“Gözlənilən idi”…
“Gözlənilən idi”.
Maaşlarının artması 2015-ci il üçün dövlət büdcəsinin təsdiqi zamanı da büdcə zərfində yer alırdı, amma konkret bunun hansı sektorun nümayəndələri ola biləcəyi bilinmirdi. Belə ki, bunlar həkimlər, müəllimlər və dövlət qulluqçuları ola bilərdi. Yəni bu, gözlənilən idi.
Bu sözləri Oxu.Az-a iqtisadçı-ekspert Oqtay Haqverdiyev Azərbaycan Prezidenti İlham Əliyevin cümə günü müəllimlərin maaşını artırılması ilə bağlı imzaladığı sərəncamı şərh edərkən bildirdi.
Ekspert neftin qiymətinin düşməsi fonunda Prezidentin bu sərəncəmanı müsbət addım adlandırdı.
“Biz indiki zamanda bir çox ölkələrə baxdıqda görürük ki, onlarda vəziyyət çox ağırdır, hətta maaşları, pensiyaları azaldırlar. Bizdə isə əksinə. Düzdür müəllimlərin maaşı çox aşağı idi. Bu qədər artırılıbsa, bu çox yaxşı haldır. Özü də neftin qiymətinin aşağı düşməsi fonunda birdən birə müəllimlərin maaşını artırmaq yaxşı tendensiyadır”, deyə Oqtay Haqverdiyev bildirib.
Bu sərəncamın istehlak bazarında qiymətlərə təsirindən danışan ekspert vurğuladı ki, “əlbəttə ki, bazarın reaksiyası olacaq, qiymətlər ola bilər ki 10-15 % artsın”.
“Maaşlar iki dəfə artırılıb. Bu, böyük bir rəqəmdir”, o deyib.
Oqtay Haqverdiyev əlavə edib ki, “çox güman ki, növbəti mərhələdə biz, həkimlərin maaşının artmasını da müşahidə edəcəyik”, – deyə o, vurğuladı.