Fransalı səfir İlham Əliyevə təşəkkür etdi

“Bu barbarlığa haqq qazandırmaq mümkün deyil”…

“Bu barbarlığa haqq qazandırmaq mümkün deyil”.

Parisdə törədilmiş qətllərin ertəsi günündən etibarən mənə ünvanladığınız həmrəylik və şəfqət məktubları üçün Fransa Dövləti və Fransa Səfirliyinin komandası adından sizə səmimi qəlbdən təşəkkürümü bildirirəm. Bu qətllər yalnız Fransa üçün deyil, həm də bütün dünyada dini və siyasi baxışından asılı olmayaraq azadlıq dəyərlərinə və insana hörmətlə yanaşan hər bir qadın, hər bir kişi üçün dərin hüzn idi.

Oxu.Az xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfirliyinin rəsmi veb-saytında səfir Paskal Monyenin adından yayılmış bəyanatda bildirilir.

Səfir qeyd edir ki, birinci qətlin elan olunmasından dərhal sonra Prezident İlham Əliyev Prezident Fransua Ollanda və Fransa xalqına başsağlığı məktubu ünvanlayıb, Mehriban Əliyeva qurbanların xatirəsini yad etmək üçün səfirliyə gül dəstəsi göndərib:  

“Charlie Hebdo” redaksiyasında çalışan jurnalistlər ifadə və söz azadlığını müdafiə etdikləri üçün güllələr vasitəsilə qətlə yetiriliblər və bu barbarlığı törətmiş iki terrorist islamın sülh mesajından kənar hərəkət ediblər. Kaşer mağazasının günahsız müştəriləri yəhudi olduqlarına görə qətlə yetiriblər.

Bu barbarlığa haqq qazandırmaq mümkün deyil. İfadə və söz azadlığı Fransa Respublikasının fundamental dəyərləri olaraq, Dövlətin dindən ayrı olmasını təmin edən dünyəvilik konsepti ilə uyğunluq təşkil edir”.

Səfir həmçinin qeyd edib ki, “Charlie Hebdo” tərəfindən çap edilmiş peyğəmbərin çoxsaylı karikaturaları, habelə qətldən sonra sağ qalmış jurnalistlər tərəfindən hazırlanmış jurnalın ön səhifəsinin dünyada və Fransada bir çox müsəlmanlara toxunduğunu bilir:

“Mən bunu anlayıram, lakin Fransanın Xarici İşlər Naziri Loran Fabius bildirdiyi kimi burada keçilməsi mümkün olmayan hədd zorakılıqdır və zorakılığın praktikası nə bu gün nə də gələcəkdə qəbul edilməyəcəkdir. Məhkəmənin müstəqil olduğu Fransa kimi demokratiyada qanun hər bir vətəndaşı qorumaq üçündür. Hər bir vətəndaş məhkəməyə şikayət edə bilər. Hüquqa riayət edilməsini təmin edən məhkəmədir”.

www.oxu.az