Mətbuata açıqlama verildi…
Mətbuata açıqlama verildi.
Azərbaycan Prezidenti İlham Əliev bildirib ki, Azərbaycan bütün ölkələrin, o cümlədən Ukraynanın ərazi bütövlüyünü tanıyır.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan BMT Baş Assambleyasında keçirilən səsvermədə də Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyib.
“Biz hesab edirik ki, bu, beynəlxalq hüququn əsas prinsipidir. Ölkələrin ərazi bütövlüyü ölkələrin razılığı olmadan dəyişdirilə bilməz. Əgər pozulubsa, əlbəttə ki, bərpa olunmalıdır”.
Almaniya kansleri Angela Merkel Azərbaycanla iqtisadi əlaqələrə toxunaraq qeyd edib ki, iki ölkə arasında 2,5 milyard avro həcmində ticarət dövriyyəsi mövcuddur.
Kansler həmçinin deyib ki, iki ölkə münasibətləri ilə bağlı Azərbaycan prezidenti ilə eyni fikirdədirlər.
“Münasibətlərin və əməkdaşlığın daha da inkişaf etdirilməsi niyyətindəyik”, deyə kansler bildirib.
18:35
Almaniyanın kansleri Angela Merkel ölkəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların tərəfdarı olduğunu bildirib.
“Biz bilirik ki, cənab Əliyev dəfələrlə erməni həmkarı ilə görüşüb. O, bununla da danışıqlara hazır olduğunu göstərir. Biz hesab edirik ki, münaqişə sülh yolu ilə həll olunmalıdır. Almaniya cəbhədə atəşkəsin pozulması hallarının artmasından narahatdır və biz bu halları araşdıracağıq.
Merkel həmçinin münaqişənin həlli istiqamətində Rusiyanın rolunun çox böyük olduğunu da vurğulayıb.
“Rusiya bəzi məsələləri Ermənistanla birgə edir. Buradan da belə bir nəticəyə gəlmək olar ki, biz Qarabağ münaqişəsinə ikili standartlarla yanaşmırıq”, – deyə, Avropanın Dağlıq Qarabağ münaqişəsinə ikili standartlarla yanaşması barədə sualı cavablandıran Merkel bildirib.
18:07
İlham Əliyev görüş zamanı, həmçinin regional təhlükəsizlik məsələlərinə toxunulduğunu bildirib.
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün prioritet məsələdir. Bu, həm Azərbaycan, həm də region üçün böyük təhlükə mənbəyidir. Bildiyiniz kimi, uzun illər ərzində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri Ermənistan tərəfindən işğal edilib. Bir milyon azərbaycanlı işğaldan əziyyət çəkir. Beynəlxalq təşkilatlar, ilk növbədə BMT tərəfindən 4 qətnamə qəbul edilib.
Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələb olunur. Əfsuslar olsun ki, Ermənistan buna məhəl qoymur və sadəcə olaraq status-kvonu olduğu kimi saxlamaq istəyir. Bu münaqişə beynəlxalq hüquq, norma və prinsipləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”, prezident bəyan edib.
17:58
Görüşdən sonra İlham Əliyev və Angela Merkel mətbuat üçün açıqlama ilə çıxış ediblər.
İlham Əliyev Almaniyaya səfərə dəvət üçün Angela Merkelə təşəkkür edib.
“Siz qeyd etdiyiniz kimi bu şərəfli əlaqələrimizin gündəliyi çox genişdir və bu gün çox açıq və səmimi şəkildə bu məsələləri müzakirə etdik. Siyasi əlaqələrimiz çox uğurla inkişaf edir.
Əminəm ki, mənim səfərim bizim siyasi əlaqələrimizin inkişafına təkan verəcək. Siyasi əlaqələr bütün digər sahələrə də müsbət təsir göstərir,” dövlət başçısı deyib.
İki ölkə arasında iqtisadi əməkdaşlığa toxunan İlham Əliyev deyib ki, Azərbaycanda çoxsaylı alman şirkətləri fəaliyyət göstərir.
“Biz onların fəaliyyətini dəstəkləyirik. Gələcəkdə həm podratçı və investor kimi alman şirkətləri Azərbaycanda daha çox işlər görə bilərlər. Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir. Azərbaycanda çoxsaylı infrastruktur layihələri icra edilir və alman şirkətlərinin ölkəmizdəki fəaliyyəti uğurla davam etdiriləcəkdir”, İlham Əliyev bildirib.
Merkel isə öz növbəsində deyib ki, Azərbaycan prezidenti ilə bir çox məsələlər ətrafında fikir mübadiləsi aparıblar, geosiyasi vəziyyəti müzakirə ediblər.
“Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışdıq. Avropa Şurasının, Avropa İttifaqının bu məsələdə töhfə verə biləcəyini müzakirə etdik. Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər”, deyə o bildirib.
Almaniya kansleri görüşdə Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığını davam etdirməsi, Şərq Tərəfdaşlığı çərçivəsində münasibətlərin genişləndirilməsi barədə də müzakirələr apardıqlarını qeyd edib.
17:49
Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya işgüzar səfəri çərçivəsində bu ölkənin federal kansleri Angela Merkellə görüşüb.
Xəbər yenilənir.