Kamil Səlimov: Azərbaycan Fransa deyil – MÜSAHİBƏ

“Bizdə bir neçə terror təhlükəsi vektoru mövcuddur”…

“Bizdə bir neçə terror təhlükəsi vektoru mövcuddur”.

Oxu.Az-ın suallarını terrorizmlə mübarizə sahəsində ekspert, hüquq elmləri doktoru, BDU-nun Professoru və “Kriminalistika və Məhkəmə ekspertizası” kafedrasının müdiri Kamil Səlimov cavablandırır.  

– Parisdə məlum terror aktlarından sonra Fransa və dünyanın digər ölkələri təhlükəsizlik tədbirlərini gücləndirir, ilkin olaraq İslam fundamentalizmi tərəfindən saçan terrorla birgə mübarizənin labüdlüyünü vurğulayırlar. Terror təhlükəsi Azərbaycanda nə dərəcədə ciddidir?

– Prinsipcə, bu təhlükə heç bir zaman istisna edilmir, həm də bizdə bir neçə terror təhlükəsinin vektoru mövcud olduğu halda. Birinci vektor – erməni, daha dəqiq Ermənistan hakimiyyəti tərəfindən dövlət terrorizm siyasəti, eləcə də Dağlıq Qarabağ separatçıları tərəfindən təhlükə. Onlardan birincisi daha təhlükəlidir, çünki Ermənistan tərəfindən dəstəklənir.

İkinci vektor – Azərbaycanda və digər ölkələrdə son zamanlarda geniş yayılan dini ekstremizm, radikalizmdir. Bu, xaricdə döyüşlərdə iştirak edənlərə də aiddir. Nümunə göstərmək üçün çox uzağa getmək lazım deyil. Bizdə artıq dini ekstremizmə dair cinayətə görə cəza çəkən 300 nəfərdən artıq adam var.

Əsas odur ki, xüsusi xidmətlər tərəfindən tədbirlər görülür və çox şükür ki, 1994-cü ildən indiyə qədər terrorizm özünü açıq şəkildə bəyan etməyib. Əlbəttə, hər şey ola bilər, Azərbaycan müstəqil siyasət aparır. Amma yenə də bu gün hesab edirəm ki, xüsusi xidmətlər tərəfindən ciddi iş aparılır və nəticələr göz qabağındadır.

Və unudulmaması lazım olan daha bir amil var, bu amil Şimali Qafqaz istiqaməti ilə əlaqədardır. O, digər amillərlə qarşılıqlı əlaqədədir, buna Türkiyədə baş verən hadisələr nümunə gətirilə bilər. İl ərzində yalnız Dağıstan ərazisində 250 terror aktı həyata keçirilir. Azərbaycan-Rusiya sərhəddinin hər iki tərəfində yaşayan xalqın mədəni və dini eyniliyini nəzərə alsaq, bu istiqaməti də təhlükə siyahısından istisna etmək olmaz. “Dağıstan camaatı”, “Meşə qardaşları” qruplaşmaları və s. – bunlar məlum amillərdir.

Amma əsas odur ki, vəziyyət nəzarət altındadır.

– Azərbaycan digər ölkələrdən nümunə götürərək və cinayətlərin, o cümlədən də terror aktlarının məhz mühacirlər tərəfindən həyata keçirildiyini nəzərə alaraq, ölkəyə gələn əmək mühacirlərinə nəzarəti sərtləşdirməlidirmi?

– Mən Azərbaycanda və Fransada baş verən miqrasiya proseslərini müqayisə etməzdim.  Fransa imperiya olub. Bilirsiniz ki, onun rəhbərliyi altında demək olar ki, bütün Afrika olub. Ona görə də bu xalqlar tarixi olaraq bir-biri ilə əlaqədə olublar.

İkincisi, Fransa iqtisadiyyatı çoxlu sayda mühacir tələb edir. Ondan fərqli olaraq, Azərbaycan kiçik dövlətdir, bizə lazım olan qədər gələn mühacirlər miqrasiya xidməti və hüquq-mühafizə orqanları tərəfindən nəzarət altında olurlar. Onlar haqqında bütün informasiya toplanılır. Düşünmürəm ki, məkrli fikri olan insanlar Azərbaycan ərazisində ola bilərlər.

– KİV-də İŞİD (“İslam Dövləti”) nümayəndəsinin Yaxın Şərqdə qeyri-qanuni silahlı qurumda iştirak edən azərbaycanlıları öz vətənlərində konstitusiyaya zidd fəaliyyətə çağırması haqqında informasiya yayılıb. Bununla əlaqədar Qərb və digər ölkələrin xüsusi xidmət orqanları ilə fəal beynəlxalq əməkdaşlığa gərək varmı?

– “İslam Dövləti”nin vəzifəsi cari quruluşları devirərək İslam dövlətinin yaradılmasıdır. Burada yeni heç bir şey yoxdur. Əgər beynəlxalq əməkdaşlıq olmasaydı Azərbaycan ərazisində terror aktlarının qarşısını almaq mümkün olardımı? Məhz belə qarşılıqlı fəaliyyətin nəticəsində bizə diplomatik, xüsusi və hərbi orqanlar tərəfindən informasiya daxil olur. Əks halda bizim bu həcmdə informasiyanı əldə etməyə resursumuz yoxdur.

Diqqət edin, axı Azərbaycanın “Eurovision”u belə uğurlu keçirməsi heç də təsadüfi deyil, indi isə ona Birinci Avropa Oyunlarının keçirilməsini həvalə ediblər. Təsəvvür edin ki, təhlükəsizlik səviyyəsi bizdə necə səviyyədədir ki, Avropa dövlətləri bura yüzlərlə vətəndaşını yollayır.

Qeyd edim ki, Qərbin bütün ölkələri öz demokratikliklərinə baxmayaraq partnyorlarına operativ məlumat çatdırırlar. Məsələn, Türkiyəyə hər il 35 milyon turist gəlir. Türk hökuməti tərəfindən arzuolunmaz şəxslərin üzə çıxarılması üçün göndərilən orta hesabla 7 min sorğudan yalnız 5 min cavab gəlir. Deməli, qalan 2 min nəfərin içində terrorçuların olma ehtimalı yüksəkdir.

Azərbaycanla isə bütün Avropa ölkələri əməkdaşlıq edir. Həm ABŞ, həm Qərb və qalan ölkələr.

Yekun olaraq demək istərdim ki, əlbəttə ki, suallar var, amma əsas odur ki, onlar uğurla həll edilirlər.

www.oxu.az