Azərbaycan Prezidentinin İƏT-in zirvə görüşündəki çıxışı Türkiyə mediasında geniş işıqlandırılıb

Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə dekabrın 13-də Qüds məsələsinə dair keçirilmiş fövqəladə Zirvə toplantısında iştirakı Türkiyə KİV-lərinin diqqət mərkəzində olub.

Qardaş ölkə mediası Prezident İlham Əliyevin İstanbula birgünlük səfəri, yüksək qonaqpərvərliklə qarşılanması, İƏT-in zirvə görüşündəki dərin məzmunlu çıxışı barədə çeşidli məlumatlar yayıb. O cümlədən Türkiyənin aparıcı televiziya kanalları Azərbaycan dövlət başçısının səfəri, Qüds məsələsindəki ədalətli mövqeyi barədə tamaşaçıları məlumatlandırıb.

Anadolu agentliyi Prezident İlham Əliyevin çıxışının ayrı-ayrı məqamlarına toxunub. Agentlik Azərbaycanın hər zaman Fələstin xalqına dəstək göstərdiyini vurğulayan, sammit iştirakçılarını Ermənistanın riyakar xislətindən xəbərdar edən Prezident İlham Əliyevin çıxışından bu fikirləri diqqətə çatdırıb: “Ermənistan məscidlər və İslam abidələri daxil olmaqla, bütün mədəni abidələri məhv etmişdir. Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir. Bu, ən böyük riyakarlıqdır. Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz”.

TRT Haber kanalının rəsmi saytı “Azərbaycan Prezidenti Əliyev: ABŞ Qüds qərarını yenidən gözdən keçirməlidir” başlığı ilə yaydığı xəbərdə dövlətimizin başçısının çıxışından bir sıra sitatlar verib. Xəbərin “Hər zaman Fələstin xalqının yanındayıq” yarımbaşlıq hissəsindən sonra ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasının yaratdığı təhlükələr barədə Prezident İlham Əliyevin fikirləri təqdim olunub.

Ümumiyyətlə, Azərbaycan Prezidentinin zirvə görüşündəki çıxışı ilə bağlı Anadolu agentliyinin xəbərləri bir çox KİV-lərdə yer alıb. “Hürriyyət”, “Milliyyət”, “Yeni Şəfəq”, “Yeni Akit” və digər çoxtirajlı qəzetlər Prezident İlham Əliyevin İƏT sammitində iştirakı ilə bağlı ilk xəbər yayan və səfərin əhəmiyyətinə diqqət çəkən KİV-lər sırasındadır. Türkiyə mediasında yayılan bu xəbərlər fotolarla müşayiət olunur.

AZƏRTAC