Den Berton: Amerikanın Azərbaycan kimi dosta çox ehtiyacı var

“Azərbaycan və Birləşmiş Ştatlar ortaq dəyərlərə söykənən güclü tərəfdaşlıq qurub”…

“Azərbaycan və Birləşmiş Ştatlar ortaq dəyərlərə söykənən güclü tərəfdaşlıq qurub”.

23 illik qısa müstəqillik dövrü ərzində Azərbaycan Amerika Birləşmiş Ştatlarının yaxın dostu və regionda stabilləşdirici güc qismində çıxış edib.

Oxu.Az xəbər verir ki, bu sözləri ABŞ Nümayəndələr Palatasının keçmiş üzvü, ABŞ-da fəaliyyət göstərən Azərbaycan Amerika Alyansı İdarə Heyətinin sədri, respublikaçı Den Barton (Dan Burton) “The Washington Times” qəzetində dərc olunan yazısında bildirib.

Məqalədə qeyd olunur ki, Rusiya və İranla sərhəddə yerləşməsi və bu dövlətlərin siyasəti Azərbaycanı daha vacib edir:

“Bizim Azərbaycanla münasibətlərə dəyər verməyimiz üçün bir çox digər səbəblər də var. Azərbaycan tolerantlıq və anlayış nümayiş etdirən və əhalisinin 96 faizi müsəlman olan bir ölkədir. İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz ABŞ-a səfəri zamanı bildirib ki, Azərbaycandakı tolerantlıq dünya üçün bir nümunədir. Tolerantlıq bütün millətlər üçün davam etməkdə olan öyrənmə prosesidir, lakin 23 illik müstəqilliyi ərzində Azərbaycan bu sahədə çox güclü addımlar atıb”.

Yazıda bildirilir ki, Azərbaycanın iqtisadiyyatı güclüdür və aparılan iqtisadi siyasətin əsas məqsədi əhalinin yaşayış səviyyəsini yüksəltmək və gələcək nəsil üçün daha yaxşı həyat təmin etməyə yönəlib:

“Azərbaycan həmçinin NATO-nun tərəfdaşı, İsrailin güclü hərbi və iqtisadi tərəfdaşı, Avropa Şurasının üzvü, 2011-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi beynəlxalq ictimaiyyətə inteqrasiya olunub. Azərbaycan və Birləşmiş Ştatlar ortaq dəyərlərə söykənən güclü tərəfdaşlıq qurub və bu, Azərbaycanın Cənubi Qafqaz regionunda tərəfdaş və lider ölkə olması kimi qiymətləndirilməlidir.

Azərbaycan və ABŞ ümumi dəyərləri və məqsədləri çərçivəsində eyni problemlərlə üzləşirlər, bu səbəbdən də ABŞ rəsmiləri bu ölkəni dini tolerantlıq, azadlıq və demokratiya kimi öhdəliklərinə görə təbrik etməlidir. Amerika və azad dünyanın digər ölkələrinin Azərbaycan kimi dosta çox ehtiyacları var”.

Qeyd edək ki, Azərbaycan-Amerika Alyansı Anar Məmmədov tərəfindən təsis edilmiş qeyri-kommersiya təşkilatı olub ABŞ-da fəaliyyət göstərir və bu ölkədə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, təhsili, idmanı, iqtisadiyyatını təbliğ edir.

Alyans akademik müzakirələr, mədəni proqramlar və siyasi söhbətlər vasitəsilə Azərbaycanla Amerika arasında davamlı tərəfdaşlığın təşviqi ilə məşğul olan əsas təşkilata çevrilmək niyyətindədir. (APA)

www.oxu.az