“Heç bir məqsəd bu cür hərəkətlərə haqq qazandıra bilməz”…
“Heç bir məqsəd bu cür hərəkətlərə haqq qazandıra bilməz”.
BMT-nin baş katibi Pan Gi Mun Parisdə ekstremistlər tərəfindən törədilmiş terror aktlarına cavab olaraq müsəlmanların sıxışdırılmasının yolverilməz olması ilə bağlı xəbərdarlır edib. Onun fikrincə, bu cür hərəkətlər gərginliyin artmasına səbəb ola bilər.
Oxu.Az-ın xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, baş katibin bəyanatında qeyd olunub ki, son həftə ərzində dünyada dini zəmində nifrət səbəbindən bir sıra hücumlar baş verib.
“Bu hadisələrdən sonra Pan Gi Mun xüsusi olaraq müsəlmanlara qarşı repressiyaların yolverilməzliyi barədə xəbərdarlıq edir. Bu cür əsassız əməllər yalnız terroristlərin xeyrinə olacaq, həmçinin zor tətbiq etməni artıracaq”, – sənəddə deyilir.
Pan Gi Mun bir daha terrorizmi kəskin pisləyib. “Heç bir məqsəd bu cür hərəkətlərə haqq qazandıra bilməz”, – deyə o qeyd edib.
Baş katib həmçinin bazar günü Parisdə terrorizm əleyhinə keçirilmiş həmrəylik yürüşünü alqışlayıb. BMT-ni bu yürüşdə Suriya üzrə elçi Staffan de Mistura təmsil edib.
Pan Gi Mun terror aktlarında dünyasını dəyişmiş şəxslərin yaxınlarına başsağlığı verib.
www.oxu.az