“İraq Şam İslam Dövləti”nin (İŞİD) daxili işlər naziri Abdul Vahid Xudayar Əhməd Azərbaycandan olan yaraqlıları bir yerə toplayaraq onları tərifləyib və Qərbin dəstəklədiyi Azərbaycan hakimiyyətinə qarşı silaha sarılmağa çağırıb…
“İraq Şam İslam Dövləti”nin (İŞİD) daxili işlər naziri Abdul Vahid Xudayar Əhməd Azərbaycandan olan yaraqlıları bir yerə toplayaraq onları tərifləyib və Qərbin dəstəklədiyi Azərbaycan hakimiyyətinə qarşı silaha sarılmağa çağırıb. Virtualaz.org bildirir ki, bu barədə “Another Western Dawn News” adlı Avropa nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, İŞİD artıq Yaxın Şərqə ayaq açıb.
Bu səbəbdən də kəşfiyyatçı-ekspertlər neftlə zəngin Qafqaz regionunu gözlənilən təxribat təhlükəsi ilə bağlı ayıq-sayıq olmağa çağırırlar. Artıq dəqiq məlumdur ki, İŞİD keçmiş SSRİ respublikalarında, o cümlədən Bəşər Əsəd tərəfdarlarına qarşı döyüşlərdə iştirak etmək üçün yüzlərlə vətəndaşının Suriyaya yollandığı Azərbaycanda mövcud sabitliyi pozmaq üçün konkret planlar hazırlayır. Abdul Vahid Xudayar Əhməd öz çıxışında Bakının əfsanəvi neft yataqlarından danışıb və xatırladıb ki, İkinci Dünya müharibəsi vaxtı Hitler Almaniyası da ona sahib olmağa çalışıb: “Biz Bakını, İslamın ən qiymətli şəhərlərindən birini xilas etməliyik. Heç şübhəsiz, Azərbaycanın və onun təbii sərvətlərinin İslam dünyasındakı yeri bərpa olunacaq”.
Nəşr onu da iddia edir ki, İslam cihadçılarını yönləndirən və maliyyələşdirən Səudiyyə milyonçuları hələ 1998-ci ildən etibarən Azərbaycanda gizli radikal mücahidlərin hazırlanmasına və formalaşdırılmasına başlayıblar. Məlumatda vurğulanır ki, sonradan Suriyaya yollananlar məhz həmin dəstələrdə hazırlıq keçənlərdir.
İŞİD rəsmisinin dedikləri nə dərəcədə realdır? Paris terroru hansısa formada Bakıda reallaşa bilərmi? Bu suallarla Təhlükəsizlik Orqanlarının sabiq əməkdaşı Arzu Nağıyevə müraciət etdik.
A.Nağıyev bildirir ki, Fransada baş verənlərin Azərbaycanda təkrarı real deyil: “Fransada bir gündə baş vermiş terror aktı və girov götürülməsi ilə əlaqədar 16 nəfər saxlanılıb. Parisin prokuroru Fransua Mollen bildirib ki, bu şəxslər Səid və Şərif Kuaşi qardaşları və Ahmedi Kulibali ilə əlaqəli olublar. O da məlumdur ki, Şərif Kuaşı 2011-ci ildə Yəməndə yaşayıb, ”Əl Qaidə ” ilə təmasda olub. 20-yə yaxın insanı girov götürərək “Charlie Hebdo” jurnalına silahlı hücum edən Kuaşi qardaşlarının buraxılması tələbini irəli sürən A.Kulibali isə “İŞİD” qruplaşmasının üzvü olduğunu etiraf edib. Bu işdə diqqət çəkən məqamlardan biri də həmin terrakt hadisəsinin təhqiqatı ilə məşğul olan polis komissarı Elrik Fredunun iş otağında intihar etməsi və şübhəli şəxslərdən birinin Həyat Bumeddyenin Fransadan Türkiyəyə, oradan isə Suriyaya qaçmasıdır.
Terror hadisəsindən sonra Yəməndə yerləşən “Əl Qaidə ” və İŞİD, yenidən terror hadisələrinin təkrarlanacağı ilə bağlı bəyanatlar verdi. Bu hadisələr zamanı insan haqlarını və digər azad sözü bəhanə gətirənlər Fransa hüquq-mühafizə orqanlarının bir neçə terroristin əlində qaldığını və gücsüz olduğunu büruzə verdi. Necə ola bilər ki, həmin terrorçulardan biri Yəməndə olub və özü ilə silah gətirir və yenidən ora qayıdır və s. Müşahidə kameraları ilə izlənən bir şəhərdə belə hadisələr baş verir. Azərbaycanla bağlı onu demək olar ki, dini ayinlərin icrası, dini əqidəyə hörmət və bu kimi məsələlər qanunlarla tənzimlənir. Bundan başqa terror hadisələrinin baş verməməsi üçün müvafiq tədbirlər həyata keçirilir. Əlbəttə, 100 faiz bundan sığortalanmaq da mümkün deyil. Eyni zamanda bu gün Azərbaycanda bu dərəcədə dini radikallaşma da yoxdur. Tolerantlıq mühiti mövcuddur. Hüquq-mühafizə orqanlarının anti-terror əməliyyatlarını keçirilməsi ilə əlaqədar qarşılıqlı əməliyyat tədbirləri planı mövcuddur. Əsas məsələ isə Suriya, İraq, Əfqanıstan və digər ölkələrdə radikal dini hərbi birləşmələrdə iştirak edərək Azərbaycana qayıdan həmin şəxslərin cəmiyyətdən təcrid edilməsi öz bəhrəsini verir və bu düzgün siyasətdir. Məhz buna görə də Fransa ssenarisinin Azərbaycanda təkrarı inandırıcı görünmür… “
Milli Təhlükəsizlik Nazirliyindən verilən açıqlamada vəziyyətin nəzarət altında olduğu bildirilib: “Azərbaycan Respublikasının milli maraqlarına, mənafelərinə, təhlükəsizliyi əleyhinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir və əməliyyat şəraitinə nəzarət olunur”.
/FAKTXEBER/