“Hələ çox işlər görülməlidir”…
“Hələ çox işlər görülməlidir”.
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaranmış humanitar problemin həlli və itkinlərin taleyinin aydınlaşdırılması üçün hələ çox işləmək lazımdır.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın milli təhlükəsizlik naziri, Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Eldar Mahmudov adı çəkilən qurumun iclasında bildirib.
E.Mahmudovun sözlərinə görə, Ermənistanın təxribatı yalnız qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqla bitmir.
“Terrorçuluğu və təcavüzkar separatçılığı dövlət siyasətinin əsas xəttinə çevirmiş Ermənistan, eyni zamanda, dinc insanlara qarşı da təxribat siyasəti yeritməkdə davam edir”.
E.Mahmudov Kəlbəcər girovlarından da danışıb:
“2014-cü ilin iyulunda yaxın qohumlarının məzarlarını ziyarət etmək məqsədilə Azərbaycanın Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonunun ərazisinə getmiş Dilqəm Əsgərov və Şahbaz Quliyev işğalçı dövlətin hərbçiləri tərəfindən girov götürülüb, Həsən Həsənov isə qətlə yetirilib. Hadisənin baş verdiyi andan Ermənistan bu məsələyə qeyri-humanitar mövqedən yanaşıb və tamamilə aidiyyəti olmayan müxtəlif uydurma məlumatlar yayıb.
Ölkə rəhbərinin daim diqqətində olan girovlarla bağlı məsələ üzrə Azərbaycanın müvafiq beynəlxalq təşkilatlar qarşısında vaxtında və əsaslandırılmış tələblər qaldırıb. Lakin bütün səylərə baxmayaraq, qarşı tərəfin tutduğu qeyri-konstruktiv mövqeyə görə girovların azad edilməsi mümkün olmayıb. Həsən Həsənovun meyitinin qaytarılması prosesi isə üç ay uzanıb”.
E.Mahmudov bəyan edib ki, işğal olunmuş Dağlıq Qarabağdakı qondarma rejim vasitəsi ilə məhkəmə şousu təşkil edilib.
“Təbii ki, heç bir dövlət və beynəlxalq qurum tərəfindən tanınmamış və beynəlxalq hüququn subyekti olmayan qəsbkar rejimin nə özünün, nə də məhkəməsinin verdiyi hər hansı qərarın hüquqi əsası yoxdur və bu hərəkət qəbuledilməzdir. Bu, Ermənistanın müharibə qurbanlarını siyasi təzyiq vasitəsinə çevirmək cəhdinin növbəti nümunəsidir”.
MTN rəhbəri vurğulayıb ki, təcavüz nəticəsində yaranmış humanitar problemin həlli və itkinlərin taleyinin aydınlaşdırılması üçün hələ çox işlər görülməlidir.
“Müharibə qurbanı kateqoriyasına aid edilən əsir-girov və itkin düşmüş şəxslərin məsələləri ilə məşğul olan Komissiya hər bir vəziyyətə hazır olmalıdır”.