İlham Əliyev: Son 11 ildə ölkədə 1 milyon 360 min yeni iş yeri açılıb – YENİLƏNİB

“Ötən 11 ildə ölkədə 10 min kilometr yol çəkilib”…

“Ötən 11 ildə ölkədə 10 min kilometr yol çəkilib”.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının icrasının 1-ci ilinin yekunlarına” həsr olunmuş  konfrans keçirilib.

Prezident İlham Əliyev konfransda iştirak edib.  

Konfransda çıxış edən İlham Əliyev dedi ki, regionların sosial-iqtisadi inkişafına dair üçüncü dövlət proqramının qəbulundan 1 il keçir.

Ötən dövrdə dünyada siyasi, iqtisadi və maliyyə böhranının yeni mərhələsinin başlanmasına baxmayaraq Azərbaycanda sabitliyin və inkişafın hökm sürdüyünü deyən dövlət başçısı bu amilin əsasında iqtidarla xalq arasında olan birliyin dayandığını diqqətə çatdırdı.

Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, regionların sosial-iqtisadi inkişafına dair üçüncü dövlət proqramı da uğurla icra olunacaq və nəticədə əvvəllər olduğu kimi, bütün ölkə üzrə investisiya proqramlarının icrası, sahibkarlara verilən dəstəyin, quruculuq-abadlıq işlərinin davam etdirilməsi və digər məsələlərin həlli müntəzəm xarakter daşıyacaq. Son 11 ildə regionların inkişafı ilə bağlı əldə olunan nəticələrin kifayət qədər ciddi dayaqlarının olduğunu deyən Prezident İlham Əliyev bunu statistik rəqəmlərlə əsaslandırdı.

Prezident İlham Əliyev dedi ki, son 11 ildə ölkədə 1 milyon 360 min yeni iş yeri açılıb, onlardan 1 milyonu daimidir. Həyata keçirilən tədbirlər nəticəsində işsizlik və yoxsulluq indi 5 faiz səviyyəsindədir:

“Bununla yanaşı, dünyanın aparıcı reytinq agentlikləri ölkəmizin reytinq göstəricilərini artırıb, Davos İqtisadi Forumu Azərbaycanı inkişaf göstəricilərinə görə dünya üzrə 38-ci yerdə qərarlaşdırıb. Dövlət başçısı onu da vurğuladı ki, hazırda dünyanın inkişaf etmiş ölkələrinin belə xarici yardımlardan bəhrələndiyi bir vaxtda Azərbaycan bütün uğurlara öz imkanları hesabına, təkbaşına çatıb”

İqtisadi gücün siyasi səhnədə də öz sözümüzü deməyə, milli maraqlarımızı qorumağa imkan yaratdığını vurğulayan Prezident İlham Əliyev Azərbaycandan fərqli olaraq Ermənistanın aciz durumundan danışdı:

“Kriminal rejimin rəhbərlik etdiyi bu ölkənin öz çirkin və işğalçılıq siyasətindən əl çəkmədiyi təqdirdə onun müstəmləkə durumunun daha da dərinləşəcək”.

Ölkədə sosial sahənin də inkişaf etdiyini qeyd edən Prezident İlham Əliyev bildirdi ki, indi ölkədə orta aylıq əmək haqqı 565 dollar, orta pensiya 221 dollardır:

“Bu illərdə 2900 məktəb, 560 tibb ocağı tikilib və təmir olunub. Regionlarda 41 olimpiya-idman, o cümlədən 30 gənclər mərkəzi yaradılıb. Son 11 ildə məcburi köçkünlər üçün 84 qəsəbə salınıb, fərdi yaşayış evləri tikilib, 210 min məcburi köçkün yeni evlərə köçürülüb. Bu məqsədlər üçün 2,6 milyard dollar vəsait xərclənib.

Bu illər ərzində paytaxtda və bölgələrdə böyük infrastruktur layihələrinin həyata keçirildiyini deyən dövlət başçısı bildirdi ki, son 11 ildə ümumi gücü 2400 meqavat olan 23 elektrik stansiyası tikilib, ölkədə 64 min müəssisə yaradılıb.

İndi bütün şəhərlərdə qazlaşma 100 faiz səviyyəsindədir və hazırda bu işlər kənd yerlərində davam etdirilir. Ötən 11 ildə ölkədə 10 min kilometr yol çəkilib, 340 körpü-tunel tikilib, bölgələrdə 4-ü beynəlxalq olmaqla 6 aeraport inşa olunub. Son illərdə ölkədə içməli su layihələri də icra edilib, nəhəng meliorasiya tədbirləri həyata keçirilib”.

Prezident İlham Əliyev Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi nəhəng enerji və nəqliyyat layihələrinin ölkəmizin gücünü daha da artırdığını bildirdi.  

Yekun çıxışında Prezident İlham Əliyev qarşıda duran bütün planların  həyata keçirilməsi üçün makro-iqtisadi sabitliyin qorunub saxlanmasının zəruri olduğunu diqqətə çatdırdı.

Ötən il iqtisadiyyatın 3 faiz, qeyri-neft sektorunun 7 faiz artdığını deyən dövlət başçısı görülən işlər zamanı israfçılığa yol verilməməsinin vacibliyini vurğuladı, investisiya proqramına ancaq prioritet məsələlərin salındığını qeyd etdi. Dövlət başçısı bu il məktəblərin, səhiyyə ocaqlarının, uşaq bağçalarının tikintisinin, zəruri infrastruktur layihələrinin icrasının davam etdiriləcəyini, yeni iş yerlərinin yaradılması istiqamətində tədbirlər görüləcəyini diqqətə çatdırdı.

Bununla yanaşı, Prezident İlham Əliyev vurğuladı ki, qeyri-neft sektorunun inkişafı, sahibkarlığa dətəyin göstərilməsi də prioritet sahələr sırasındadır. Dövlət başçısı hər bir rayonda sənaye zonalarının yaradılması, ölkədə istehsal olunan məhsulların xaricə çıxışının təmin edilməsi, dünyadakı qabaqcıl təcrübələrin Azərbaycanda tətbiqi, həmçinin, istifadəsiz torpaqlara nəzarət mexanizminin gücləndirilməsi, torpaqların elektron uçotunun aparılması ilə bağlı tapşırıqlarını verdi.

Prezident İlham Əliyev ekoloji vəziyyət və turizmin inkişafından danışdı, korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə əldə olunan uğurları qeyd etdi, vətəndaş-məmur münasibətləri məsələsində də Azərbaycanın nümunəvi ölkə olmasının vacibliyinə diqqət çəkdi. Sonda Prezident İlham Əliyev Azərbaycanın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi.

13:06

Bu gün Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib.

Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev konfransda iştirak edib.

Dövlət başçısı konfransda giriş nitqi söylədikdən sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri Heydər Əsədov, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov çıxış ediblər.

Daha sonra Azərbaycan prezidenti konfransda yekun nitqi söyləyib.

www.oxu.az