Bakıda “British Council” təşkilatının, “Bakcell” şirkətinin və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Əlilliyi olan şəxslər iş dünyasında” mövzusunda konfrans keçirilir.
Tədbirdə bu sahə üzrə fəaliyyət göstərən qərarverici şəxslər, işəgötürənlər, biznes şirkətləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq mərkəzlərinin nümayəndələri iştirak edirlər.
Konfransın əsas məqsədi biznes müəssisələrini və işəgötürənləri bir araya gətirərək iş dünyasında əlilliyi olan şəxslərin işə götürülməsi ilə bağlı yerli və beynəlxalq təcrübə barədə məlumatı bölüşməkdir.
Tədbirdə Birləşmiş Krallıqdan dəvət olunmuş ekspert mövzu üzrə beynəlxalq təcrübəyə dair məlumat verib.
“British Council” bütün dünyada bərabərliyi, müxtəlifliyi və inklüzivliyi təbliğ edən bir təşkilatdır və fəaliyyəti müxtəlif mədəniyyətlər arasında qarşılıqlı anlaşılan və hörmətli münasibətlərin yaradılmasına yönlənmişdir. Təşkilatın məqsədi hər bir fəaliyyətində müxtəlifliyə dəyər verərək, bərabərliyi və inklüzivliyi təbliğ etməkdir. “British Council” Azərbaycanda inklüzivliyi təbliğ edən bir neçə layihə həyata keçirib.
“British Council” tərəfindən əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılmasına dair yeni proqrama start verilib. Proqram “BP-Azerbaijan” şirkəti tərəfindən dəstəklənir. Proqram çərçivəsində əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması məqsədilə müxtəlifyönümlü fəaliyyətlər həyata keçiriləcək. Proqramda iştirak edən gənclər bir neçə istiqamətlər üzrə bilik və bacarıqlarını artıracaq, bu isə öz növbəsində onların işədüzəlmə imkanlarına müsbət təsir göstərəcək. Ümumilikdə proqramdan faydalanmaq üçün 100 nəfər əlilliyi olan gəncin işlənib hazırlanmış meyarlar əsasında seçilərək proqramda iştirakı nəzərdə tutulub. Proqram çərçivəsində gənclər ingilis dili, kompüter və sosial bacarıqlar ilə bağlı təşkil olunan təlim sessiyalarında iştirak edəcək.
AZƏRTAC