Deputatlarımız Türkiyəyə uçurlar

Tədbirdə Oqtay Əsədovun çıxışı gözlənilir…

Tədbirdə Oqtay Əsədovun çıxışı gözlənilir.

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı (İƏTPİ) Konfransının 10-cu sessiyasında iştirak etmək üçün yanvarın 20-də İstanbula yola düşəcək.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, nümayəndə heyətinin tərkibinə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, deputatlardanGövhər BaxşəliyevaMirkazım Kazımov,Sabir Rüstəmxanlı və digər şəxslər daxildir.

Sessiyada İslam Əməkdaşlıq Təşkilatı və onun Parlament İttifaqı arasında Anlaşma və Əməkdaşlıq memorandumu ratifikasiya olunacaq, qurumun ixtisaslaşmış komitələrinin təqdim etdikləri sənədlərin müzakirəsi keçiriləcək, bir sıra təşkilati məsələlərə baxılacaq.

Tədbirdə O. Əsədovun da çıxışı gözlənilir.

Sessiyada Azərbaycan deputatları təşkilatın Siyasi məsələlər və xarici əlaqələr, İqtisadi məsələlər və ətraf mühit, İnsan hüquqları, qadın və ailə məsələləri, Mədəni və hüquqi məsələlər, sivilizasiyalar və dinlər arasında dialoq üzrə komitələrinin toplantılarına qatılacaqlar.

İclaslarda “XXI əsrin problemlərinə cavab: qlobal sülh, ədalət, sabitlik və təhlükəsizlik” mövzusunda müzakirələr aparılacaq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı, terrorizmə qarşı mübarizə, İslam dövlətləri arasında viza məsələlərinin sadələşdirilməsi, ticarət dövriyyəsinin artırılması, İslam mədəni irsinin qorunması və digər məsələlər müzakirə olunacaq.

Səfər çərçivəsində O. Əsədovun sessiyada iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulub.

www.oxu.az