“Bu təhlükəsizlik təminatının açıq şəkildə pozulması deməkdir”…
“Bu təhlükəsizlik təminatının açıq şəkildə pozulması deməkdir”.
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ATƏT-in Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinqi zamanı atəşkəsin pozulmasına münasibət bildirib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, C. Uorlik “Twitter” hesabında yazıb ki, Dağlıq Qarabağda ATƏT-in monitorinqi yaxınlığında atəş açılması tərəflərin təhlükəsizlik təminatının açıq şəkildə pozulması deməkdir.
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 14-də Füzuli rayonunun Horadiz kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq zamanı erməni silahlı bölmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri istiqamətində atəş açılıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Azərbaycan tərəfdən monitorinqdə iştirak edən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Yevgeni Şarov bildirib ki, əvvəlcədən müəyyən edilmiş monitorinqin keçirilməsi qaydalarına uyğun olaraq Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənə cavab atəşi açmayıb və monitorinqin başa çatmasına müvafiq şərait yaradılıb.