Azərbaycan-Türkiyə-Türkmənistan görüşü baş tutdu – YENİLƏNİB

Birgə bəyanat imzalandı…

Birgə bəyanat imzalandı.

Bu gün Aşqabadda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkmənistanın xarici işlər naziri Raşid Meredov və Türkiyə xarici işlər naziriMevlüt Çavuşoğlunun sayca ikinci üçtərəfli görüşü keçirilib.

Xarici İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, görüş zamanı tərəflər hər üç ölkə arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndirdilər. Eyni zamanda, Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin iştirakı ilə üçtərəfli görüşün təşkil edilməsi ilə bağlı razılıq əldə olundu.

Görüşdə tərəflər iqtisadiyyat, enerji, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi apardılar. Bu sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə tərəflər işçi görüşlər səviyyəsində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini qeyd etdilər. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı əlaqələndirmə məsələləri ətrafında müzakirələr aparıldı.

Görüş zamanı çıxış edən Elmar Məmmədyarov Bakı-Tbilisi-Qars dəmir yol layihəsinin regionda nəqliyyat infrastrukturunun daha da inkişafı baxımından əhəmiyyətini vurğuladı.

Görüşün sonunda Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan xarici işlər nazirlərinin ikinci üçtərəfli görüşünün nəticələrinə dair Birgə Bəyanat imzalandı.

12:50

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin 29 yanvar 2015-ci il tarixində Aşqabadda keçirilən üçtərəfli görüşü çərçivəsində Türkmənistan Prezidenti Qurbanqulı Berdımuxamedov ilə görüşdü.

Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Azərbaycan ilə Türkmənistan arasındakı münasibətlərin cari səviyyəsinin məmnunluq doğurduğunu deyən nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını Türkmənistanın dövlət başçısına çatdırdı.

Prezident Qurbanqulı Berdımuxamedov salamlarının və ən xoş arzularının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş etdi.

Görüş zamanı Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinin regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti vurğulandı.

Görüş zamanı iki ölkə  arasında iqtisadi, ticarət, elm, təhsil eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi.

Elmar Məmmədyarov həmçinin Türkiyənin xarici işlər naziri Mevlüt Cavuşoğlu ilə görüşdü.
Görüş zamanı iki ölkə arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndirən tərəflər Azərbaycan ilə Türkiyə arasındakı ikitərəfli əlaqələrin dostluq və qardaşlıq xarakteri daşıdığını xüsusi vurğuladılar. 

2015-ci ilin 14-15 yanvar tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkiyəyə səfəri zamanı müxtəlif səviyyələrdə keçirilmiş görüşləri ikitərəfli münasibətlərin daha da inkişafı baxımından yüksək qiymətləndirdilər.

Görüş zamanı tərəflər Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinin regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini vurğuladılar.

Görüş zamanı həmçinin regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

10:42

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin bu gün Aşqabadda keçiriləcək üçtərəfli görüşündə iştirak etmək üçün Türkmənistana yola düşüb.

Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Xatırladaq ki, üç ölkənin xarici işlər nazirləri arasında ilk üçtərəfli görüş keçən il mayın 26-da Bakıda keçirilib. 

www.oxu.az