Azərbaycanda pensiyaların orta aylıq məbləği 173 manata çatır

Büdcəyə daxil olmuş sığorta haqlarının məbləği 8 dəfə artıb…

Büdcəyə daxil olmuş sığorta haqlarının məbləği 8 dəfə artıb.

10 il ərzində DSMF-in büdcəsinə daxil olmuş sosial sığorta haqlarının məbləği 8 dəfə artaraq 1 milyard 780 milyon manatı ötüb. Bu artımlar, eləcə də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ayrılan əlavə dövlət dəstəyi hesabına pensiya xərclərinin ölkənin ÜDM-ə olan nisbəti əhəmiyyətli şəkildə yüksəlib, 2003-cü ildə 3,9% təşkil etdiyi halda, 2014-cü ildə 5%-ə çatıb.

Oxu.Az xəbər verir ki, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun sədriElman Mehdiyev Dünya Bankının nümayəndələri ilə görüşü zamanı bildirib.

Elman Mehdiyev qeyd edib ki, Azərbaycan pensiyaların orta aylıq məbləğinə görə MDB-nin 4 dövləti içərisində ön pillədə qərarlaşıb:

“2003-2014-cü illər ərzində əmək pensiyalarının orta aylıq məbləği 9,4 dəfə artaraq 18,4 manatdan 173 manata, yaşa görə pensiyaçılar üzrə əvəzetmə əmsalı 29,3 faizdən 43,4 faizə çatdırılıb.

Bu artım dinamikası MDB-nin pensiyaların məbləği nisbətən yüksək olan ilk 4 dövləti içərisində ən yuxarı artımdır. Bu sırada MDB-nin minimum əməkhaqqı göstəricisi yüksək olan ilk 3 dövləti arasında pensiyanın minimum məbləğinin əməkhaqqının minimum məbləğinə nisbətinə görə ölkəmizin ilk yerdə qərarlaşması xüsusi qeyd olunmalıdır”.

www.oxu.az