Bakıda özünü yandıran Qarabağ əlilinin ailəsinə ev verildi

“Zaur Həsənovun atası, həyat yoldaşı və qızı da işlə təmin edilib”…

“Zaur Həsənovun atası, həyat yoldaşı və qızı da işlə təmin edilib”.

Özünü yandırdıqdan sonra dünyasını dəyişən Qarabağ əlili Zaur Həsənovun ailəsinə daha bir mənzil verilib.

Oxu.Az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov deyib.

Mərhumun ailəsinin hazırkı vəziyyəti ilə bağlı danışan E.Əsədov qeyd edib ki, onun ailə üzvləri dövlət tərəfindən himayəyə götürülüb, dövlət tərəfindən 3 otaqlı yeni ev verilib:

“Zaur Həsənovun iki oğlu, üç qızı var. Onlara yüksək səviyyədə qayğı göstərilir. Biz də onlara tez-tez baş çəkirik. Mütəmadi olaraq dövlət tərəfindən həmin ailəyə yardım edilir. Uşaqlar üçün konkret vəsait müəyyənləşdirilib. Ailə üzvləri aya 300 manat ödənilməklə dövlət himayəsinə götürülüblər. Bütün bunlar Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə həyata keçirilir. Həmkarlar İttifaqları Konfederasiyası Zaur Həsənovun atasını, həyat yoldaşını və onun böyük qızını da işlə təmin edib. Onlar yüksək maaşla işləyirlər. Təxminən hər ay onun övladlarının kartına 1500 manat yüklənir”.

Daha sonra E.Əsədov qeyd edib ki, Z.Həsənovun ailəsinin mənzil problemi də həll edilib:

“Dövlət onları 3 otaqlı mənzillə təmin edib. Həmkarlar İttifaqları Konfederasiyasının köməkliyi ilə də həmin blokda da onlara daha bir 3 otaqlı mənzil verilib. Şəraitləri çox yaxşıdır”.

Qeyd edək ki, bundan öncə də dövlət tərəfindən Qarabağ əlili Zaur Həsənovun ailəsinə mənzil verilmişdi. Bu, sayca onlara verilən ikinci mənzildir.

www.oxu.az