Azərbaycan 146 ölkə ilə ticarət əməliyyatları həyata keçirib

Qeyri-neft məhsullarının ixracı 0,7 faiz artıb…

Qeyri-neft məhsullarının ixracı 0,7 faiz artıb.

2014-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 146 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 107 ölkəyə əmtəə ixrac olunub, 133 ölkədən idxal olunub. Xarici ticarət əlaqələri iştirakçılarının 44-ü Avropa, 32-si Amerika, 43-ü Asiya ölkələri və digərləridir. 

Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, on ayda xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 34 milyard 234,1 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 26 milyard 872,2 milyon dollar, idxalın həcmi 7 milyard 361,9 milyon dollar təşkil edib, nəticədə 19 milyard 510,3 milyon dollarlıq müsbət saldo yaranıb.

İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmas və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatların, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.

Qeyri-neft məhsullarının ixracı 2013-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 0,7 faiz artaraq 1,4 milyard dollar təşkil edib. Hər nəfərə düşən qeyri-neft məhsullarının ixracı 151,3 dollara bərabər olub. 

www.oxu.az