Ekspert: 2015-ci ildə manatı sınaq gözləyir

“Hər şey neftin qiymətindən asılı olacaq”…

“Hər şey neftin qiymətindən asılı olacaq”.

Mərkəzi Bankın valyuta ehtiyatının azalmasının əsas səbəbi Rusiya amilidir. Rusiyada rublun ucuzlaşması həmin ölkədə daşınmaz əmlakın dəyərini ucuzlaşdırdı.

Oxu.Az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Samir Əliyev Mərkəzi Bankın valyuta ehtiyatlarının azalmasının səbəblərini şərh edərkən bildirib.

Ekspert qeyd edir ki, Rusiya böhranı noyabr-dekabr aylarında Mərkəzi Bankın ehtiyatlarının 10%-ni itirməsi ilə nəticələndi:

“Azərbaycanlı sahibkarlar kütləvi şəkildə öz vəsaitlərini dollara çevirərək Rusiyanın əmlak bazarına yönəltdilər. Dekabr ayı manat üçün çox gərgin keçdi. Mərkəzi Bankın gündəlik intervensiyası manatı saxlaya bildi. Mərkəzi Bank təkcə dekabrda bazara 1,2 milyarddan çox dollar çıxartmaq məcburiyyətində qaldı”.

Ekspertin proqnozuna görə, 2015-ci ildə manatı sınaq gözləyir:

“Mərkəzi Bank manatın sabitliyini təmin etmək üçün valyuta ehtiyatını xərcləməli olacaq. Bu işə təbii ki, Neft Fondu da qoşulacaq. Neft Fondunun da aktivlərində azalma müşahidə ediləcək. İstənilən halda hər şey dünya bazarında neftin qiymətinin hansı istiqamətdə hərəkət etməsindən asılı olacaq”.

Xatırladaq ki, ehtiyatların həcmi il ərzində 14 milyard 152 milyondan, 13 milyard 759 milyon  dollara düşüb.

Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları artıq 5-ci aydır azalma tendensiyası nümayiş etdirir. İyul ayında ehtiyatın həcmi özünü ən yüksək həddində olub – 15 milyard 193 milyon dollar. Sonrakı aylarda azalma müşahidə edilib. Azalma daha çox dekabr ayına təsadüf edib. Mərkəzi Bank ötən ilin son ayı 1 milyard 238 milyon dollar itirib.

www.oxu.az