“Ermənistan Türkiyənin güclənməsinə qarşı durmaq üçün yaradılmış süni dövlətdir”…
“Ermənistan Türkiyənin güclənməsinə qarşı durmaq üçün yaradılmış süni dövlətdir”.
Oxu.Az Siyasi Texnologiyalar Mərkəzinin prezidenti Vəli Əlibəyov ilə müsahibəni təqdim edir:
– Türkiyənin baş naziri Əhməd Davudoğlu çərşənbə axşamı türk-erməni münasibətlərinin normallaşdırılmasının xeyrinə danışıb. Necə düşünürsünüz, bu bəyanatın məğzi nədir?
– Siyasət dilində onlarla şablon, hətta deyərdim növbətçi ifadələr mövcuddur və siyasətçilər zaman-zaman onları öz nitqlərində istifadə etməyi borc bilirlər. “Münasibətlərin normallaşdırılması” ifadəsi – bu, müasir siyasət xadimlərinin bir növ vizit kartıdır. Onlar öz hakimiyyətlərinin sülhsevərliyini nümayiş etdirməyə çalışırlar. Dünya ictimaiyyəti tərəfindən Birinci dünya müharibəsi zamanı “erməni soyqırımı”na görə qınaq mənbəyinə çevrilən Türkiyə üçün belə leksikon labüddür. Amma sirr deyil ki, onlar bundan bəzən özlərinin “ziyanına” istifadə edirlər.
2015-ci il “Əsrin yalanı”nın, yəni qondarma “erməni soyqırımı”nın 100 illiyidir. Bu il ermənilərin həddən artıq fəallaşması gözlənilir və təbii ki, Türkiyə konkret tədbirlər görməlidir. Bu nöqteyi-nəzərdən Davudoğlunun sözlərini türk hakimiyyətinin müdafiə siyasətinin tərkib hissəsi kimi qəbul etməyə meyilliyəm.
– Türkiyənin bu məsələdə Azərbaycanın maraqlarında olmayan hansısa addımları atacağı ehtimalı varmı?
– Hər bir dövlət ilkin olaraq öz maraqlarını nəzərə alaraq hərəkət edir. Bu, normaldır. Amma tarixən belə olub, Azərbaycan və Türkiyə maraqları eynidir. Türkiyənin güclü Azərbaycana ehtiyacı olduğu qədər, Azərbaycanın da güclü Türkiyəyə ehtiyacı var. Ermənistan Türkiyənin güclənməsinə qarşı durmaq üçün yaradılmış süni dövlətdir. Türkiyə tərəfindən Ermənistana edilən istənilən güzəşt ilk növbədə Türkiyənin maraqlarına zərər verəcək. Mən ehtimal edirəm ki, Türkiyə öz maraqlarına qarşı çıxmayacaq…
– Bütün dünya erməniləri “erməni soyqırımı”nın 100 illiyinə hazırlaşır. “Türkiyənin islamlaşdırılması və onun Avropadan daha çox uzaqlaşdırıldığına” dair tənqidlərin səsləndirildiyini nəzərə alsaq, dünyanın aparıcı ölkələri və təşkilatlarının buna dair ciddi qərarlar qəbul edəcəkləri ehtimalı nə dərəcədədir?
– Düşünmürəm ki, 2015-ci ildə “erməni soyqırımı”na dair ciddi qərarların şahidi olacağıq. Əlbəttə, biz “orta səviyyəli” adlanan ictimai təşkilatların, siyasi, ictimai və din xadimlərinin cəlb edilməsinə cəhd edilən “nəhəng erməni şousu”nun şahidi olacağıq. Amma düşünmürəm ki, hansısa ciddi beynəlxalq təşkilat və ya rəhbərlik buna dair ciddi bəyanat versin. Bu gün Türkiyə adekvat cavab verə biləcək güclü dövlətdir. Bunu hamı anlayır və bununla hamı hesablaşır.
O ki qaldı Türkiyənin islamlaşdırılmasına və onun Avropadan uzaqlaşmasına dair tənqidə, bu, təəssüf ki, təkzib edilməz faktdır… Türkiyə hər zaman ideal elit islam dövləti, sivilizasiyalar arası körpü olub. Bu gün Türkiyəni artıq dinlərarası məsələlərdə beynəlxalq bitərəf arbitr kimi qiymətləndirmirlər…
– Azərbaycan və Türkiyə prezidentlərinin ermənilərin bütün dünyaya “2015-ci il soyqırımı”nı təqdim etməsinin qarşısını almaq üçün razılaşma perspektivlərini necə dəyərləndirirsiniz?
– Azərbaycan və Türkiyə diasporası artıq çoxdandır ki, iki qardaş ölkəyə aidiyyatı olan məsələlərdə qarşılıqlı fəaliyyət göstərirlər. Mən özüm bir neçə dəfə Avropada belə tədbirlərin iştirakçısı olmuşam. Bu, istər 1990-cı ilin 20 Yanvar faciəsi, istər Xocalı soyqırımı, istər Ermənistanın Azərbaycan ərazilərinin işğalına və istərsə də Türkiyənin ərazisində təbii fəlakətlərə həsr olunsun, hamısı eyni ağrı kimi qəbul edilir. Düşünürəm ki, iki ölkənin prezidentlərinin razılaşması bu qarşılıqlı fəaliyyəti və koordinasiyanı gücləndirəcək, bunun sayəsində isə 2015-ci il bütün “erməni soyqırımı” tərəfdarlarının xəyallarının puç olduğu bir il olacaq.