Dağlıq Qarabağa göndərilərək hərbi fəaliyyətlərdə iştirak etmək üçün Ermənistanda Yaxın Şərqdən gələn qaçqınlardan ibarət qruplaşmalar yaradılır…
Dağlıq Qarabağa göndərilərək hərbi fəaliyyətlərdə iştirak etmək üçün Ermənistanda Yaxın Şərqdən gələn qaçqınlardan ibarət qruplaşmalar yaradılır. Trend-in məlumatına görə, bunu Ermənistanın “Milli Azadlıq Hərəkatı” ictimai-siyasi təşkilatının rəhbəri Vaan Martirosyan Bakıda mətbuat konfransında deyib.
Onun sözlərinə əsasən, Yaxın Şərqdə hərbi fəaliyyətlər dövründə Ermənistana təqribən 15-20 min qaçqın gəlib ki, onların çoxu erməni əsillidir: “Onların əksəriyyəti Ermənistanda baş verən bütün dəhşətləri görərək dərhal ölkəni tərk edib. Əsasən kriminal keçmişi olanlardan isə Dağlıq Qarabağa göndərilən qruplaşmalar yaradılır.
V.Martirosyan əlavə edib ki, Ermənistanda heç kəs müharibənin başlamasını istəmir: “Bu, xalqlarımızın ən böyük faciəsi olacaq. Müharibə ondan qazanc götürənlər üçün sərf edəcək. Ermənistan ordusu indiki vəziyyəti ilə təkcə Azərbaycan ordusuna deyil, hətta Afrikanın üçüncü ölkəsinin ordusuna belə müqavimət göstərə bilməz. Bizdə hamı orduda xidmətdən yayınır. Dinc şəraitdə itkilərimiz çoxdur. Müharibə başlasa, Ermənistan ordusu müvəffəqiyyətsizliyə məhkum olacaq”.
/Trend/