Qurban Məsimov: Milləti məhv etmək üçün onun mədəniyyətini məhv etmək lazımdır – MÜSAHİBƏ

“Kommersiya böyük mədəniyyəti batırır…”…

“Kommersiya böyük mədəniyyəti batırır…”.

Oxu.Az Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru Qurban Məsimovilə müsahibəni təqdim edir:

– Sizi təqdim etməyə ehtiyac yoxdu, amma yenə də yaradıcılıq yolunuzun başlanğıcı barədə eşitmək istərdik.

– Hər şey ailədən başladı. Uşaq olarkən qohumlarım üçün kiçik səhnələr qurmağı və tamaşalar göstərməyi sevirdim. Maraqlı əhvalatlar danışmağı sevirdim, xüsusilə də qorxulu olanları – məsələn: cinlərdən (gülür).  

 

Təəccübləndirməyi, möcüzədən danışmağı çox sevirdim. Möcüzədən elə danışırdım ki, ona inansınlar, bu, məndə uşaqlıqdan var idi. Bir müddət sonra, məktəbdə ŞHK-da, yumoristik və bədii gecələrdə fəal iştirak edirdim. Mənim ailəmdə hamı incəsənətlə maraqlanıb – atam tarda ifa edirdi, əmimin yaxşı səsi var, anam tərəfdən də hamı musiqiçidir. Amma ailəmizdə peşəkar aktyor və rejissorlar olmayıb, peşəkar, dramatik rejissura ilə ilk məşğul olan mənəm.  

– Seçiminizə görə heç peşman olmusunuzmu?

– Uşaqlıqda müstəntiq, rəssam, aktyor da olmaq istəmişəm, amma seçimim rejissorluq oldu. Başa düşürsüz, əslən olduğum Şəkidə aktyorlara ciddi yanaşmırlar, çünki bu, kişi sənəti hesab edilmir. Ona görə də rejissor oldum, amma aktyor kimi də çəkilməyə başladım, amma mənə artıq heç kim heç nə demirdi (gülür).

 

Sonradan pantomima teatrında işləməyə, teletamaşalarda, bədii filmlərdə, reklam çarxlarında, seriallarda çəkilməyə başladım. Tamaşaların bədii tərtibatını etməyə başladım. Hətta Bakı Musiqi Akademiyasının Vokal şöbəsini də bitirməyi çatdırdım. Robert Sturuanın tələbəsi olmuşam. İndi isə bildiyiniz kimi Kukla Teatrının baş rejissoruyam.

– Burada növbəti sual meydana çıxır. Sirr deyil ki, teatr sənəti Azərbaycanda yaxşı dövrünü yaşamır – bir çox aktyorlar ölkəni tərk edirlər, daha gəlirli işlə məşğul olmağa başlayanlar da var. Bəs sizdə nə vaxtsa Azərbaycanı tərk etmək və özünüzü başqa bir yerdə sınamaq arzusu yaranıbmı?

– Unutmayın, başqa ölkələrin də öz aktyorları var. Hətta bizim Türkiyəyə gedən müğənnilərimiz orada əsasən kafe və restoranlarda çalışırlar, bu isə böyük incəsənət deyil, kiçik biznesdir. Aktyorlar haqqında nə demək olar? Bir dəfə aktyorlarımızdan birini Türkiyəyə göndərə bildim, bir il müddətində orada serialın çəkilişlərində iştirak etdi. Amma bu, çox nadir təcrübədir, bu isə əsasən reytinq üçün istifadə edilən bir fənddir, çünki azərbaycanlı aktyor Azərbaycandan olan auditoriyanı cəlb edir. Ona görə də düşünürəm ki, bizim aktyorlara xaricdən çox burada – öz ölkəmizdə tələbat var.

– İndi isə bir qədər kədərli olanlar barədə. Mən gənc tamaşaçılar üçün teatr repertuarına dair xoşagəlməyən sözlər eşitmişəm. Hətta uşaqlarını ümumiyyətlə, yerli teatr tamaşalarına aparmayan valideynlər var. Bu barədə nə deyə bilərsiniz?

 

– Hər kəsin şəxsi fikir haqqı var, həm də hər bir ailə öz mədəniyyət səviyyəsinə malikdir. Əgər valideynlər yetərincə məlumatlıdırlarsa, deməli müvafiq olaraq onların tələbləri də yüksək olacaq.

– Demək istəyirsiniz ki, yerli tamaşalar yüksək tələblərə cavab vermir?

– Xeyr, demək istəyirəm ki, hər ailənin bu məsələyə öz baxışı var. Məsələn, elə ailələr var ki, onların 2-3 həftədən bir Brodvey və ya Moskva, ya da Parisdə teatrlara getmək imkanı mövcuddur. Təbii ki, onların yerli tamaşalara olan tələbləri də yüksək olacaq, onlar burada da hər şeyin eyni səviyyədə olmasını istəyirlər. Amma burada da eyni səviyyəni yaratmaq üçün onların teatr dünyasında nə baş verdiyinə nəzər salmaq lazımdır, orada isə bu sahəyə böyük məbləğdə pul yatıran kommersiya təşkilatları fəaliyyət göstərir.   

Amma bizim teatrda belə problemlər yaranmayıb. Hansısa kukla lazımdır? Taparıq, edərik.  

 

Yerli seriallarla da problem yaranır – onlar sadəcə xərcini ödəmir.

– Bu, qənaətbəxş olmayan məzmun üçün baş verir?

– Bəli. Və büdcə çox azdır, çünki onları çox zaman qeyri-peşəkar rejissorlar çəkir, onlar isə növbələrində çox zaman qeyri-peşəkar aktyorları, hətta küçədən keçəni belə cəlb edirlər.

Əlbəttə, yaradıcılardan da çox şey asılıdır. Hər kəs öz qüvvəsi müqabilində çalışır, yəni əgər tamaşa qənaətbəxş olmayıbsa, deməli qüvvə ancaq buna yetib. Həm də hər tamaşa şedevr ola bilməz.

– Yəni siz faktiki olaraq rejissorlarımızın layiqli quruluş verməyə gücü çatmadığını etiraf edirsiniz?

– Burada iş yalnız rejissor işində deyil. O, yaxşı təlim keçmiş orduya ehtiyacı olan generaldır. Məsələn, mənim gücüm yetir. Öyrənmək istəyəni də öyrədirəm. Bizim teatrda izləyici problemi yoxdur. Burada Yeni il ərəfəsində nə baş verdiyini görsəydiniz, – az qala qapını yerindən çıxarırdılar!

 

Bura gələn kimi mənə 10-15 gün ərzində tamaşa qoymağımı tapşırdılar, belə ki, biz 12-ci beynəlxalq festivalda iştirak etmək üçün Hindistana dəvət almışdıq, mən sözsüz tamaşa hazırladım, orada çox gözəl qəbul edildi, baxmayaraq ki, tamaşanın premyerası Bakıda olmamışdı. Aktyorlara ƏHSƏN!

Bizim hər zaman zalımız dolu olur, mövsümdən asılı olmayaraq. Mən elə tamaşalar qoymağa çalışıram ki, həm uşaq, həm də böyüklərin auditoriyasına maraqlı olsun. Bu konsepsiyanı teatrın rəhbərliyi də dəstəkləyir. Çünki əgər tamaşalar böyüklər üçün maraq kəsb etməsə, onlar uşaqlarını bura gətirməyəcəklər.

Məsələn, bizim Abdulla Şaiqin “Tıq-Tıq xanım” nağılının motivi əsasında yeni tamaşamız var. Nağıl özlüyündə faciəvidir, kədərli sonluqlu, belə balaca qorxulu bir nağıl. Mən nağıla nə isə pozitivlik əlavə etmək istədim və yeni bir personaj – “Taq-Taq”ı əlavə etdim. O, öz dostluğunun yardımı ilə baş qəhrəmanı xilas edir.  

Uşaqlar çox həssasdırlar və onlara maksimum diqqətli yanaşmaq lazımdır. Axı ilk teatral tərbiyəni uşaq bizdən alır, onun gələcəkdə teatra bəsləyəcəyi münasibətin aqibəti bu ilkin təəssüratdan asılıdır. Uşağı tam qaranlıqla və ya həddən artıq qrimlə qorxutmaq olmaz.

– Sizin teatr hal-hazırda tamaşaçıya nə təklif edə bilər və hansı dildə?

– Cümə, şənbə və bazar günləri saat 18.00-da bizdə rus dilində tamaşalar olur. 12.00, 14.00 və 16.00-da isə Azərbaycan dilində tamaşalarımız olur. Haqqında danışdığım yeni tamaşamız – “Tıq-Tıqın və Taq-Taqın nağılı” yanvarın 11-də başlayıb. Tamaşa Azərbaycan dilində gedir, pantomima təcrübəsinə malik olaraq, tamaşanın hamı üçün aydın olması üçün çalışıram, bu, dili yaxşı bilməyənlər üçündür.   

Bu günlərdə “Sehirli üzük” tamaşasının premyerası da olub. Anar Məmmədovun tamaşasıdır. Görək tamaşaçı onu necə qəbul edəcək. Ümid edirik ki, yaxşı olacaq.

Mən tamaşaçını, ona nə lazım olduğunu öyrənməyə çalışıram. Axı müasir uşaqlar 70-ci illərin uşaqlarından fərqlənir. Bu gün informasiya axını elə güclüdür ki… Bizim Yeni il tamaşamızda “Küpəgirən qarı” Facebook-da öz səhifəsinə baxırdı, “Tıq-Tıq” və “Taq-Taq” isə öz şəkillərini pişik ilə İnstagram-da yerləşdirirdilər, cinlər isə kompüter oyunları oynayırdılar (gülür). Amma bununla yanaşı, bu, nağıldır və onun məzmunu itməməlidir.

 

Belə yeniliklər digər teatrlarda da tətbiq edilir, axı heç kim tamaşaçını itirmək istəmir. Amma indi vəziyyət elədir ki, kommersiya böyük sənəti boğur. Əvvəllər insanlar “Cakonda”ya baxıb həzz alırdılar, indi isə kim isə bir zəncir qoyur, yanına əzik kağız, üzərinə də rəng tökür və adını da “Ruhumun metamarfozaları” qoyur və hamı bunu milyonların xərcləndiyi instalyasiya adlandırır…

– Bəli, təəssüflər ki, bu belədir. Mən bir dəfə Endi Uorhollun sərgisində oldum…

 – Bax deyin, o nə edir??? Məncə, bu, sadəcə uğursuz fotoşopdur! Yəqin ki, belə “incəsənətin” sərfəli olduğu hansısa qüvvələr var, amma mən şəxsən hesab edirəm ki, xalqın öz folkloru olmalıdır, insanlar öz köklərini sevməlidirlər, çünki bu millət məhz bu köklərin üzərində dayanır. İndiki sənət isə bu qaydaların dağılması deməkdir, çünki xalqı məhv etmək istəyən kimsə ilk olaraq, folklordan başlayır.

Ona görə də yeni dəbli jurnalistlərin instalyasiyaları haqqında eşidəndə məndə – görəsən, o adi portret çəkə bilər? sualı yaranır. Başqa cür o necə rəssamdır axı?

– Bir çox aktyorlar, bəzənsə çox istedadlı aktyorlar başqa işlə məşğul olaraq pul qazanmalı olurlar, baxmayaraq ki, məşğul olduqları iş ürəklərincə deyil. Bu barədə nə düşünürsüz?

– Sizə birbaşa deyəcəm – deməli, bu aktyor yetərincə istedadlı deyil. Yaxşı aktyora həmişə ehtiyac var. “Köynəkdə doğulmaq” da əsasdır. Əgər aktyorun gözəl diksiyası varsa, o hər zaman səsləndirmədə, dublyajda və radioda tələb olunacaq. Sözün əsl mənasında istedadlı aktyorun maliyyə problemi olmayacaq. Ona görə də məşğul olduğun hər bir işə vicdanla yanaşmalısan.

 

Bizdə hələ müqayisə etsək şərtlər bir qədər yumşaqdır. Məsələn, bir çox digər ölkələrdə kastinqə gələn aktyor bir çox qabiliyyətlərə malik olmalıdır – oxumalı, rəqs etməli, at sürməli və üzməlidir. Bizim sənətə yeni qədəm qoymuş aktyorlarımız isə düşünürlər ki, öz üzərlərində işləməyə bilərlər. Bunu onların əvəzinə kim isə başqası edəcək. Aktyor daim öz xarici görünüşü, bədəni, diksiyası üzərində işləməlidir, çünki bu, onun işidir. İstedadlı, xarizmatik, əməksevər aktyor daima təkliflər alacaq. Əgər aktyor işsiz oturubsa, onu çəkilişlərə dəvət etmirlərsə 100% əminəm ki, günah onun özündədir.

 – Sizcə yerli aktyorların başlıca problemi nədir?

– Onların öz meneceri yoxdur. Bizdə bu, təəssüf ki, inkişaf etməyib. Məsələn, mən Türkiyədə reklamda çəkiləndə mənim əvəzimə hər şeyi agent həll edirdi, əgər o olmasaydı nə edəcəyimi təsəvvür etmirəm. Bizdə isə aktyorlar çəkilişlərə də, danışıqlara da özləri gedir. İşlərin belə gedişatı zamanı təbii ki, qarışıqlıqsız ötüşmür, çünki çoxları maliyyə işlərindən anlamır. Digər ölkələrdə bütün bunlar çoxdan yoluna qoyulub, bizdə isə hələ də uzaq sovet dövrünün əks sədası eşidilir, o zamanlar hər şey daha sadə idi, aktyor teatrda çalışır, maaşını alır və başqa heç nə üçün narahat olmurdu. İndi isə aktyor hər şeyi özü etməlidir. Və əgər üzərində çalışırsa daha çox şeyə nail olur. Cəngəlliklərdə güclülüər sağ qalır.  

– Bəs əlaqələr? Axı bu, yalnız bizim ölkədə deyil, hətta Hollivudda belə bu və ya digər ulduzun qohumları rol alır. Axı heç də hər zaman zirvədə əsl istedadlar olmur.

– Maraqlıdır, mən niyə heç bir zaman əlaqələrdən istifadə etməmişəm? (gülür). Mən hər şeyi öz arşınımla ölçürəm, belə hallara rast gəlməmişəm. Yaxşı, kim isə tanışlıqla rol aldı – necə oyanayacaq?!

 

– Siz demək istəyirsiniz ki, bizim ölkədə aktyor istedadının və inadkar əməyinin sayəsində irəli gedə bilər?

– Bizim hər bir aktyorumuz həm agent, həm də prodüserdir. Əgər aktyor və ya prodüser kimi səhv etsə uduzacaq. Öz prodüserinin rolunu oynamaqla, aktyor təbii ki, bütün imkanlara – tanışlara, əlaqələrə əl atır, bu, adi praktikadır. İnsan tanışlarının əli ilə rol ala bilər, amma onun istedadı, bacarığı və öz üzərində işləmək həvəsi yoxdursa, onun gələcəyi yoxdur deməkdir. Heç bir rejissor tamaşasının puç olmasını istəməz, ona görə də tanışlığa görə heç kim pis aktyoru dəvət etməyəcək.

 Bəs bizim tamaşaçıları necə qiymətləndirirsiz? Bizim publika tələbkardır, yoxsa ona göstərilənə qane olandır?

– Bilirsiz, müxtəlif ölkələrin tamaşaçıları bir-birindən çox fərqlənirlər. Bir yerdə populyarlıq qazanmayan tamaşa, başqa bir yerdə çox böyük həvəslə qəbul edilir və ya əksinə. Bu, çox güman ki, temperamentdən asılı olan bir şeydir.

Məsələn, əgər İngiltərədə tamaşa zamanı səhnəyə kibrit qutusu atılsa tamaşaçılar bir neçə saat gərgin şəkildə bu qutunun aqibətinin necə olacağını gözləyəcəklər. Bizdə isə bu hərəkətdən 10 saniyə sonra səhnədə dinamik bir şey baş verməsə tamaşaçı darıxmağa başlayacaq. Bizim tamaşaçı səbirsizdir, onlar hadisələrin sürətli inkişafını sevir, qəhrəmanlarının halına yanmağı xoşlayır.

 

Ümumilikdə isə tamaşaçını həm də tərbiyə etmək lazımdır. Rejissor tamaşaçıya yalnız istədiyini deyil, həm də ona faydalı olanı verməlidir. Bu, sanki həkimin yazdığı reseptə bənzəyir: dadlı deyil, amma faydalıdır (gülür).

– Siz uşaqlar üçün hazırlanan tamaşalarda da bu prinsipi rəhbər tutursunuz?

– Bəli, amma inanın ki, bu çox, həm də çox çətindir. Hesab edirəm ki, uşaqlara müasir cizgi filmləri vasitəsi ilə aqressiya aşılayırlar. Ona görə də çalışıram ki, daha çox xeyirxah, müsbət xarakterli personajları irəli sürüm, həm də öz Azərbaycan personajlarını. Məsələn, tamaşada mənə “Şrek” lazım deyil! Düşünürəm ki, daha çox öz obrazlarımızı yaratmaq lazımdır ki, uşaqlar onları yadda saxlasınlar. Burada uşaq psixologiyasını bilmək laızmdır, və mən ümid edirəm ki, buna nail olacağıq.

– Bəs digər teatrlarda vəziyyəti necə qiymətləndirirsiz?

– Qısa deyəcəm, yaxşı tamaşaya hər zaman izləyici gəlir. Əgər tamaşaçı azdırsa, rejissor səbəbi özündə axtarmalıdır. Əlbəttə, elə tamaşalar kateqoriyası var ki, onlar xüsusi intellektual auditoriyaya ünvanlanıb. Təbii ki, belə tamaşalarda adam az olur, amma bura aristokratik, elit publika, teatr biliciləri gəlir.

– Yəni demək istəyirsiz ki, aşağı səviyyəli tamaşalar daha populyardır?

– Tamaşaçı nə göstərilirsə ona baxır. Ona görə də hesab edirəm ki, miqyaslı və keyfiyyətli tamaşalar qoymaq lazımdır. Təəssüf ki, hamı yaxşı təhsilli və elita deyil. Hər bir tamaşaçının öz tamaşası var. Bu restoran kimidir – eyni yerdə kim isə alma ilə bişmiş ördək, kim isə fri kartof sifariş verəcək. Əsas odur ki, bu restoranın menyusu bütün müştərilərin tələblərini ödəyə bilsin. Elə teatrla da belədir – tamaşaçıların razı qalmaları əsasdır, ona görə də hamını razı salmağa, gözlədiyini verməyə çalışaraq bir tamaşada müxtəlif elementləri təqdim edirik.  

 

– Azərbaycanın teatr sənətinin gələcəyi sizcə necədir?

– Gələcək hər zaman mövcuddur, o, sənət üçün atəşdə yanmağa hazır olanlardan asılıdır. Bizdə isə belə insanlar həmişə olub və olacaq.

Mədəniyyət və Turizm Nazirliyi teatr sənətinin inkişafı üçün eksperimentlərə geniş əlverişli şərait yaradıb. Beynəlxalq teatr konfransları, festivalları, master-klasslar keçirilir. Rejissorlar, teatr rəssamları dəvət edilir. Hər şey hərəkətə gəlib.

– Amma vəziyyət elədir ki, bizdə soyunan müğənni və ya model, ciddi, dramatik aktyordan daha çox diqqət cəlb edir.

 – Prodüserlərin bir çoxunun məqsədi yalnız gəlir əldə etməkdir. Bu yalnız bizim ölkənin problemi deyil, bu hər yerdə belədir. Konçalovski Hollivud haqqında, orda hər şeyi pulun hərəkətə gətirdiyini deyib, və bu onun üçün böyük sınaq oldu. Bəzi, məsələn, Spilberq kimi rejissorlar intellektual və kommersiya rejissorluğunu uzlaşdırmağa nail olurlar. Bu, bizim dövrün reallığıdır.

Amma bizim kinematoqrafiyanın və teatrın sözsüz ki, gələcəyi var. Məni məsələn, son işlərdən “Nabat” filmi çox sevindirir. Çoxsaylı istedadlı rejissor və aktyorlar var. Gənclərin arasında canavar kimi tutduğunu buraxmayanlar var, bir neçə dil bilir və öz üzərində inadla işləyirlər. Həyat hərəkətdədir, daimi hərəkətdə.

Bir də sənəti başqa bir qüvvə daha da hərəkətə gətirir, bu, məhəbbətdir.

– Maraqlı söhbət üçün təşəkkür edirəm.

 

www.oxu.az