1948-ci ilin 10 dekabrında BMT-nin Baş Məclisi tərəfindən “İnsan hüquqları haqqında ümumi bəyannamə” qəbul edilmişdir…
1948-ci ilin 10 dekabrında BMT-nin Baş Məclisi tərəfindən “İnsan hüquqları haqqında ümumi bəyannamə” qəbul edilmişdir. 1950-ci ildən başlayaraq isə hər il dekabr ayının 10-u bütün dünyada “Beynəlxalq İnsan Hüquqları Günü” kimi qeyd olunur.
Dağlıq Qarabağ və ona bitişik 7 rayonun və əsasən də bu regionun əsas su mənbələrindən olan Sərsəng su anbarının işğal olunması nəticəsində Dağlıq Qarabağ və ona bitişik ətraf rayonlar ekoloji təhlükə qarşısında qalmışdır. Ərazi 20 ildən artıqdır ki, Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altında olduğundan cəbhəyanı rayonlarda yaşayan əhali Sərsəng su anbarından istifadə etmək imkanlarından məhrum edilib. Həmçinin sözügedən su anbarına, onun qurğularına və bəndinə texniki xidmət göstərilmədiyi üçün anbar qəzalı vəziyyətə düşmüşdür. Baş verə biləcək qəza işğal olunmuş ərazilər ilə yanaşı qonşu rayonlarda da ekoloji fəlakətə səbəb ola bilər. Bu isə insanların həyatına, səhhətinə, əmlakına zərər vurulmasına və digər hüquqlarının pozulmasına, habelə, regionda olan digər canlıların məhvinə gətirib çıxara bilər.
Ermənistanın Azərbaycana qarşı ekoloji terror siyasəti öz mahiyyəti və reallaşdırılması mexanizmləri baxımından olduqca müxtəlifdir. Bu baxımdan su ehtiyatlarının çirkləndirilməsi taktikası da Ermənistanın ekoloji terror siyasətinin əsas təsirli elementlərindən sayılır. İşğalçılıq siyasətini həyata keçirən ermənilər ekoloji terror vasitələrinə əl atıb, bununla da nəinki insanlığa qarşı, həm də təbiətə qarşı amansız cinayətlərə başlayıb. Erməni işğalçılarının Sərsəng su anbarı vasitəsilə həyata keçirdikləri ekoloji fəlakət dünya miqyasında diqqət çəkən ən böyük humanitar faciələrdən birinin xəbərçisidir.
Məhz bu səbəbdən İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlar kimi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA), “İnsan Hüquqları XXI-əsr Azərbaycan” Fondu və İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu öz doğma yurd-yuvalarından didərgin düşmüş, əsir, itkin və şəhid olmuş minlərlə vətəndaşımızın, habelə Sərsəng regionunda 400 000-dən artıq insanın ekoloji terrorun qurbanı olmalarının qarşısını almaq və pozulmuş hüquqlarının müdafiəsi məqsədilə 10 dekabr 2014-cü il tarixində jurnalistlərlə yanaşı Azərbaycan Respublikasında akkreditasiya olunmuş 58 ölkənin diplomatik nümayəndələrinə “Sərsəngə Yürüş” aksiyasında Sərsəng su anbarının işğalından ən çox əziyyət çəkən Tərtər rayonuna və onun bir sıra kəndlərinə səfər etmək üçün xüsusi dəvətnamə göndərmişdir.
Təşkilatçılar Diplomatik nümayəndəliklərin adı çəkilən aksiyada iştirak edəcəklərini ümid edir və Onların “Beynəlxalq İnsan Hüquqları Günü”-ndə bir milyona yaxın insanımızın pozulmuş və pozulmaqda davam edən əsas insan hüquq və azadlıqlarına laqeyd yanaşmayacaqları qənaətindədirlər.