Müsabiqə üç mərhələdən ibarət olacaq…
Müsabiqə üç mərhələdən ibarət olacaq.
Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələrinin Birinci Beynəlxalq Müsabiqəsi cari ilin iyun-iyul aylarında keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə 2015-ci ilin yanvar ayının 27-də Qazaxıstan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Xəbər verildiyi kimi bu müsabiqədə Qazaxıstan, Rusiya, Azərbaycan və Türkmənistan gəmilərinin heyəti və dəniz piyadalarının dəstələrinin şəxsi heyəti iştirak edəcək.
Müsabiqə üç mərhələdən ibarət olacaq:
Birinci – “Xəzər derbisi”. Burada dəniz piyadaları dəstələrinin hərbçiləri qoyulan marşrutu maksimal şəkildə tez keçməli, dənizdə və sahildə olan hədəfləri məhv etməlidirlər.
İkinci – “Xəzər kuboku”. Burada dörd ölkənin gəmilərinin heyəti çıxış edəcək. Onlar qoyulan marşrut üzrə dairə vuracaq, kiçik ölçülü dəniz və hava hədəflərini, üzən minaları vurmaq üzrə hərbi tapşırıqlar yerinə yetirəcəklər. Bundan sonra onlar gəmini lövbər dayanacağına gətirəcəklər, lövbər salacaqlar, bayraqların yardımı ilə siqnallarla təhvil-təslimi yerinə yetirəcəklər. Sonra iştirakçılara “qəzaya uğrayan” gəminin koordinatları veriləcək. Gəmi heyətindən hadisə yerinə getmək, xilasetmə işləri aparmaq və sərnişinləri gəminin göyərtəsinə qaldırmaq tələb olunacaq.
Üçüncü mərhələ – “İdman”dır. Bu mərhələ hərbçilərin fiziki hazırlığının müəyyənləşdirilməsinə istiqamətlənib. Dəniz piyadaları və gəmi heyəti 100 metr məsafəyə sərbəst şəkildə üzmə, çəki qaldırmaq, 5 km məsafəyə qaçış və kanat dartma üzrə normativlər yerinə yetirməlidir.
Hər üç mərhələdə yüksək nəticə göstərən heyətlər medallarla təltif ediləcəklər, komanda yarışlarında qalib gələnlər isə birinci yer üçün kuboka sahib olacaqlar.