasına gətirib çıxarır. Bu strategiya kiçik C.Buşun prezidentliyi dövründə çox populyar idi. Yeri gəlmişkən, ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayt da bunu etiraf edir. O, 2014-cü il noyabrın 21-də Demokratiyaya Dəstək Milli Fondunda çıxışında qeyd edib ki, demokratiyanı irəlilətmək səyləri onun militaristləşmiş aspekti ilə assosiasiya edilməyə başlayıb. “Amerikanın səsi” radiosu 2014-cü il noyabrın 21-də Olbraytın bu sözlərini sitat gətirib: “Demokratiya əvvəlki administrasiyanın fəaliyyəti nəticəsində, o cümlədən İraqda baş verənlərə görə pis reputasiya qazanıb”.
Dünya ictimaiyyəti Barak Obamanın ABŞ rəhbərliyinə gəlməsi ilə bu təcavüzkar xarici siyasətin dəyişəcəyinə ümid edirdi. Bəs bu gün biz nə görürük? Suriyada və İraqda özlərini “İraq-Şam İslam Dövləti” (İŞİD) adlandıran terrorçu qruplaşmaya qarşı əməliyyat genişlənir. Halbuki bu qruplaşmanı ABŞ özü Suriya müxalifətini silahlandırmaqla, bunun nəticələrini proqnozlaşdırmadan yaradıb. Bu gün Amerika generalları hətta hava hücumları ilə kifayətlənmir, İŞİD-in məhv edilməsi üçün təkcə hava hücumlarının səmərəli olmamasına əsaslanaraq, Ağ Evdən quru qoşunlarının buraya yeridilməsini tələb edirlər. Məğrib ölkələri ABŞ tərəfindən öz keçmiş “demokratik” müttəfiqlərinə qarşı çox fəal dəstəklənən “Ərəb baharı”nın dağıtdığı ictimai nizamı hələ də tam bərpa edə bilmirlər. Bu regionda bütün xalq tərəfindən seçilmiş liderlər hərbi çevrilişlər yolu ilə devrilir, Qərb demokratiyaları isə yalnız “dərin narahatlıq keçirmələri” barədə bəyanatlar dərc edirlər. Demokratiyaya doğru durmadan irəliləyən hər kəsin arxasında ABŞ-ın dayanması barədə Obamanın ideyalarının gerçəkləşməsi bəs harada qaldı? Məgər bu, C.Nayın “yumşaq güc” barədə danışarkən istinad etdiyi cəlbetmə və kooperasiyadırmı? Bombardmanlar, rəngli inqilablar hazırlanması və buna oxşar pozucu ssenarilər vasitəsilə başqa ölkələri də ABŞ-ın istədiklərini istəməyə sövq etməyin mümkün olması ehtimalı azdır. Bütün bu faktlar onu göstərir ki, Amerika xarici siyasətinin qondarma liberal məzmunu, əslində Hans Morgentaunun dediyi kimi, dəyişməz olan xudbin “milli maraqlar”ın həyata keçirilməsi üçün yalnız pərdədir. Əgər ABŞ öz milli maraqlarına dönmədən əməl edirsə, onda başqa ölkələr nəyə görə öz maraqlarını inkar etməli və ya anlaşılmaz, dağıntılara gətirib çıxara biləcək güzəştlərə getməlidirlər. ABŞ-da E.Sunouden barəsində qaldırılmış işi nəyə görə cinayət işi (amma siyasi motivləri olmayan iş) hesab edirlər? Halbuki o da guya əsl liberal kimi hərəkət edib – azadlığı təhlükəsizlikdən üstün tutub, bir sıra milli və beynəlxalq qanunların, normaların ABŞ tərəfindən pozulmasını dünyaya açıqlayıb. Eyni zamanda, ABŞ-dakı və Avropadakı beynəlxalq “qeyri-hökumət” təşkilatları nə üçün Leyla Yunus və Arif Yunus, həmçinin “beşinci kolon”un digər nümayəndələri barəsində cinayət işləri üzrə araşdırmaları siyasi motivli araşdırma hesab edirlər? Nəyə görə ABŞ hamıdan transparentlik tələb edir və korrupsiya ilə mübarizəyə çağırır? Halbuki onun dünyanın müxtəlif guşələrində yaratdığı QHT-lərin fəaliyyəti yetərincə korrupsiyalaşıb və ictimai nəzarət üçün açıq deyildir.
Qeyri-hökumət təşkilatları (QHT) yeni nəsil “beşinci kolon”lar rolunda
Dövlətlərin tarixindən bildiyimiz kimi, xarici dövlətlərin xeyrinə işləyən müxtəlif agentlər, terrorçular və separatçılar əsasən şüurlu şəkildə dövlətçiliyin zəiflədilməsinə çalışır, konstitusiyaya zidd hərəkətlər törədirlər. Bu işdə onlara inam verən o idi ki, onların fəaliyyəti xaricdən güclü dəstəklə təmin olunur və yaxşı haqq ödənilirdi. Xarici dövlətlər üçün ən böyük risk onların “beşinci kolon” yaratmaq planlarının üstünün açılması idi. Onlar ehtiyat edirdilər ki, bu planın iştirakçıları özlərinin xaricdəki himayədarlarını ələ verə, bununla da dövlətlərarası ikitərəfli rəsmi münasibətlərə ziyan vura bilərlər. Sovet İttifaqının dağılması dalğasında ABŞ-da məhz bu cür riskləri minimuma endirmək üçün postsovet dövlətlərində “beşinci kolon”larla iş konsepsiyası hazırlanmışdı. Əgər əvvəllər “beşinci kolon” üzvlərinin ələ alınması məsələləri ilə əsasən xüsusi xidmətlər məşğul olurdusa, keçən yüzilliyin 90-cı illərinin əvvəlində “beşinci kolon”ların dəstəklənməsi və formalaşması üzrə səlahiyyətlərin və maliyyə vəsaitlərinin xeyli qismi ABŞ Dövlət Departamentinə həvalə edildi. O da öz növbəsində bu işi ona yaxın olan QHT-lər və fondlar vasitəsilə həyata keçirirdi. Bu, artıq Mərkəzi Kəşfiyyat İdarəsinin ictimaiyyətdən gizlədilən qara büdcəsi deyildi. İndi bu mənbə demokratiyanın dəstəklənməsi, insan hüquqlarının müdafiəsi, KİV azadlığının təmin edilməsi və digər yetərincə ümumi bölmələri ilə dünya üçün açıq idi. Bu bölmələrə çox böyük məbləğlər sərf edilirdi, lakin əsas xidmət heç də bu deyildi. ABŞ birbaşa ələalma metodlarından bir növ imtina edərək “beşinci kolon”ların agentləri və rezidentləri arasında bilavasitə əlaqələri xeyli təkmilləşdirdi.
İnkişaf etməkdə olan ölkələrdə ABŞ tərəfindən yaradılmış QHT-lərin nümayəndələrinin çoxu əksər hallarda heç ağıllarına da gətirmir ki, onlar “beşinci kolon”lar rolunda çıxış edir və onların informasiyasından elə öz ölkələrində sabitliyi pozmaq üçün istifadə edilir. Onlar bilmirlər ki, “demokratiya dəyərlərinin yayılması” anlayışı ilə pərdələnmiş böyük Amerika siyasətinin agentləridirlər. Nəticədə bu cür şəbəkələrin üstü açıldıqda belə, onların nümayəndələri çox söz deyə bilmirlər, çünki hansı konkret planların həyata keçirilməsi üçün işlədiklərindən özlərinin də dəqiq məlumatı olmur. Yeni nəsil “beşinci kolon”ların əsas fərqli xüsusiyyəti, həmçinin ABŞ və onun müttəfiqlərinin bu agentlərlə işinin bugünkü özəlliyi məhz budur. Dövlət Departamentinə yaxın QHT-lərin qeyri-transparent fəaliyyəti, həmin QHT-lərdə korrupsiya faktları və bu təşkilatların büdcələrində dövlət vəsaitlərinin üstünlük təşkil etməsi daha bir mühüm reallıqdır. Məsələn, Azərbaycanda “beşinci kolon” yaradılması üzrə müxtəlif QHT-lərin fəaliyyətinin maliyyələşdirilməsi sxemi təxminən belədir. Dövlət Departamenti demokratiyanın yayılması üzrə əsas təşkilat olan USAİD (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) üçün pul ayırır. USAİD də öz növbəsində rəngli inqilabların NED (Milli Demokratiya Fondu), İRİ (Beynəlxalq Respublika İnstitutu) və NDİ (Milli Demokratiya İnstitutu) kimi təşkilatçılarını maliyyələşdirir. Bundan əlavə, USAİD yerli QHT-ləri və xarici təşkilatların Azərbaycandakı digər nümayəndəliklərini birbaşa maliyyələşdirir. Bununla yanaşı, Milli Demokratiya Fondu (NED) yerli
QHT-ləri və xarici təşkilatların ölkəmizdəki nümayəndəliklərini bilavasitə özü maliyyələşdirir.
QHT sektorunun Amerika fondları vasitəsilə maliyyələşdirilməsi sxemi:
ABŞ hökuməti
USAİD (ABŞ Beynəlxalq İnkişaf Agentliyi)
NED (“Milli Demokratiya Fondu”)
NDİ (Milli Demokratik İRİ (Beynəlxalq Respublika
İnstitut) İnstitutu)
Yerli QHT-lər və xarici təşkilatların nümayəndəlikləri
Maliyyə axınlarının hərəkəti yuxarıdakı sxemdə əyani şəkildə görünür. Bu sxem başlıca məqsədi “beşinci kolon”ları formalaşdırmaq və dəstəkləmək olan bütün qeyri-hökumət fondlarının və təşkilatlarının əslində necə işlədiklərini yalnız qismən anlamağa imkan verir. ABŞ-ın vergi ödəyicilərinin pulları əslində bu və ya digər ölkədə hakimiyyətin dəyişdirilməsinə və ya həmin ölkənin hökumətini Amerika Administrasiyasının tələblərini yerinə yetirməyə məcbur etmək üçün xərclənir. Ağ Ev qeyri-hökumət təşkilatlarının şəxsində bu xəyali vətəndaş sektorunu demokratiyanı yayanlar kimi təqdim etməyə çalışır.
Nyu-Yorkdan olan geosiyasi analitik Erik Drayserin fikrincə, ABŞ və onun müttəfiqləri Azərbaycanda vəziyyətin sabitliyini pozmaq məqsədilə “insan hüquqları”, “vətəndaş cəmiyyətinin azadlığı” və “demokratiya” haqqında standart demoqoqluğa keçiblər. Məsələn, üzdəniraq “siyasi məhbuslar”dan biri Anar Məmmədli seçkilərin monitorinqi və demokratiya üzrə tədris mərkəzinin rəhbəridir. Müəllif yazır: “Təşkilat 2002-ci ildə yaradıldığı andan ABŞ-ın “yumşaq güc”ünün əlavəsi olub. O, ABŞ hökuməti tərəfindən maliyyələşdirilən demokratiyaya dəstək milli fondunun bir qolu olan Milli Demokratiya İnstitutunun (NDİ) maliyyə dəstəyi ilə QHT-nin və vətəndaş cəmiyyəti təşkilatlarının köməyi ilə bütün dünyada “yumşaq güc” yaymaq məqsədilə yaradılıb”.
Erik Drayser hesab edir ki, Anar Məmmədli və onun “siyasi məhbus” həmkarları əslində ABŞ-ın və onun müttəfiqlərinin agentləridir, onların siyasi və ictimai həyatı bütünlüklə Qərb təşkilatlarına borcludur. ABŞ nə üçün vəzifəsi seçkiləri şübhə altına almaq olan agentlər yerləşdirir və bununla da onun qəzəbinə tuş gəlmiş hökumətləri mütiliyə məcbur edir? Cavab üçün uzağa getmək lazım deyil. 2003-cü ildə Gürcüstanda “Qızılgül inqilabı”nı, 2004-cü ildə Ukraynada “Narıncı inqilab”ı xatırlamaq kifayətdir.
E.Drayser mülahizələrini davam etdirərək yazır ki, Vaşinqton və Brüssel tərəfindən təqdim olunmuş qondarma “siyasi məhbus”ların siyahısına nəzər salsaq aşkar görünər ki, bu adamlar Azərbaycanı Amerikanın tələblərinə uyğun çalışmağa məcbur etmək məqsədilə xaricdəki sponsorların adından fəaliyyət göstərirlər. Burada təzə heçnə yoxdur, çünki ABŞ bütün dünyada vətəndaş cəmiyyəti təşkilatlarından və QHT-lərdən öz məqsədlərinə çatmaq, hakimiyyəti dəyişmək və ya onları ABŞ-ın göstərişlərini yerinə yetirməyə məcbur etmək üçün təzyiq aləti kimi istifadə edir. Qısası, “sözə baxmayan”lara təsir tədbirləri yaxşı məlumdur və dəfələrlə sınaqdan çıxarılıb: güc aksiyaları, iqtisadi və təbliğat xarakterli təzyiq, daxili işlərə qarışmaq. Başqa sözlə desək, vətəndaş cəmiyyəti haqqında hər hansı mülahizələr ABŞ-ın “yumşaq güc” sxeminin reallaşdırılması üçün kodlaşdırılmış dildir. Ona görə dövlətlər tərəfindən bu cür təşkilatlara qarşı hər hansı hərəkətlər Amerikanın maraqlarının zəiflədilməsi cəhdləri hesab edilir. Vaşinqton strateqlərinin fikrincə, Azərbaycan NDİ-nin fəaliyyətini, “World vision” təşkilatının, Amerika Hüquqşünaslar Assosiasiyasının (ABACELLİ), habelə Beynəlxalq Araşdırmalar və Mübadilə Şurasının (İREX) aktivlərini dondurmaqla hüquqazidd hərəkət edib. Onlar hesab edirlər ki, bütün bu qurumlar bilavasitə ABŞ, Avropa dövlətləri və təşkilatları tərəfindən maliyyələşdirildiyinə görə, Azərbaycan dövləti onların fəaliyyətini tənzimləyən tədbirlər görməməli idi. Bununla yanaşı, aşkardır ki, qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı yeni normativ-hüquqi aktların qəbul edilməsi də bu sahədə qanunçuluğun təmin olunmasına və QHT-lərin müvafiq dövlət strukturları ilə qarşılıqlı fəaliyyətinin asanlaşdırılmasına yönəlib. Şəffaflığın artırılması Azərbaycanda həyata keçirilən bütün islahatların məzmununun əsasını təşkil edir. Biz bu müddəanı əsas tuturuq ki, şəffaflığın təmin edilməsi tədbirləri həm dövlət sektorunun, həm də vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyətini əhatə etməlidir və bu, ədalətlidir.
Noyabrın 20-dən etibarən QHT-lərin fəaliyyəti barədə qanunvericilik aktı – “Qrantlar haqqında” Qanun qüvvəyə minib. Həmin Qanuna əsasən qrantları yalnız ölkəmizdə donorlar qismində çıxış etmək hüququna malik olan, filialları və ya nümayəndəlikləri qeydiyyatdan keçmiş xarici təşkilatlar ayıra bilər. Bu, QHT-lər üçün qrantlar ayrılmasının və ən başlıcası, onlardan hansı məqsədlər üçün istifadə olunmasının şəffaflığını təmin edəcəkdir. Bu, ondan irəli gəlir ki, vətəndaş cəmiyyətinin iştirakçılarının, xüsusən beynəlxalq QHT-lərin Azərbaycanda fəaliyyəti yetərincə şəffaf deyildir. Burada korrupsiya və pulların yuyulması faktları mövcuddur, özü də təkcə Azərbaycanda yox, Qərb ölkələrində də. Nümunə kimi Amerikanın məşhur United Way qeyri-hökumət təşkilatı ilə bağlı əhvalatı xatırlatmaq olar. Bu QHT-nin sədri Uilyam Aramoni bir milyon dollardan artıq vəsaiti mənimsədiyinə görə 7 il azadlıqdan məhrum edilib. Helsinki Beynəlxalq İnsan Hüquqları Federasiyasının maliyyə meneceri 1,2 milyon avro məbləğində vəsaiti mənimsədiyinə görə Avstriya məhkəməsi tərəfindən 3 il həbs cəzasına məhkum edilib.
Azərbaycanda “Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi” İctimai Birliyi bir neçə il ərzində 9 qrant sazişi üzrə təqribən 358 min manat alıb. Qanuna görə, bu cür sazişlər qeydiyyata alınmaq üçün Ədliyyə Nazirliyinə təqdim edilməlidir. Lakin bu mərkəz 9 qrant sazişindən yalnız ikisini qeydiyyatdan keçirib. Daha bir nümunə kimi “Sülh və Demokratiya İnstitutu”nu göstərmək olar. Bu institutun rəhbəri Leyla Yunus “Azərbaycan qadınları Qafqazda sülh və demokratiya uğrunda” QHT-nin təsisçisi olmadığı halda məhz bu təşkilatın hesablarından müxtəlif valyutalarda iri məbləğlər çıxararaq onlardan şəxsi məqsədləri üçün istifadə edib. Yalnız təəssüflənmək olar ki, xarici QHT-lərin Azərbaycandakı filialları və nümayəndəlikləri çox vaxt milli qanunvericiliyin tələblərini və beynəlxalq hüquq normalarını pozurlar.
Məsələn, son illərdə ABŞ-ın Milli Demokratiya Fondu (National Endowment for Democracy – NED) tərəfindən Azərbaycan QHT-lərinə 83 saziş üzrə təqribən 2,8 milyon manat, Amerika Milli Demokratiya İnstitutu (NDİ) tərəfindən 12 saziş üzrə təqribən yarım milyon manat, Beynəlxalq Araşdırmalar və Mübadilə Şurası (İREX) tərəfindən 35 saziş üzrə təqribən 900 min manat, Avropa Demokratiyaya Dəstək Fondu (EED) tərəfindən 300 min manat, Açıq Cəmiyyətə Dəstək Fondu (Lixtenşteyn) tərəfindən 625 qrant sazişi üzrə 7,6 milyon manat vəsait ayrılıb. Bu qrant sazişlərinin xeyli hissəsi qeydiyyata alınmayıb. Bəzi donorlar QHT-lərə pulu nağd, yəni, rəsmi sənədləşdirmə olmadan verirlər. Bu, ciddi hüquq pozuntusudur. Bütün bunlar heyrət doğurur, ən azı ona görə ki, nəticədə QHT-lər aldıqları vəsaitlərdən müvafiq vergiləri ödəmirlər. Bəzi QHT-lər aldıqları qrantları vətəndaş cəmiyyəti strukturlarının inkişafına deyil, ölkədə konstitusion quruluşu zorakılıqla dəyişmək cəhdlərinə yönəldirlər. Xarici donorlar müəyyən təşkilatları maliyyələşdirməklə onları Azərbaycan qanunlarını və ölkədə sabitliyi kobud şəkildə pozmağa məcbur edirlər. Bununla da həmin donorlar faktiki surətdə vətəndaş cəmiyyəti təsisatlarının inkişafı ilə məşğul olmaq əvəzinə, “beşinci kolon”dan olan müəyyən şəxslərə pul verərək onlardan Azərbaycan dövlətinə qarşı istifadə edirlər. Məsələn, Avropa Demokratiyaya Dəstək Fondu yeganə məqsədi Azərbaycan dövlətinə qara yaxmaq, Azərbaycanın nüfuzunu azaltmaq olan Meydan TV layihəsinə təqribən 300 min dollar məbləğində qrant ayırıb. Bu cür fəaliyyət siyasi riyakarlığın sübutu olmaqla bərabər, həm də vətəndaş cəmiyyəti ideyasının özünün əhəmiyyətinə ziyan vurur.
Vətəndaş cəmiyyəti təsisatlarına dövlət dəstəyində prinsip etibarilə heç bir pis cəhət yoxdur. Ölkədə vətəndaş cəmiyyəti quruculuğu yolunda Azərbaycan hökuməti də çox tədbirlər görür. Məsələn, 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılıb. Bu Şura 2008-ci ildə insan hüquqları və demokratiya sahəsində 20 layihəyə 166 min AZN məbləğində maliyyə ayırmışdısa, artıq 2013-cü ildə belə layihələrin sayı 46-ya, onların büdcəsinin ümumi həcmi isə 543 min AZN-ə çatıb. Məgər, bu, Azərbaycan dövləti tərəfindən vətəndaş sektorunun və demokratiyanın əsaslarının inkişafına diqqət və dəstəyin göstəricisi deyilmi? Elə isə bizim vətəndaş cəmiyyətini inkişaf etdirmək və dəstəkləmək cəhdlərimiz Qərb tərəfindən nə üçün tənqid edilir?
Paradoksal vəziyyət yaranır: Nə üçün Qərb ölkələrinə başqa dövlətlərdəki QHT-ləri maliyyələşdirmək olar və bu, “demokratiyanın inkişafına kömək” kimi təqdim edilir, amma dövlətlər özləri bunu edə bilməzlər. Məsələn, bizi ittiham edirlər ki, Azərbaycan öz QHT-lərini maliyyələşdirməklə və öz qanunları ilə vətəndaş sektorunun fəaliyyətini guya məhdudlaşdırır. Məgər, hər hansı demokratik dövlətin qanunvericiliyinin tələb etdiyi hesabat verilməsi, maliyyə aşkarlığı və pul köçürmələrinin transparentliyi təzyiq kimi qiymətləndirilə bilərmi? Bəlkə Azərbaycan xarici QHT-lər üçün xüsusi qanunvericilik yaratmalıdır? Bəlkə onlar üçün ümumiyyətlə qanunlar yazılmayıb? Lakin faktlar bunu deməyə əsas verir ki, xarici donorlar tərəfindən yaradılmış təşkilatlar demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafı naminə işləmir, onlar hökumətə təzyiq üçün əsas mexanizmlərdir və qrant verənlərin siyasi məqsədlərinin, iqtisadi maraqlarının reallaşdırılmasına xidmət edirlər. Xaricdən maliyyələşdirilən yerli QHT-lərin böyük əksəriyyəti demokratik ibarələrdən istifadə etməklə “beşinci kolon”lar rolunu yerinə yetirir, onların məqsədi ölkədə qeyri-sabitlik və ya kənardan idarə edilən hərc-mərclik yaratmaqdır.
Yeri gəlmişkən, istintaqla müəyyən edilib ki, saxlanılmış və həbs edilmiş üzdəniraq “insan hüquqları və azadlıqları uğrunda mübarizlər”in fəaliyyəti Qərbdə yaradılmış beynəlxalq strukturlar tərəfindən qeyri-qanuni şəkildə maliyyələşdirilirdi. Bu adamlar siyasi fəaliyyətinə görə deyil, cinayət xarakterli konkret əməllərə görə həbs ediliblər. Xaricdəki müəssisə və idarələr gizlətmirlər ki, üzdəniraq “siyasi məhbuslar” onların yaratdıqları “beşinci kolon”un nümayəndələridir. Buna görə də həmin şəxslərin həbs edilməsinə onların kəskin reaksiya verməsini anlamaq çətin deyil. Ağ Evdə belə bir fikri gizlətməyə heç çalışmırlar ki, Amerikanın xaricdəki QHT-ləri üçün qanun yazılmayıb. Məsələn, Barak Obamanın bu yaxınlarda imzaladığı “Vətəndaş cəmiyyəti haqqında” memorandumda açıq-aşkar deyilir ki, ABŞ xaricdəki vətəndaş cəmiyyəti təsisatlarının inkişafını dəstəkləmək üçün hətta xarici dövlətlərin qanunvericiliyinə qarşı çıxmağa hazır olmalıdır. Sənəddə deyilir: “Əgər yerli qanunlar vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyət imkanlarını məhdudlaşdırırsa və ya yerli qanunlar vətəndaş cəmiyyətinin iştirakçılarının və onların missiyalarının təhlükəsizliyi nəzərə alınmaqla əsas ifadə azadlığı, dinc yığıncaqlar və assosiasiyalar azadlığını məhdudlaşdırırsa, ABŞ hökuməti hətta bu halda da vətəndaş cəmiyyəti təşkilatları ilə işləyir. Xarici siyasət məsələlərinə cəlb edilmiş idarələr müvafiq vəsaitlərin köməyi ilə xarici dövlətlərin hökumətlərinin vətəndaş cəmiyyətinə Amerikanın köməyinin xarakterinə, ABŞ hökumətinin proqramlarının həyata keçirilməsi üçün fiziki və ya hüquqi şəxslərin, yaxud bu proqramların istifadəçilərinin seçiminə təsir göstərmək cəhdlərinə qarşı çıxış edəcəklər…”
Beləliklə, ABŞ başqa dövlətlərin daxili işlərinə qarışmasını gizlətməyə heç cəhd də göstərmir. Ağ Ev birmənalı bəyan edir ki, bütün dünyada işləyən bu cür təşkilatlara, yəni, “beşinci kolon”lara Amerika dövləti, həmin ölkələrin qanunvericiliyinin pozulmasına baxmayaraq, açıq dəstək verəcək və bunu ABŞ-ın milli maraqlarının irəliləməsi xatirinə edəcəkdir. Memorandumda göstərilən sahədə fəaliyyəti gücləndirmək üçün hətta bu siyasətə cəlb edilmiş dövlət idarələrinin sayı artırılıb. ABŞ-ın özündə isə xarici agentlərin qeydiyyatı haqqında 1938-ci ildə qəbul edilmiş Akt (FARA) hələ də qüvvədədir. Həmin Akta əsasən xarici şirkət və təşkilatların hökmən qeydiyyata alınması tələb edilir. Bəs, ABŞ-ın başqa ölkələrdən tələb etdiyi bərabər şərait hanı? Barak Obama bu il may ayında Vest-Pointdə çıxışında vurğulayıb ki, ABŞ özü dünyaya nümunə göstərir və bütün başqa ölkələrin riayət etdiyi qaydaların təsirindən özünü kənarlaşdıra bilməz. Onda belə bir sual yaranır: Bəs nə üçün Amerika qanunları xarici şirkətlərin və təşkilatların qeydiyyata alınmasını və hesabat vermələrini tələb edir və bu, ABŞ tərəfindən qanuni hesab edilir, amma başqa ölkələrin (o cümlədən Azərbaycanın) bu cür siyasəti QHT-lərin azadlığının məhdudlaşdırılması kimi qiymətləndirilir? Nəyə görə Amerika QHT-ləri olduqları ölkələrdə qeydiyyatdan keçmək və hesabat vermək istəmir, qanunvericiliyin müvafiq tələblərini vətəndaş cəmiyyətinə və qeyri-hökumət təşkilatlarına təzyiq kimi qiymətləndirirlər, halbuki ABŞ-ın özünün qanunları Birləşmiş Ştatlarda işləyən xarici təşkilatlar üçün bunu tələb edir? Məgər Barak Obama “Mən düşünmürəm ki, Amerikada seçkiqabağı kampaniyalar güclü maraq qrupları və bundan daha betəri, xarici təşkilatlar tərəfindən maliyyələşdirilməlidir” sözlərini məhz “beşinci kolon”un ABŞ siyasətinə təsirindən ehtiyat edərək deməyibmi?
Doğrudan da, qədim yunanlar demişkən, Yupiterə icazə verilən, Öküzə icazə verilməyib. Yenə ikili standartlar və güclünün hüququ. ABŞ-ın bəyan edilmiş siyasətindəki bütün bu uyğunsuzluqlar, onun qərəzliliyi və dövlətlərin ikitərəfli münasibətlərinin ziyanına olaraq xarici ölkələrdəki “beşinci kolon”ların açıq dəstəklənməsi Azərbaycana da, yəqin ki, dünya dövlətlərinin əksəriyyətinə də aşkar görünür. Deməli, bu dövlətlər müvafiq nəticələr çıxarmaqda və öz qanunvericiliklərinə düzəlişlər etməkdə haqlıdırlar. QHT-lərin fəaliyyəti və onlarla bağlı problemlər Amerikanın başqa ölkələrə demokratiya və vətəndaş cəmiyyəti modelini zorla qəbul etdirməsi məsələsinin bir tərəfidir. Məsələnin digər tərəfi lobbizm və Amerikanın xaricdəki nümayəndələrinin işi üçün onun beyin mərkəzlərində analitik adlandırılan materiallar hazırlanmasıdır. ABŞ-ın bəzi ştatlarının qanunvericilik orqanları tərəfindən sənədlər (məsələn, qondarma “dağlıq qarabağ respublikası”nın müstəqilliyinin tanınması barədə) qəbul edilməsində və Konqres komitələrində lobbiçilik çoxdan məlumdur.
Lakin ekspert arayışlarının hazırlanmasında ayrı-ayrı analitik mərkəzlərin və beyin mərkəzlərinin qərəzli mövqeyi Amerikanın öz KİV-ləri tərəfindən ifşa edilib. Onların arasında Brukinqs İnstitutu, Atlantika Şurası, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi kimi nüfuzlu təsisatlar və beyin mərkəzləri var. Norveç, Qətər, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr bu institutların iri donorlarıdır. Məsələn, Qətər dövləti 4 ildə Brukinqs İnstitutuna təxminən 15 milyon dollar sərmayə qoyub. Bu və digər ölkələrin sifarişinə əsasən hazırlanan ekspert arayışlarının əksəriyyəti müəyyən şəxslərə (konqresmenlərə, nazirlərə, hətta prezidentə) təqdim olunur və onların əsasında siyasi qərarlar qəbul edilir. Nəticədə ABŞ-da xarici siyasət məsələlərinə dair qərarlar qərəzli və qeyri-obyektiv informasiya əsasında qəbul olunur. Buna görə də Ağ Evin bir sıra regionlarda xaric