Ermənistanın Milli Təhlükəsizlik Xidməti insanlara çox güclü təsir edir və istənilən ifadəni ala bilər….
Ermənistanın Milli Təhlükəsizlik Xidməti insanlara çox güclü təsir edir və istənilən ifadəni ala bilər. Trend-in məlumatına görə, bunu Ermənistanın “Milli Azadlıq Hərəkatı” ictimai-siyasi təşkilatının rəhbəri Vaan Martirosyan Bakıda keçirilən mətbuat konfransında deyib.
O, Azərbaycana gəlmiş erməni idmançılarının Ermənistana qayıtdıqdan sonra Azərbaycan barədə haqsız danışmalarını bununla izah edib: “Daha əvvəl Azərbaycana qaçmış, sonra isə Ermənistana geri dönmüş erməni ailəsi məhz bu səbəbdən Azərbaycan barədə pis şeylər danışır”.
V.Martirosyan qeyd edib ki, Sarkisyanın adamları ilə razılaşmaya getmədim və bu səbəbdən mənə qarşı bir neçə cinayət işi qaldırıldı.
Onun sözlərinə görə, Azərbaycan mətbuatından başqa heç kəs Sarkisyanın cinayətkar rejimi barədə daha dolğun həqiqətləri çatdıra bilməz: “Burada olmağımın səbəblərindən biri də budur. Burada gördüyüm səmimiliyin yüzdə bir hissəsini də gözləmirdim. Mənə qarşı münasibət çox yaxşı və yüksək səviyyədədir. Fikrimcə, sərhədlər açılsa, Ermənistandan xeyli sayda erməni Azərbaycana gələcək”.
/Trend/