SSRİ-nin keçmiş müdafiə naziri Lider TV-yə müsahibə verib…
SSRİ-nin keçmiş müdafiə naziri Lider TV-yə müsahibə verib.
Bu gün Azərbaycanda, Sovet ordusununu Bakıda müxalifətin siyasi çıxışlarını yatırarkən törədilən “Qara Yanvar”ın növbəti ildönümünü qeyd edirlər. Sovet ordusunun hissələrinin, daxili qoşunlarının və xüsusi təyinatlı dəstələrin Bakıya daxil olması dinc əhaliyə divan tutmaları ilə müşayiət edilirdi.
Ümumi olaraq 133 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib və 5 nəfər itkin düşüb. 200 ev və mənzil, 80 avtomobil, o cümlədən təcili yardım maşınları dağıdılıb və yandırılıb. Qətlə yetirilənlər arasında qadınlar, uşaqlar və qocalar, eləcə də tibb və milis işçiləri olub.
Yanvarın 19-dan 20-nə keçən gecə cəlladları digərləri – xüsusi qoşunlar əvəz edərək Bakıya şəhərdə qalanları məhv etmək üçün daxil oldular. O faciəli gecənin şahidləri indiyə qədər şokdadırlar, baxmayaraq ki, həmin hadisədən artıq 20 ildən çox vaxt ötür. Onlar dinc əhaliyə qarşı belə vəhşiliyin səbəbini anlaya bilmirlər, axı heç kim öz ölkəsinin hərbi qüvvələrindən belə hərəkət gözləmirdi.
Ölkənin müdafiə naziri o zaman Dmitri Yazov idi, Qorbaçovun siyasi qərarlarının icrasını məhz onun adına yazırlar. Azərbaycanın Lider TV kanalının Rusiyada xüsusi müxbiri Anar Həsənov hərbi hospitalların birində müalicə alan Sovet İttifaqının 90 yaşlı marşalı ilə söhbət edib.
– Dmitri Timofeyeviç, deyirlər hər kəsin öz həqiqəti var, amma mən şəxsən belə düşünmürəm. Hər kəsin öz həqiqəti ola bilməz, həqiqət bir dənədir. Mən bu ifadəni SSRİ-nin süqutunda heç də kiçik rolu olmayan Qarabağ münaqişəsi ilə əlaqədar xatırladım. Bununla əlaqədar sizin fikrinizi bilmək istərdim, baş verənlərdə günahkar kimdir?
– Ermənistanda zəlzələ zamanı Qorbaçov yenidənqurmasının dövrü idi. Münaqişə başlamışdı, mən görkəmli erməni mədəniyyət xadimlərinin iclasında iştirak etmişdim. Yazıçı Silva Kaputikyan Qarabağ haqqında danışmağa başlayanda Qorbaçov özünəməxsus tərzdə soruşdu:
“Siz Arsax haqqında danışırsız?” Ermənilər Qarabağı “Arsax” adlandırırlar və bu, onların xoşuna gəldi. Onlar Qorbaçova gülümsəyərək: “Siz tarixi bilirsiz” dedilər. Əslində isə Qorbaçov tarix ilə tanış deyildi, bunu ona kim isə danışmışdı və o, bu ifadəni işlətməklə ermənilərin xoşuna gəlmək istədi. Bu görüşdə ciddi məsələlərə toxunuldu. Ermənilər Qarabağı Azərbaycandan ayırmağı tələb edirdilər.
İclasda həmçinin, MK Siyasi bürosunun üzvləri Nikolay Rıjkov, Slyunnikov iştirak edirdilər. Biz bir-birimizə baxdıq və başa düşdük ki, Qorbaçov düzgün söhbət aparmır, ocağa yağ tökmək olmaz. Mən müdafiə naziri kimi artıq bilirdim ki, ermənilər 172 min azərbaycanlını öz torpaqlarından qovublar.
Xüsusilə Sumqayıtda vəziyyət daha gərgin idi. Bu, Siyasi büroda şoka səbəb oldu. Qorbaçov Kryuçkovu, məni və Bakatini çağıraraq, Bakıda vəziyyətin çox gərgin olduğunu, Bakıya ezamiyyə edilən Qrienko və Primakovla danışdığını, onların Bakıda təcili olaraq fövqəladə vəziyyət elan etmək lazım olduğunu bildirdi. Belə ki, o, “azərbaycanlılar erməniləri pəncərələrdən atır və ordan böyük qan düşəcəyi ehtimalı var” dedi. Kryuçkov o zaman hiylə işlətdi, öz əvəzinə müavini Bobkovu yolladı. Mən isə özüm getdim, nəticədə isə nümayəndə heyətində başçı oldum. Bakıda Qrienko, Primakov, Mütəllibov və Azərbaycan MK-ın digər üzvləri yığıldılar və mən bəyan etdim ki, günorta saat 3-dən fövqəladə vəziyyət elan edəcəyik.
Moskvanın Çkalov aeroportundan uçarkən mən artıq hansı desant alaylarını hansı regionlara göndərmək haqqında əmr vermişdim. Biz radio ilə şəhərə qoşunların yeridilməsini elan etdik, televiziya ilə bunu edə bilmədik, belə ki, onu partlatmışdılar. Bilmirəm bunu kim etmişdi. Amma radio ilə şəhərə qoşunların yeridildiyi üçün, insanlardan küçəyə çıxmamalarını xahiş etdik. Həm də qoşun ora öldürmək üçün deyil, vəziyyəti sabitləşdirmək, ermənilər və azərbaycanlılar arasında münaqişənin dərinləşməsinin qarşısını almaq üçün yeridilmişdi.
– Bakıda rəsmi məlumata görə 133 nəfər həlak olub.
– Siz qoşunların yeridilməsi zamanı nəzərdə tutursunuz?
– Bəli, məhz o zamanı.
– Biz bir nəfər də adam öldürməmişik.
– Amma faktlar var ki, bir neçə insan avtomatların süngüsü ilə qətlə yetirilib, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları isə öz avtomobillərində qətlə yetiriliblər.
– Mənə bizim əsgərlərin kimi isə güllələməsi haqqında məlumat verilməyib.
– Dmitri Timofeyeviç, bəs tankın altında qalan təcili yardım maşını?
– Mən tank altında qalan heç bir təcili yardım maşını haqqında bilmirəm. Bakıda ümumiyyətlə, tank olmayıb. Bakıda hərbi piyadalar idi.
– Bakıda səfərdə olan Putin Şəhidlər Xiyabanını ziyarət edib və bunu Sovet İttifaqının rəhbərliyinin hərbi cinayəti adlandırıb.
– Qoy desin. O, bunu Sovet İttifaqının cinayəti adlandırır? Axı sovet hakimiyyəti yalnız Moskvada deyildi, həm də Azərbaycanda idi. Bu gün hamı Sovet İttifaqında olan bütün yaxşı şeyləri inkar edir. Putinin bu bəyanatı olanları necə isə izah etmək üçün edilib…
– Biz sizinlə o hadisələrin növbəti ildönümü ərəfəsində görüşürük. Siz özünüzü 20 Yanvar hadisələrində günahkar hesab edirsinizmi, yoxsa sadəcə əmri yerinə yetirdiyinizi düşünürsüz?
– Günahkar hesab edirəmmi? Mən başqasının əmrini yerinə yetirirdim, indi həmin əmrləri verən insan hər şeyi inkar edir. Mən o dövrdən bəri ölkədən çıxa bilmirəm. Hara gedə bilərəm, məni həbs edə bilərlər, çünki qoşunu mən yeritmişəm, fövqəladə vəziyyəti mən elan etmişəm, insanların güllələnməsində də məni günahkar hesab edirlər.
Kimi ittiham edirlər? Məni, Yazovu! Mən insanlara atəş açmağı əmr etməmişdim. Bakıda olduğu kimi, elə Vilnüsdə də. Mən gəlmişdim, çünki göndərmişdilər. Yalnız məni deyil, daxili işlər nazirini, dövlət təhlükəsizliyi katibini də göndərmişdilər. Məgər ölkədə daxili vəziyyət üçün yalnız mən cavab verməliyəm?
/Oxu.az/