Əsas diqqət münaqişələrin həllinə yönəldilib…
Əsas diqqət münaqişələrin həllinə yönəldilib.
Azərbaycan, Gürcüstan və Türkiyənin XİN rəhbərləri dekabrın 10-da Qarsda baş tutan görüşdə birgə Qars bəyanatı imzalayıblar.
Oxu.Az xəbər verir ki, sənəddə Gürcüstan, Azərbaycan və Türkiyə arasında əməkdaşlığın regionda sabitliyin gücləndirilməsi, hər üç ölkənin rifah səviyyəsinin yüksəldilməsi, regional layihə və investisiyalar üçün daha əlverişli şərtlərin yaradılması və insanlar arasında əlaqələrin gücləndirilməsinə yönəldiyi vurğulanır.
Nazirlər öz bəyanatlarında əvvəl qəbul edilmiş sənədlərin – 8 iyun 2012-ci il tarixli Trabzon bəyannaməsi, 28 mart 2013-cü il tarixli Batumi kommünikesi və 19 fevral 2014-cü il tarixli Gəncə bəyanatını, həmçinin 2013-2015-ci illərdə üçtərəfli əməkdaşlıq planının əhəmiyyətini vurğulayıblar.
Görüş iştirakçıları mehriban qonşuluq, qarşılıqlı hörmət və inam prinsiplərinə riayət etməklə, strateji tərəfdaşlığın gücləndirilməsinə hazır olduqlarını təsdiqləyiblər.
Bəyanatda qeyd olunur ki, regionda mövcud olan, həllini tapmamış münaqişələr sülhü, sabitliyi pozur, iqtisadi inkişafa mane olur və buna görə də, dövlətlərin beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenlik və ərazi bütövlüyü prinsiplərinə uyğun olaraq təcili nizamlanmalıdırlar. Bu prinsiplər əsasında nazirlər Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiyada münaqişələrin təcili həllinin zəruri olduğunu bəyan ediblər.
Əsas vurğu energetika, nəqliyyat və iqtisadiyyat sahəsində birgə layihələrin həyata keçirilməsinə edilib.
Yeni yüksək gərginlikli elektrik xətlərinin çəkilişinin başa çatdırılmasının böyük əhəmiyyəti vurğulanıb. Bundan başqa, XİN rəhbərləri Cənub qaz dəhlizinin əsasını təşkil edən Transanadolu boru kəməri (TANAP) layihəsini dəstəklədiklərini bildiriblər.
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi bəyanatda “Avropa və Asiya arasında yeni rəqabətqabiliyyətli yol” kimi qiymətləndirilir. Bu layihə regionda ticarət və iqtisadi inkişafa dəstək göstərəcək. Nazirlər öz ölkələrinin müvafiq hökumət orqanlarına müraciət edərək, onları bu yolun çəkilişini tez bir zamanda başa çatdırmağa səsləyiblər.
Sənəddə həmçinin müzakirə mərhələsində olan layihələrin – Ələt şəhərindəki beynəlxalq dəniz limanının tikintisinin, Anakliyada yeni dərinsulu dəniz limanının tikintisinin və Bosfor boğazının altından keçəcək yeni dəmir yolu tunelinin inşasının başa çatdırılmasının əhəmiyyəti vurğulanır.
Yekunda Azərbaycan, Gürcüstan və Türkiyənin xarici siyasət idarələrinin rəhbərləri arasında müntəzəm üçtərəfli görüşlərin əhəmiyyəti vurğulanıb.