“Bütün maneələr aradan qaldırılıb”.
TAP-ın (Azərbaycan qazını Avropaya çatdıracaq layihə) həyata keçirilməsi artıq bir reallıqdır. Bu layihənin gerçəkləşməsi istiqamətində bütün maneələr aradan qaldırılıb. İtaliya hökuməti bu məsələdə öz dəstəyini nümayiş etdirdi. TAP boru kəməri ilk mərhələdə ildə 10 milyard kubmetr qazı Avropa bazarına çatdıracaq. Sonrakı illərdə bu rəqəm iki dəfə artırılacaq.
Oxu.Az xəbər verir ki, bu sözləri Dövlət Neft Şirkəti (SOCAR) prezidentinin müşaviri Murad Heydərov İtaliyanın ANSA xəbər agentliyinə müsahibəsində bildirib.
“Rusiya Prezidenti Vladimir Putinin “Cənub axını” qaz kəmərinin tikintisinin dayandırılması ilə bağlı qərarı TAP-ın strateji əhəmiyyətini daha da artırdı. Bu layihənin potensialı daha real görünür”- deyə, Murad Heydərov qeyd edib.
M.Heydərov SOCAR-ın gələcək fəaliyyəti ilə bağlı da fikirlər səsləndirib: “Əsas hədəfimiz Mərkəzi və Şərqi Avropada fəaliyyətimizi genişləndirməkdir. Növbəti illərdə bir sıra digər infrastruktur layihələrinin iştirakçısı olmaq niyyətindəyik”.