Bakıda İnsan Hüquqlarına dair Universal Bəyannamənin 70 illiyi ilə əlaqədar konfrans keçirilir

Dekabrın 14-də Birləşmiş Millətlər Təşkilatının (BMT) ölkəmizdəki nümayəndəliyi və Azərbaycan Respublikası Milli Elmlər Akademiyası (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə İnsan Hüquqlarına dair Universal Bəyannamənin (İHUB) 70 illiyi ilə əlaqədar keçirilən konfrans işə başlayıb.

Tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti institutlarının, elmi dairələrin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər.

Tədbirdə AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Aytən Mustafazadə Azərbaycanda insan hüquqlarının qorunması tarixindən və inkişaf yolundan danışıb. O, həmçinin insan hüquqlarına, müasir dünyada sülhə, əmin-amanlığa olan təhdidlərdən, terror, separatizm, ekstremizm və ekoloji fəlakətlər kimi risklərdən qorunma problemlərindən, beynəlxalq təşkilatların, xüsusən də BMT-nin bu işlərdə vacib rolundan bəhs edib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib: “Dünyada 500-dən artıq tərcümə olunan Universal Bəyannamə elan edildiyi gün olduğu kimi, bu gün də eyni aktuallığa malikdir. Dünyanın müxtəlif bölgələrindən olan hüquq və mədəni sahələrin təmsilçiləri tərəfindən işlənib hazırlanmış İHUB bütün xalqların və bütün millətlərin ümumbəşəri dəyərlərini və ümumi nailiyyət standartlarını müəyyənləşdirir.”

Konfrans məruzələrlə davam etdirilib.

AZƏRTAC