Politoloq: Amerikalı həmsədr Ceyms Uorlik Linkoln yoluna aparan yol xəritəsini hazırlasa dinc tənzimləməyə ciddi töhvə vermiş olar

Amerikalı həmsədr Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsi regionunda baş verənlərə yenidən münasibət bildirdi….

Amerikalı həmsədr Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsi regionunda baş verənlərə yenidən münasibət bildirdi. Onun indiki münasibəti ermənipərəstlikdən uzaqlaşmış diplomatın münasibətinə daha çox oxşayırdı.

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi “Qarabağ saatı “nda deyib.

Politoloq bildirib ki, C.Uorlik sanki DQ münaqişəsinin tənzimlənməsinin yekununu modelləşdirdi: Azərbaycanlılar və ermənilər yanaşı yaşamalıdırlar. O, ABŞ-ın 16-cı prezidenti A.Linkolnu nümunə göstərdi. A.Linkoln valideynlərinin məzarını ziyarətə getmiş iki azərbaycanlını girov saxlayan Ermənistan prezidenti S.Sərkisyan üçün nümunə ola bilər. S.Sərkisyan hətta Gürcüstan vətəndaşları olan azərbaycanlıları girov götürməyə başlayıb “.

M.Əhmədoğlu qeyd edib ki, A.Linkolnun uğurunun əsas səbəbi onda idi ki, o vaxt həmin münaqişə ilə ATƏT və ATƏT-in Minsk Qrupu məşğul deyildi: “Eləcə də, ATƏT MQ-də Uorlik adlı amerikalı həmsədr yox idi. İndi Dağlıq Qarabağ münaqişəsini tənzimlənməməsinin əsas səbəbi məhz ATƏT və onun belə həmsədrləridir. Amma C.Uorlikin timsalında həmsədrlərin arabir ışıqlı mesajları dinc tənzimləməyə ümid yaradır. ABŞ Dövlət Departamentinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi mövzusunda son aktivliyi bu ümidi artırır. Bu gün minaatanlardan, qumbaraatanlardan danışan Uorlik həmsədrliyə başlayanda üz-üzə dayanmış qoşunlar bir-birinə qarşı yalnız avtomatlardan və snayper tüfənglərindən istifadə edirdilər. Hətta C.Uorlik reaktiv artilleriya mərmisinin bir hissəsinin şəklini də yerləşdirib. Gec deyil. Müharibə hələ başlamayıb “.

Mərkəz rəhbəri sonra qeyd edib ki, C.Uorlik və digər həmsədrlər ciddi işləsələr, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsində dönüş yarada bilərlər: “Bunun üçün Uorlik obyektiv olmalıdır. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində obyektiv vasitəçi olmaq ermənipərəst olmaqdan qat-qat asandır. Uorlik elə son tvitindəki tezisindən-ermənilərin və azərbaycanlıların birgə yaşamasından başlasa, obyektivlik nümunəsi yarada bilər. Azərbaycan tərəfi Dağlıq Qarabağda ermənilərin və azərbaycanlıların birgə yaşayışından ötrü kifayət qədər ciddi səylər göstərir “.

Politoloq sonra vurğulayıb ki, ermənilər Dağlıq Qarabağdan azərbaycanlıları deportasiya ediblər: “İndi həmin azərbaycanlıların ora qayıtmasına imkan vermirlər. Ermənistan prezidenti Serj Sərkisyan nəinki Dağlıq Qarabağ ərazisində, dünyanın istənilən yerində Dağlıq Qarabağ ermənisi ilə Dağlıq Qarabağ azərbaycanlısının görüşünə qadağa qoyub. Uorlik bacarırsa, ABŞ-da, Gürcüstanda, Avropada, RF-də Dağlıq Qarabağ erməniləri ilə Dağlıq Qarabağ azərbaycanlılarının görüşünü, dialoqunu təşkil etsin. Dağlıq Qarabağ azərbaycanlılarından heç kim imtina etməyəcək. İki il ərzində Uorlik bir dəfə də olsun Dağlıq Qarabağ erməniləri ilə Dağlıq Qarabağ azərbaycanlılarının dialoqunun qurulmasına təşəbbüs göstərməyib “.

Mərkəz rəhbəri deyib ki, vaxtilə Ermənistan SSR-də çoxsaylı azərbaycanlı əhali yaşayırdı: “Onlar da münaqişənin ilk əvvəlində Ermənistandan deportasiya olundu. Azərbaycan SSR, xüsusilə paytaxt Bakının ərazisində də heç də az olmayan sayda ermənilər də yaşayırdı. Böyük əksəriyyəti evlərini və ya mülklərini satıb, Azərbaycanı tərk etdi. Azərbaycanı tərk edən ermənilər Ermənistanda təşkilatlanıblar. Məqsədləri Bakıya qayıtmaq arzusunu aktuallıqda saxlamaqdır. Amma rəsmi Yerevan onların bu fəaliyyətinə bir dəfə də olsun konstruktiv yanaşma nümayiş etdirməyib. Azərbaycanı tərk edən ermənilərin Azərbaycana, Ermənistandan qovulmuş azərbaycanlıların Ermənistana qayıtması çox mümkündür. Bunun üçün də Ermənistan rəhbərliyinin siyasi iradəsi lazımdır “.

Politoloq bildirib ki, ermənilər vaxtilə Bakıda yaşayarkən şəhərin kənarında məskunlaşmışdılar: “Sonradan onların məskunlaşdığı ərazi az qala Bakının mərkəzinə çevrildi. Erməniləri təxminən həmin parametrdə ayrıca qəsəbə salıb yerləşdirmək mümkündür. Bu heç bir diskriminasiya məqsədi üçün deyilmiş fikir deyil. Hətta diplomatik korpusun bəzi nümayəndələrinin orada yaşayışını təşkil etmək olar. Məqsəd postkonflikt dövründə tədrici adaptasiyaya şərait yaratmaqdır. Azərbaycanlıların və ermənilərin birgə yaşayışı yalnız Ermənistan rəhbərliyi tərəfindən qadağan edilib. Ermənistanın eks-prezidenti Robert Koçaryan ermənilərlə azərbaycanlıların uyuşmazlığı tezisini ortalığa qoydu. Onun varisi indiki prezident Serj Sərkisyan bu tezisi daha da inkişaf etdirdi. Ermənistanda ksenofobiya hədsiz güclüdür. Erməni millətçiliyi mağara səviyyəsindədir. Ən bariz misallardan biri yenicə Ədliyyə naziri təyin olunmuş Arpine Ovannisyanın tvitində yazdığıdır: “Türklər bioloji baxımından hələ insan deyillər”. AŞPA-da Ermənistanı uzun müddət təmsil etmiş indi Ədliyyə naziri işləyən gənc erməni qadını belə düşüncənin sahibidir. Azərbaycanda bir nəfər də olsun belə düşüncənin sahibi yoxdur. Hərbi ritorika və yaxud ermənilərin ünvanına səslənən fikirlər yalnız siyasi fikirlərdir və Azərbaycan torpaqlarının 25 ildən çox işğalda qalmasının yaratdığı nəticədir “.

M.Əhmədoğlu sonra qeyd edib ki, Uorlik Dağlıq Qarabağ erməniləri ilə Dağlıq Qarabağ azərbaycanlılarının dialoqunun qurulması barədə yol xəritəsi hazırlaya bilər: “Eləcə də Azərbaycanı tərk edən ermənilərin Azərbaycana, Ermənistandan qovulan azərbaycanlıların, Ermənistana qayıtması üçün də daha bir yol xəritəsi hazırlaya bilər. Bunları birləşdirib vahid bir yol xəritəsi də hazırlaya bilər. Bununla da Yenilənmiş Madrid Prinsiplərinin beşinci maddəsinə əməl etmiş olardı: Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından ayrı düşmüş erməni və azərbaycanlıların, məcburi köçkün və qaçqınların əvvəlki yaşayış məskənlərinə qayıtması üçün yol xəritəsi hazırlaya bilər. Öz təbirincə desək, bu yol xəritəsi Linkoln yoluna aparan yol xəritəsidir “.

 

/Trend/