Qorxmaz Hüseynov 2015-ci ildə görüləcək işlərdən danışıb…
Qorxmaz Hüseynov 2015-ci ildə görüləcək işlərdən danışıb.
2015-ci ildə Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının hazırlıq planına uyğun olaraq, Bakı şəhəri ilə yanaşı, Mingəçevir şəhərində də su təchizatı və kanalizasiya sistemlərinin tikintisi ilə bağlı mühüm işlər görülüb.
Oxu.Az xəbər verir ki, bu sözləri “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı bildirib.
Qorxmaz Hüseynov Avropa Oyunları ilə bağlı Mingəçevir şəhərində görülən işlərdən danışıb:
“Bu məqsədlə Mingəçevir şəhərində 41 kilometr yeni su xətti, 30 kilometr kanalizasiya xətti, 3 ədəd kanalizasiya nasos stansiyası tikilib, şəhərin əsas küçə və prospektlərində tikinti işləri qısa müddətdə yekunlaşıb”.
Qurumun rəhbəri çıxışı zamanı Mingəçevir şəhərində sutəmizləyici qurğusunun tikintisinin başa çatacağı vaxtı açıqlayıb:
“Eyni zamanda, şəhərdə müasir texnologiyalara əsaslanan və məhsuldarlığı sutkada 50 min kubmetr olan sutəmizləyici qurğunun tikintisinin birinci mərhələsi may ayına qədər başa çatdırılacaqdır. Növbəti illərdə Yevlax şəhərinin içməli su təminatı məqsədilə qurğunun ikinci mərhələsinin tikintisi davam etdiriləcəkdir”.
Qurum rəhbərinin sözlərinə görə, 2014-cü ildə daha bir beynəlxalq maliyyə qurumu – İslam İnkişaf Bankı ilə layihənin icrasına başlanılıb:
““Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya” layihəsi çərçivəsində Gədəbəy və Astara şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına start verilib.
2015-ci ildə bu layihə çərçivəsində Daşkəsən, Tərtər, Qazax və Samux, həmçinin Ağcabədi və Qobustan şəhərlərində infrastrukturun yenidən qurulmasına başlanılacaqdır” – deyə, Qorxmaz Hüseynov bildirdi.
Sonda Q.Hüseynov söz verib ki, ölkə əhalisinin, xüsusən regionlarda yaşayan insanların içməli su təminatının yaxşılaşdırılması və verilmiş tapşırıqların həlli üçün “Azərsu” kollektivi daha əzmlə çalışacaq.