971 cinayət işi başlanılıb…
971 cinayət işi başlanılıb.
İl ərzində departamentə daxil olmuş 1024 material üzrə 971 cinayət işi başlanılıb. Qeyd edim ki, bu göstərici 2013-cü ilə nisbətdə 452 cinayət işi çoxdur.
Oxu.Az xəbər verir ki, bu sözləri Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi Vidadi Məmmədov Vergilər Nazirliyinin qəzetinə müsahibəsində bildirib.
Departamentin rəisi bildirib ki, başlanmış cinayət işləri ilə bağlı vergi ödəyicilərinin fəaliyyət istiqaməti üzrə təsnifata nəzər salsaq görərik ki, daha çox ixtisaslaşdırılmamış (ərzaq, məişət və digər) məhsulların alqı-satqısı, təmir-tikinti xidməti, tikinti materiallarının alqı-satqısı fəaliyyəti ilə məşğul olan şəxslər vergi ödəməkdən yayınırlar.
2014-cü il ərzində vergi ödəməkdən yayınma cinayəti törətmiş şəxslər daha çox ƏDV, sadələşdirilmiş vergi və mənfəət vergisi üzrə ödəyicilər olublar.
Onun sözlərinə görə, 49 cinayət işi üzrə ümumilikdə 32 milyon 950 min 452,94 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınan şəxslərin 49-u barəsində Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı qəbul edilib, onlara ittiham elan olunub, həmin şəxslərdən 9-u barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilərək cinayət işləri ittiham aktı ilə məhkəməyə göndərilib.
Rəisin sözlərinə görə, ötən il departament tərəfindən aparılmış əməliyyat-istintaq tədbirləri zamanı 109 müəssisə təsis edərək külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınan 6 nəfərdən ibarət qabaqcadan birləşmiş cinayətkar qrup – mütəşəkkil dəstə zərərsizləşdirilib və həmin şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib:
“Vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmış şəxslərin müxtəlif müəssisələr təsis edərək tender və kotirovkalarda iştirakının qarşısının alınması məqsədi ilə adlarına 1886 müəssisə olan 35 şəxs barədə məlumatlar dövlət orqanlarına, təhsil müəssisələrinə göndərilib”.