Dekabrın 23-nə təyin olunmuş bələdiyyə seçkiləri kampaniyasının normal və konstruktiv məcrada davam etdiyi bildirilib…
Dekabrın 23-nə təyin olunmuş bələdiyyə seçkiləri kampaniyasının normal və konstruktiv məcrada davam etdiyi bildirilib.
Gün.Az xəbər verir ki, bu gün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının bələdiyyə seçkiləri ilə əlaqədar oktyabr, noyabr və dekabr ayında həyata keçirdiyi monitorinqin nəticələrinin əks olunduğu aralıq hesabatı təqdim olunub.
Hesabatı təqdim edən AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı öncə təşkilatın Azərbaycanda 2004-cü ildən bu yana təşkil olunmuş bütün seçkilərdə əhatəli monitorinqlər apardığını, ölkədə exit-poll keçirmiş ilk yerli QHT olduğunu xatırladaraq, qurumun dekabrın 23-nə təyin olunmuş bələdiyyə seçkilərinə də diqqətlə yanaşdığını deyib.
M.Zülfüqarlı ilkin olaraq seçki prosesinin gedişatını ümumi şəkildə qiymətləndirərək, kampaniyanın normal və konstruktiv məcrada getdiyini qeyd edib.
Daha sonra statistik göstəricilərə nəzər salan M.Zülfüqarlı bu il 18 seçki dairəsini əhatə edən seçkilərdə 1 607 bələdiyyəyə 15 035 üzv seçilməli olduğunu deyib.
AVCİYA Seçki Qərargahının rəhbəri partiyaların bələdiyyə seçkilərində iştirak nisbətinə toxunaraq, kampaniyaya 30-a yaxın partiyaya mənsub olan namizədlərin qatıldığını deyib:
“Səkkiz siyasi partiyadan bələdiyyə üzvlüyünə namizədlər irəli sürülüb. Ümumilikdə isə namizədlər arasında otuz partiyanın təmsilçisi var.
Hakim Yeni Azərbaycan Partiyası seçkilərdə 14 min 800-dən çox namizəd irəli sürüb. Ondan başqa, Müsavat 20, Azərbaycan Demokrat Partiyası 5, Böyük Quruluş Partiyası 305, Vətəndaş Həmrəyliyi Partiyası 200, Ümid Partiyası 150, Demokratik İslahatlar Partiyası 140, Klassik Xalq Cəbhəsi Partiyası 100-ə yaxın namizədlə seçkidə iştirak edəcəklər.
Müxalifət təşkilatlarından Xalq Cəbhəsi Partiyası seçkiləri boykot etdiyinə görə bu partiyanın heç bir üzvü bələdiyyələrə namizədliyini irəli sürməyib”.
M.Zülfüqarlının sözlərinə görə, bələdiyyə seçkilərində iştirak etmək üçün 37 100 nəfərdən artıq namizəd qeydə alınıb. Bu göstərici ötən bələdiyyə seçkiləri ilə müqayisədə 7 min nəfər çoxdur.
Keçən dəfə hər bələdiyyə üzvlüyü yerinə 2-yə yaxın namizəd düşürdüsə, builki seçkilərdə hər bələdiyyə üzvlüyü yerinə 2,5 namizəd qeydə alınıb. Namizədliyini irəli sürənlərin 66% kişi, 34 % qadındır.
Bələdiyyə seçkilərinin təbliğat kampaniyasının gedişini dəyərləndirən M.Zülfüqarlı bildirib ki, bu məsələdə yalnız YAP sistemli fəaliyyət göstərərək, öz namizədlərinin təbliğatını effektli şəkildə qurur. M.Zülfüqarlı bələdiyyə üzvlüyünə namizədlərin yerli telekanallarda təbliğat aparmağa maraq göstərmədiklərini neqativ hal kimi qeyd edib. Seçki Qərargahının rəhbəri bu seçkilərdə beynəlxalq təşkilatların fəaliyyətinin görünmədiyini də diqqətə çatdırıb.
AVCİYA bələdiyyə seçkiləri günü 400 məntəqədə müşahidə aparmağı planlaşdırır. Bu ilki seçkilərin monitorinqini aparmaq üçün mindən artıq yerli müşahidəçi qeydiyyatdan keçib.
M.Zülfüqarlı Mərkəzi Seçki Komissiyasının (MSK) bələdiyyə seçkiləri çərçivəsində üzərinə düşən işləri lazımı səviyyədə yerinə yetirdiyini bildirib. Onun sözlərinə görə, MSK bələdiyyə seçkiləri ilə əlaqədar 83 qərar və 34 təlimat qəbul edib.
Bundan başqa bələdiyyə seçkiləri ilə əlaqədar seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində MSK “Müşahidəçilər üçün yaddaş”, “Seçki günü üçün yaddaş ” və “Polis əməkdaşlarının bələdiyyə seçkilərində iştirakına dair yaddaş” kitabçaları nəşr edib.
M.Zülfüqarlı daha sonra bələdiyyələrin fəaliyyətində effektivliyin artırılması istiqamətində AVCİYA-nın təkliflərini də açıqlayıb.