İŞİD-in yeni hədəfi: Bakının neft yataqları

“İslam Dövləti”nin daxili işlər naziri Abdul Vahid Xudayar Əhməd Azərbaycandan olan yaraqlıları bir yerə toplayaraq onları tərifləyib və Qərbin dəstəklədiyi Azərbaycan hakimiyyətinə qarşı silaha sarılmağa çağırıb…

“İslam Dövləti”nin daxili işlər naziri Abdul Vahid Xudayar Əhməd Azərbaycandan olan yaraqlıları bir yerə toplayaraq onları tərifləyib və Qərbin dəstəklədiyi Azərbaycan hakimiyyətinə qarşı silaha sarılmağa çağırıb.
Virtualaz.org vesti.az-a istinadən bildirir ki, bu barədə Another Western Dawn News adlı Avropa nəşri məlumat yayıb.
Məlumatda bildirilir ki, İŞİD artıq Yaxın Şərqə ayaq açıb. Bu səbəbdən də kəşfiyyatçı-ekspertlər neftlə zəngin Qafqaz regionunu gözlənilən təxribat təhlükəsi ilə bağlı ayıq-sayıq olmağa çağırırlar.
Artıq dəqiq məlumdur ki, İŞİD keçmiş SSRİ respublikalarında, o cümlədən Bəşər Əsəd tərəfdarlarına qarşı döyüşlərdə iştirak etmək üçün yüzlərlə vətəndaşının Suriyaya yollandığı Azərbaycanda mövcud sabitliyi pozmaq üçün konkret planlar hazırlayır.
Abdul Vahid Xudayar Əhməd öz çıxışında Bakının əfsanəvi neft yataqlarından danışıb və xatırladıb ki, İkinci Dünya müharibəsi vaxtı Hitler Almaniyası da ona sahib olmağa çalışıb: “ Biz Bakını, İslamın ən qiymətli şəhərlərindən birini xilas etməliyik. Heç şübhəsiz, Azərbaycanın və onun təbii sərvətlərinin İslam dünyasındakı yeri bərpa olunacaq”.
Nəşr onu da iddia edir ki, İslam cihadçılarını yönləndirən və maliyyələşdirən Səudiyyə milyonçuları hələ 1998-ci ildən başlayaraq Azərbaycanda gizli radikal mücahidlərin hazırlanmasına və formalaşdırılmasına başlayıblar. Məlumatda vurğulanır ki, sonradan Suriyaya yollananlar məhz həmin dəstələrdə hazırlıq keçənlərdir.
/istiqlal.az/