Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələr arasında səmərəli münasibətlərə xələl yetirir. Ermənistanın işğalçılıq siyasəti təşkilat çərçivəsində regional layihələrin birgə reallaşmasına maneə törədir.
Bu fikirləri Ukraynanın paytaxtı Kiyevdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 37-ci sessiyasında çıxışı zamanı Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.
“Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni ticari fəaliyyət davam etdirilir. Bu, yolverilməzdir. Ermənistan beynəlxalq hüququn prinsiplərinə əməl etməlidir. Rəsmi Yerevan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə öz şəxsi maraqlarından yox, beynəlxalq qanunlara istinad edərək çıxış etməlidir, işğalçılıq siyasətindən əl çəkməlidir”, – deyə nazir müavini əlavə edib.
Qeyd edək ki, təşkilatda sədrlik Ukraynadan Ermənistana keçib.
Sessiyanın sonunda Birgə Bəyannamənin qəbulu gözlənilir.
AZƏRTAC