Maliyyə Nazirliyi məlumat yaydı…
Maliyyə Nazirliyi məlumat yaydı.
Maliyyə Nazirliyi ABŞ Dövlət Departamentinin Maliyyə Şəffaflığı üzrə İllik Hesabatında Azərbaycanın maliyyə şəffaflığı üzrə minimal tələblərə cavab verməyən ölkələr sırasına aid edilməsinə münasibət bildirib.
Oxu.Az xəbə r verir ki, “APA-Economics”in sorğusuna cavab olaraq nazirliyin mətbuat xidmətindən bildirilib ki, 2012 və 2013-cü illərdə ABŞ Dövlət Departamentinin Maliyyə Şəffaflığı üzrə İllik Hesabatında maliyyə şəffaflığı üzrə minimal tələblərə cavab verməyən ölkələr sırasına Azərbaycanın adı daxil edilmədiyi halda məhz 2014-cü ildə adıçəkilən hesabata yer alması təəccüb doğurur.
Nazirlikdən əlavə olaraq bildirilib ki, son 4-5 il ərzində ölkədə büdcə prosesinin beynəlxalq standartlara uyğun olaraq daha da təkmilləşdirilməsi, onun şəffaflığının, ünvanlığının və ictimaiyyətə açıqlığının təmin edilməsi istiqamətində məqsədyönlü işlər aparılmışdır. Belə ki, bu istiqamətdə hökumət tərəfindən görülən ardıcıl işlər çərçivəsində hər il üçün dövlət və icmal büdcələrinin layihələri üzrə təqdimat Milli Məclisə təqdim olunmamışdan əvvəl Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir (son dörd ilin büdcə layihələrinin təqdimatı http://www.maliyye.gov.az/node/1128 ). Həmçinin, dövlət və icmal büdcələrinin göstəricilərinin ətraflı, sadə və anlaşıqlı dildə vətəndaşlara çatdırılması üçün “Vətəndaşın büdcə bələdçisi” kitabı hazırlanaraq ictimailəşdirilir (http://www.maliyye.gov.az/node/1666).
“Azərbaycan hökuməti tərəfindən dövlət büdcəsinin tərtibi, təsdiqi, icrası proseslərinin, dövlət maliyyəsinin idarə olunması və hesabatlılıqla bağlı həyata keçirilən bütün bu tədbirlər bu günlərdə elə beynəlxalq qiymətləndirmədə öz müsbət əksini tapmışdır. Beləki, Dünya Bankı, Avropa İttifaqı və İqtisadi Məsələlər üzrə İsveçrə Dövlət Katibliyi tərəfindən Azərbaycanda həyata keçirilən Dövlət Xərcləri və Maliyyə Hesabatlılığının (PEFA) qiymətləndirilməsi hesabatında (http://www.maliyye.gov.az/node/1778) ölkəmizin ciddi irəliləyişlərə nail olduğu qeyd olunmuş, büdcə zərfinə daxil edilən sənədlərin əhatəliliyinin artırılması, büdcə layihəsinin tərtibi qrafikinə ciddi əməl olunması, büdcə təsnifatının təkmilləşdirilməsi, ortamüddətli büdcə proqnozlaşdırılmasının tətbiqi, davamlı olaraq dövlət büdcəsinin gəlirləri üzrə proqnozun artıqlaması ilə yerinə yetirilməsi, dövlət büdcəsinin xərcləri üzrə vaxtı ötmüş borcların yaranmasının qarşısının alınması, büdcə prosesində qanunvericilik orqanının iştirakının artması və digər istiqamətlər üzrə nailiyyətlər vurğulanıb. Son 3 ilin (2011-2013-cü il) dövlət maliyyəsinin idarə edilməsi sahəsi üzrə göstəricilərin qiymətləndirilməsi əsasında hazırlanmış hesabatda ölkəmiz 31 göstəricidən 17-si üzrə ciddi irəliləyişlər və yüksək nəticələr əldə edilmişdir”-deyə mətbuat xidmətinin açıqlamasında qeyd olunur.
Nazirlik Azərbaycanda büdcə prosesinin daha da şəffaflaşdırılması və ictimaiyyətə açıqlığının təmin edilməsi sahəsində hər hansı milli müstəvidə deyil, beynəlxalq aləmdə qəbul olunmuş prinsip və qaydalara (PEFA qiymətləndirilməsi kimi) bir daha sadiqliyini təsdiq edərək bundan sonra da həmin prinsiplər əsasında büdcə fəaliyyətini davam etdirəcəyini bəyan edir.