“Onların aqrar, yüksək texnologiyalar sektoruna marağı zəifdir”…
“Onların aqrar, yüksək texnologiyalar sektoruna marağı zəifdir”.
Əhalinin əhəmiyyətli hissəsini təşkil edən gənclər ölkənin əsas innovativ potensialı və əmək resursudur. Ali təhsilli gənclərin sayının ilbəil artmasına baxmayaraq, gənc mütəxəssislərin bilik və bacarıqlarının səviyyəsi əmək bazarının və işəgötürənlərin tələblərinə yetərincə cavab vermir.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nda əksini tapıb.
Strategiyada gənclərin probleminə toxunularaq qeyd olunur ki, gənc mütəxəssislərin bilik və bacarıqlarının səviyyəsi əmək bazarının və işəgötürənlərin tələblərinə yetərincə cavab vermədiyindən müvafiq peşə sahiblərinin sayının azalması ilə yanaşı, həmin təklifin əcnəbi işçi qüvvəsi ilə əvəz olunmasına gətirib çıxarır.
Nəticədə, bir sıra peşələr üzrə kadr çatışmazlığı yaranır, gənclər arasında işsizlik artmış olur. Ölkə üçün əhəmiyyət kəsb edən bəzi ixtisaslara (kənd təsərrüfatı, yüksək texnologiyalar və s.) maraq çox zəifdir. Ali təhsil alanların çox az qismi regionlarda işləməyə meyil göstərir.
Strategiyada əks olunub ki, təhsil sisteminin, xüsusilə də peşə təhsilinin surətlə inkişaf edən ölkə iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması günümüzün zərurətinə çevrilib.