“Atəşkəsə qədərki döyüşlərin gedişində 11 nəfər itkin düşüb”…
“Atəşkəsə qədərki döyüşlərin gedişində 11 nəfər itkin düşüb”.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 31 nəfərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov götürülməsi ehtimalını yaradan faktlar müəyyənləşdirilib.
Bu barədə Dövlət Komissiyasının iclasında komissiyanın katibi Firudin Sadıqov bildirib.
Dövlət Komissiyasından Oxu.Az-a verilən məlumata əsasən, katib deyib ki, ötən dövr ərzində Dövlət Komissiyası və BQXK-də itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərlə bağlı mövcud olan siyahılar arasında dəqiqləşmənin aparılması və fərqin ortadan qaldırılması istiqamətində işlər davam etdirilib. Aparılmış işlərin nəticəsi kimi 22 nəfərlə bağlı dəqiqləşdirilmiş məlumatlar BQXK-nın Azərbaycandakı nümayəndəliyinə göndərilib.
Hesabat dövründə aparılmış araşdırma zamanı 11 nəfərin də atəşkəsə qədərki döyüşlərin gedişində itkin düşməsi faktı aşkar edilərək Dövlət Komissiyasında qeydiyyata alınıb və barələrində zəruri axtarış-araşdırma işinə başlanıb.
33 itkinin isə taleyi müəyyənləşdirildiyi üçün adları siyahıdan çıxarılıb, onlardan 6 nəfərinin həlak olduğu, 5 nəfərinin itkin düşmədiyi, 22 nəfərin isə adının siyahıda təkrar keçdiyi dəqiqləşdirilib. 2014-cü il dekabrın 10-na olan məlumata görə, 4009 nəfər itkin düşmüş, 1428 nəfər isə əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb.
Aparılmış axtarış-araşdırma tədbirləri nəticəsində 35 Azərbaycan vətəndaşının hərbi əməliyyatların gedişində Ermənistan hərbçiləri və erməni terrorçu-quldur birləşmələri tərəfindən əsir-girov götürülməsi və sonradan müxtəlif yollarla azad edilməsi faktı aşkarlanıb və onlar müvafiq qeydiyyata götürülüblər.