“Lukoyl” ittihamları rədd edir…
“Lukoyl” ittihamları rədd edir.
“Lukoyl” şirkəti Ukrayna Təhlükəsizlik Şurasının şirkətin strukturlarına qarşı irəli sürdüyü terrorizmin maliyyələşdirilməsi ilə bağlı ittihamlarını rədd edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə RİA Novosti-yə şirkətin mətbuat xidmətinin rəhbəri Vitali Matuşkin deyib.
O əmin edib ki, “Lukoyl” şirkəti Ukraynada da qanunvericiliyə tam uyğun qaydada fəaliyyət göstərir.
17:04
Ukrayna təhlükəsizlik xidməti “Lukoyl” və “Vetek” şirkətlərinin törəmə kompaniyalarını çirkli pulun yuyulması və terrorçuların maliyyələşdirilməsində ittiham edərək, onlara qarşı cinayət işi açıb.
Oxu.Az bu barədə Ukrayna KİV-nə istinadən xəbər verir.
İttihama görə, “Lukoyl”un vəzifəli şəxsi 2013-2014-cü illər ərzində Feodosi, Xersona, İsmayıl, Nikolayev və Odessa dəniz terminalları vasitəsilə, həmçinin Ukraynanın qərb sərhədindəki nəzarət-buraxılış məntəqələri vasitəsilə, eyni zamanda, Belarusla sərhəd vasitəsilə ümumi dəyəri təxminən 2 milyard ABŞ dolları olan 2 milyon tondan çox olan neft məhsulu qaçaqmalçılığı həyata keçirib.
Saxta müqavilələrlə qanunsuz alınmış gəlirlər müəssisələrin hesablarına köçürülüb. İddia edilir ki, əldə olunan gəlirlər Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası separatçılarının terror fəaliyyətinin maliyyələşdirilməsinə yönəldilib.
Cinayət Məcəlləsinin 209 (çirkli pulların yuyulması) və 258-5-ci (terrorizmin maliyyələşdirilməsi) maddəsi ilə cinayət işi açılıb.
Xatırladaq ki, “Lukoyl” Rusiyanın nəhəng özəl şirkətidir. Onun əsas aksionerləri Vahid Ələkbərov və Leonid Fedundur.