Baş nazirin müavini: “265 min qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb”

“İndiyə qədər qaçqın və məcburi köçkünlər üçün salınmış qəsəbə və yaşayış komplekslərinin mənzil fondu Mingəçevir şəhərinin mənzil fondundan iki dəfə çoxdur”.

Bunu baş nazirin müavini, Qaçqınların və Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov “Respublika” qəzetində dərc olunan “Qaçqın və məcburi köçkünlərin dövlət siyasətinin prioritet sosial problemlərinin həlli istiqamətlərindədir” başlıqlı məqaləsində yazıb.

Ə. Həsənov qeyd edib ki, qaçqın və məcburi köçkünlər üçün indiyədək ümumilikdə 3,3 milyon kvadratmetr yaşayış sahəsi olan 97 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb: “Yeni qəsəbələrdə insanların rahat yaşaması, uşaqların təhsil alması, sağlamlıqlarının qorunması məqsədilə bütün zəruri sosial obyektlərlə yanaşı, texniki infrastruktur da yaradılıb. Başqa sözlə, 153 məktəb, 59 mədəniyyət, 60 səhiyyə müəssisəsi, 61 uşaq bağçası, 2 Olimpiya İdman Kompleksi tikilib, 745 kilometr yol, 985 kilometr su, 1720 kilometr elektrik, 487 kilometr qaz xətti çəkilib.  Məcburi köçkünlər üçün ən böyük təhsil ocağı – 1300 şagird yerlik məktəb 2012-ci ildə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində, gücünə görə (280 meqavat) ən böyük elektrik yarımstansiyası 2007-ci ildə Ağcabədi rayonunda istifadəyə verilib. İndiyədək 52 min 300 ailə və ya 265 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb ki, bundan 48 min 300 ailə, yaxud 245 min nəfər son 14 ilin payına düşür. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün son 24 ildə 6,6 milyard manat vəsait sərf olunub. Ondan 3,1 milyard manat dövlət büdcəsinin, 2,1 milyard manat Dövlət Neft Fondunun, 1,4 milyard manat isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir. Son 14 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə artırılıb”.

APA