Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər payız səpinini davam etdirirlər.
Laçın Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu günədək Taxtakörpü ərazisində 881,4 hektarda payız şumu qaldırılıb. 550,5 hektar sahədə payızlıq səpin həyata keçirilib ki, onun da 330 hektarı xəsil üçün arpa, 162,5 hektarı dən üçün arpa, 58 hektarı təzə yoncadır. Taxtakörpü ərazisində payızlıq taxıl üçün 1250 hektar sahədə səpin aparılacağı gözlənilir. Məcburi köçkünlər taxıl səpinini optimal müddətdə başa çatdırmaq üçün səylə çalışırlar.
Qeyd edək ki, Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər əsasən heyvandarlıq və taxılçılıqla məşğul olurlar. Məcburi köçkünlər ötən ilin payızında 2981,8 hektar sahədə müxtəlif kənd təsərrüfatı bitkiləri, o cümlədən 1122,5 hektarda dənli bitkilər, 1837 hektarda yonca əkib, taxıl sahələrindən 2440 ton məhsul götürüblər.