Mərkəzi Bank: Manat 2015-ci ildə də sabit valyuta olaraq qalacaq

Bank açıqlama verdi…

Bank açıqlama verdi.

Mərkəzi Bank (MB) bəzi kütləvi informasiya vasitələrində Bankın valyuta ehtiyatlarının həcminin dəyişməsi ilə bağlı dərc edilən yazılara rəsmi münasibət bildirib.

MB-dan Oxu.Az-a verilən məlumata görə, valyuta ehtiyatlarının saxlanılmasının başlıca məqsədləri pul və valyuta siyasətinin həyata keçirilməsi və ölkə daxili maliyyə sabitliyinin təmin olunmasıdır.

Bankın açıqlamasında qeyd olunub ki, Mərkəzi Bankın valyuta ehtiyatları makroiqtisadi sabitliyin mühüm amillərindən biri olmaqla məzənnə sabitliyinin qarantı, valyuta böhranlarına qarşı “təhlükəsizlik yastığı”dır. Bununla əlaqədar valyuta bazarında tələb və təklifin balanslaşdırılmasına nail olmaq üçün Mərkəzi Bank bazara alış və ya satış yönlü müdaxilələr edir.

Bu məqsədlə də Mərkəzi Bank tərəfindən 2014-cü ildə valyuta bazarına alış və satış yönlü müdaxilələr edilib. 

“Belə ki, 2014-cü ilin 11 ayı ərzində manatın məzənnəsinin ABŞ dollarına qarşı kəskin bahalaşmasının qarşısını almaqdan ötrü valyuta bazarında təklifin tələbi üstələməsini nəzərə alaraq 1 milyard 270 milyon ABŞ dolları məbləğində alış yönlü müdaxilə edib. Lakin, dekabr ayında qonşu ölkələrdə, xüsusilə Rusiya Federasiyasında valyuta bazarında baş verən böhran nəticəsində rublun kəskin ucuzlaşması, o cümlədən digər qonşu ölkələrdə milli valyutaların məzənnəsinin əhəmiyyətli düşməsi Azərbaycanın valyuta bazarına psixoloji təsir göstərib. 
Açıqlamada o da qeyd olunur ki, nəticədə 2014-cü ilin dekabr ayının ortalarında ABŞ dollarına tələbat yaranmış və bazarda yaranan yeni durumu tənzimləmək üçün öz funksiyasına uyğun olaraq Mərkəzi Bank qeyri-nağd və nağd şəkildə bazara 1 milyard 127 milyon ABŞ dolları məbləğində satış yönlü müdaxilə edib.

Qeyd edək ki, beynəlxalq reytinq agentlikləri bu yaxınlarda Azərbaycan manatını MDB və Şərqi Avropa məkanında, habelə təbii resurslarla zəngin ölkələr arasında ən sabit və etibarlı valyuta kimi tanıyıblar.

Mərkəzi Bankının 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd olunduğu kimi manatın məzənnəsinin sabitliyi bu il də mühüm siyasət prioritetidir. Belə ki, sabit məzənnə 2015-ci ildə də makroiqtisadi sabitliyin vacib lövbəri olacaq.
www.oxu.az